“Əsas Qanunumuz ölkədə həyata keçirilən hüquqi-demokratik islahatlar üçün möhkəm bir təməldir”

“Əsrlər boyu böyük mərhələlərdən keçib tarixi müstəqilliyinə qovuşan xalq qarşısında , ötən əsrin 90–cı illərində dövlət təsisatların yaradılması, hüquqi və demokratik dövlət quruculuğu bütün  zərurəti ilə gündəmdə dururdu.: Bunu isə xalqın iradəsini ifadə edən Konstitusiya olmadan etmək mümkün deyildi. Məhz bu amili nəzərə alan ümummilli lider Heydər Əliyevin müəllifliyi ilə noyabrın 12-də ümumxalq səsverməsi ilə müstəqil Azərbaycanın ilk konstitusiyası qəbul edildi.  Həmin gündən 12 noyabr Azərbaycan Respublikasının Konstitusiya günü kimi qeyd olunur. Müstəqil Azərbaycanın ilk Konstitusiyası Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoyub. Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir. Konstitusiyaya ilk əlavə və dəyişikliklər 24 avqust 2002-ci ildə, daha sonra 18 mart 2009-cu ildə və sonuncu dəfə 2016-cı ildə referendum yolu ilə aparlıb”.

Bu fikirləri Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının  birinci  müavini İlham İsmayılov noyabrın 8-də YAP Mingəçevir şəhər təşkilatının  Mingəçevir Şəhər İcra Hakimiyyəti ilə birlikdə Konstitusiya gününə həsr olunan  konfransda  səsləndirib.  

Mingəçevir Turizm Kollecinin tarix müəllimi Ceyhun Abdullayev  deyib ki, 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi dövlətçilik tariximizdə mühüm hadisə oldu:  “Ölkəmizdə müasir dövlət və vətəndaş cəmiyyəti quruculuğu üçün böyük yol açıldı, insan hüquq və azadlıqlarının həyata keçirilməsinə zəmin yaradıldı, ölkə həyatının bütün sahələrinin inkişafına təkan verildi. Müstəqilliyin ilk illərində ölkədə hökm sürən qeyri-sabitlik və hərc-mərclik,  Azərbaycan xalqının mənafelərinə cavab verən siyasi iradənin olmaması demokratik dəyərlərə əsaslanan yeni Konstitusiyanın  qəbul edilməsinə imkan vermirdi. Lakin belə bir tarixi dönəmdə Azərbaycan xalqının təkidli tələbi ilə ölkə rəhbərliyinə qayıdan Heydər Əliyev uzaqgörən və məqsədyönlü siyasi bacarığı ilə ölkəni vətəndaş müharibəsi təhlükəsindən, ictimai-siyasi anarxiyadan xilas etdi, insanları azərbaycançılıq ideyası ətrafında birləşdirərək, öz tarixi missiyasını yerinə yetirdi”.

Mingəçevir Dövlət Universitetinin müəllimi Vüsalə Mövlayeva  bildirib ki, Azərbaycan Respublikasının ilk konstitusiyası qəbul edilmə qaydasına görə özündən əvvəlki- sovet dövrü konstitusiyasından fərqlənir: “Sovet Azərbaycan konstitusiyaları ö dövrün qanunverici orqanları tərəfindən qəbul edilirdisə, müstəqil Azərbaycanın Konstitusiyası ümumxalq səsverməsi yolu ilə qəbul olundu. Konstitusiyanın I və II maddələri “xalq suverenliyi” konsepsiyasını ifadə edir.Bu maddələrə əsasən Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır və xalq öz müqəddəratını həll edir. Konstitusiyanın VII maddəsində isə göstərilir ki,  Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır”.

Mingəçevir Tibb Kollecinin müəllimi Çingiz Ağakişiyev qeyd edib ki, Azərbaycanın ilk konstitusiyası dövlət hakimiyyətinin hakimiyyətlərin bölgüsü prinsipi əsasında təşkil olunduğunu müəyyən etdi: “Təkcə bir faktı demək kifayətdir ki, Konstitusiyanın 158 maddəsindən 57-sində və 3 fəsildən birində insan hüquq və azadlıqları təsbit edilir. Bu da gənc, müstəqil Azərbaycanın uzunmüddətli gələcəyinə hesablanıb. Əsas Qanunumuz ölkədə həyata keçirilən hüquqi-demokratik islahatlar üçün möhkəm bir təməldir. Müstəqil Azərbaycan Respublikasının əldə etdiyi bugünki uğurlarının hüquqi başlanğıcında da məhz Heydər Əliyevin həyat verdiyi Azərbaycanın ilk konstitusiyası dayanır”.

YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov  vurğulayıb ki, Azərbaycan dövlətinin əsas məqsədlərindən biri onun  sosial dövlət olmasıdır: “Bu  barədə 1995-ci ildə qəbul edilən Konstitusiyamızda birbaşa müddəa olmasa da, 2002-ci ildə edilən əlavə və dəyişiklikdə sosial rifah dövlətinin qurulması ilə bağlı müddəa öz əksini tapdı. Sosial dövlət quruculuğunun digər hüquqi əsası ümummilli liderin qələmindən çıxmış başqa bir strateji sənəddə: Yeni Azərbaycan Partiyasının Proqramında əksini tapıb. Partiyanın başlıca məqsədlərindən birinin “Sosial dövlət yaratmaq” olduğu göstərilir. Azərbaycan sosial dövlət quruculuğu yolunda inamla irəliləyir. Prezident İlham Əliyevin çıxışlarında vurğuladığı kimi, respublikamızın dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı, ona  diqqət və qayğı dayanır.  Dövlətimiz 2020-ci ilədək dünyanın inkişaf etmiş dövlətləri sırasına çıxmağı qarşısına məqsəd qoyub. Biz də vətəndaş borcumuzu yerinə yetirməklə, bu işə kömək etmiş olarıq”.

Konfransda Mingəçevir şəhər Polis şöbəsinin rəisi Cavid Muradov, Dövlət Təhlükəsizlik Xidmətinin Mingəçevir şəhər şöbəsinin rəisi İlham Məlikov, Mingəçevir şəhər prokuroru Azad Qarayev də iştirak ediblər.

Məqalə Qiyməti