Azərbaycan jurnalistlərinə 2018-ci il üçün “Beynəlxalq media vəsiqəsi” verildi

: Azərbaycanın bir qrup jurnalistinə Beynəlxalq Jurnalistlər Federasiyasının (BJF) təsis etdiyi  “Beynəlxalq media vəsiqəsi” (İnternational Press Card)  təqdim edilərkən
Azərbaycanın bir qrup jurnalistinə Beynəlxalq Jurnalistlər Federasiyasının (BJF) təsis etdiyi “Beynəlxalq media vəsiqəsi” (İnternational Press Card) təqdim edilərkən

Azərbaycanın bir qrup jurnalistinə Beynəlxalq Jurnalistlər Federasiyasının (BJF) təsis etdiyi  “Beynəlxalq media vəsiqəsi” (İnternational Press Card)  təqdim edilib. Təqdimat mərasimi BJF-nin Azərbaycan üzrə yerli üzv təşkilatı  olan Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) ofisində baş tutub.

JuHİ sədri  Müşfiq Ələsgərli bildirib ki, BJF  təsis etdiyi  “Beynəlxalq media vəsiqəsi”  jurnalistlər üçün dünyanın bütün ölkələrində qəbul edilən tanıtım nişanıdır. Vəsiqəni əldə etmiş  jurnalist onu təqdim etməklə istənilən ölkədə informasiya toplamaq hüququ əldə edir.  “Bununla yanaşı, kartın digər mühüm statusları da var. Vəsiqə sahibi olan jurnalist risqli bölgələrə səfər edərkən, öncədən məlumat vermək şərtilə, BJF və onun yerli üzv təşkilatı tərəfindən nəzarətə götürülür. Bu halda təhlükə ilə üzləşən: təqib edilən, əsir-girov götürülən, xəsarət alan, informasiya əldə etmək hüququ pozulan vəsiqə sahibinin  vəziyyətdən çıxması üçün BJF lazımi dəstək göstərir”, deyə Müşfiq Ələsgərli bildirib.

JuHİ sədri qeyd edib ki, BJF-nin risqli durumlarla üzləşən vəsiqə sahiblərinə mövcud durumdan çıxmaq  üçün göstərdiyi yardıma risq yaradan qruplarla  danışıqlar aparmaq, hüquqa söykənən təsir mexanizmlərindən istifadə etmək, maddi və mənəvi dəstək vermək kimi müxtəlif addımlar daxildir: “Eyni zamanda, BJF vəsiqə sahiblərini texnoloji inkişafa uyğun olaraq daim yenilənən təhlükəsizlik qaydaları ilə tanış və təmin edir ki, bu da jurnalistlərə risqlərdən yayınmaq üçün istiqamət verir”.

Məlumat üçün bildirək ki, “Beynəlxalq media vəsiqəsi” BJF-yə fərdi müraciətlərlə deyil, ölkələr üzrə BJF-nin yerli üzv təşkilatlarının zəmanəti əsasında verilir. Vəsiqəni əldə etmək üçün müəyyənləşdirilən şərtlər sırasında:

-          Jurnalistika sahəsində fasiləsiz  fəaliyyət göstərmək, peşəkar qaydaları bilmək,

-          BJF-nin müəlliflik etdiyi “Jurnalistlər üçün Etik Kodeks”ə sayqılı yanaşmaq,

-          BJF-nin yerli təmsilçi təşkilatı ilə sıx  əməkdaşlıq etmək  

və sair kimi məqamlar daxildir. 

2018-ci ildə “Beynəlxalq media vəsiqəsi”  BJF-nin Azərbaycan üzrə təmsilçisi olan Jurnalistlərin Həmkarlar İttifaqının üzvlərinə: Bakı Dövlət Universitetinin Jurnalistika Fakültəsinin dekanı Vüqar Zifəroğluna, İTV-nin departament rəhbəri Anar Yusifoğluna, “Kaspi” qəzetinin əməkdaşı Xəyalə Məmmədovaya, Aznws.az xəbər portalının əməkdaşı Elgün Mənsimov,  “Yeni Azərbaycan” qəzetinin şöbə redaktoru Nadir Azəriyə, “Azrbaycan” qəzetinin müxbiri Məhərrəm Səfərliyə,  “Kaspi” qəzetinin əməkdaşı Bəxtiyar Məmmədliyə,  “Manevr.az” xəbər portalının əməkdaşı Zülfiyə Qurbanovaya, “The Busines time” qəzetinin redaktoru Nəzirə Nurullayevaya, və əməkdar jurnalist Azər Həsrətə verilib.   

Məqalə Qiyməti