İndoneziya səfirinin Mingəçevirə gəlişi: iqtisadi və mədəni sahələrdə əməkdaşlıq imkanı yarana bilər

: Mingəçevir İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov İndoneziyanın Azərbaycandakı səlahiyyətli səfiri  Hüsnan bəy Fananieni qəbul edib
Mingəçevir İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov İndoneziyanın Azərbaycandakı səlahiyyətli səfiri Hüsnan bəy Fananieni qəbul edib

Avqustun 8-də Mingəçevir İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov İndoneziyanın Azərbaycandakı səlahiyyətli səfiri  Hüsnan bəy Fananieni qəbul edib. Başçı şəhərin tarixi, infrastrukturu, Qafqazda ən böyük olacaq sənaye parkının burda salınması, bərpa olunacaq müəssisələr, fəaliyyət göstərən təhsil ocaqları haqda qonağa ətraflı məlumat verib və əlavə edib ki, Mingəçevir Azərbaycanın sərf etdiyi enerjinin 55 faizini istehsal edir. 

İsti münasibət və qəbula görə təşəkkür edən səfir Mingəçevirin  gözəlliyinə, insanlarının mehribanlığına valeh  olduğunu deyib, gəlişinin məqsədini açıqlayıb: “Azərbaycanın regionlarını gəzmək və eləcə də Mingəçeviri yaxından tanımaq, fəaliyyət göstərən müəssisə və təhsil ocaqları ilə əməkdaşlığa, İndoneziya və Azərbaycan dövlətlərinin iqtisadi və ticarət sferasında iş birliyinin yüksəlməsinə nail olmaq”.

Səfir əhali sayı 270 milyon olan ölkəsinin ən böyük multikulturalizm dövləti olmasını və burda 800-ə yaxın etnik xalqın yaşadığını,  nəzərə çatdırıb, eyni zamanda vurğulayıb ki, 17.500 adadan ibarət olan İndoneziya iqtisadi inkişafına görə Çin və Hindistandan sonra 3-cü yerdə qərarlaşıb.

Səfir Hüsnan bəy qeyd edib ki, Azərbaycan dövlətinin statistikasına görə, ikitərəfli əməkdaşlıq nəticəsində iqtisadi göstəricilər  2015-ci ildə 19 milyon,  2016 və 2017-ci illərdə 46 milyon dollar yüksəlib:  “İki dövlət arasında idxal-ixrac dövriyyəsi 2,5 milyarda çatıb. Bu əməkdaşlıq ikitərəfli balanslaşdırılmış şəkildə artır”. Səfir Azərbaycan və İndoneziya  xalqlarının rifahının yüksəldilməsi üçün sənaye və kənd təsərrüfatı sahələrində əməkdaşlığa nail olmağın əhəmiyyətindən də danışıb.

Hüsnan bəy Fananie Mingəçevirdə İndoneziya incəsənət günlərini keçirmək, universitetlərin birində təmsil etdiyi ölkəsi haqda mühazirə oxumaq istəyini də çatdırıb  və Niyazi Bayramovu avqustun 17-də İndoneziyanın Müstəqillik günü ilə bağlı tədbirə dəvət edib. 

Məqalə Qiyməti