“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” kitabı Qubada ictimai müzakirəyə çıxarılı

: Yeni kitabın ictimaiyyət nümayəndələrinə təqdimatı
Yeni kitabın ictimaiyyət nümayəndələrinə təqdimatı

Martın 6-da “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” kitabı Qubada şimal bölgəsi rayonlarının ictimaiyyət nümayəndələrinə təqdim olunub.

Təqdimatdan öncə ümummilli lider Heydər Əliyevin Quba şəhərinin mərkəzində ucaldılmış abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.

Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) şöbə müdiri Yadigar Məmmədli bildirib ki, Azərbaycan, rus və ingilis dillərində nəşr olunan kitabda Prezident İlham Əliyevin 2003-cü ildən bəri müsahibə və çıxışlarında multikulturalizmin Azərbaycan modeli haqqında dəyərli fikirləri toplanıb. Nəşrdə dövlətimizin başçısının təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanın multikulturalizmin, o cümlədən mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafı istiqamətində həyata keçirdiyi layihələrdən, həm ölkə daxilində, həm də beynəlxalq miqyasda bu sahədə əldə edilən nailiyyətlərdən bəhs olunur.

Kitabın ideya müəllifi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, məsləhətçisi Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənov, tərtibçiləri Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor Etibar Nəcəfov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdulla, AZƏRTAC-ın baş redaktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Cavid Bədəlov və BBMM-in şöbə müdiri Sərxanbəy Xuduyevdir.

Yadigar Məmmədli bildirib ki, Azərbaycanda milli və dini azlıqlarla bağlı aparılan dövlət siyasəti hər zaman müvafiq beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilib. Ölkəmizin bu sahədə həyata keçirdiyi siyasət və əldə etdiyi təcrübə başqa dövlətlər üçün də nümunə göstərilir. Multikulturalizmin həyat tərzinə çevrildiyi Azərbaycanın dünyaya tolerantlıq nümunəsi olaraq daha geniş tanıdılmasının vacibliyini, eləcə də ayrı-ayrı ölkələrdəki müxtəlif multikultural modellərə xas fəlsəfi, sosial, siyasi və digər aspektlərin Azərbaycan reallığında təhlili və təşviqinin əhəmiyyətini nəzərə alan Prezident İlham Əliyevin Fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb.

AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov çıxışında ölkəmizdə multikulturalizm, tolerantlıq və dini dözümlülüyün təşəkkül taparaq inkişaf etməsinin dövlət siyasəti səviyyəsinə yüksəlməsinin Azərbaycanın qədim dövlətçilik tarixi və milli-mədəni dəyərlərin inkişafından qaynaqlandığını qeyd edib. Bildirilib ki, tarixən müxtəlif etnomədəni qrupların və dini konfessiyaların birgə yaşadığı məkan olan ölkəmizdə siyasi multikulturalizmin banisi ulu öndər Heydər Əliyevdir. Ulu Öndər ikinci dəfə xalqın dəvəti ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanı nəinki vətəndaş müharibəsindən qurtardı, eyni zamanda, ölkəmizdə mövcud olan bütün milli azlıqları vahid azərbaycançılıq ideologiyası ətrafında birləşdirdi. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın multikulturalizm dəyərlərinə sahib olması, onu təşviq etməsi aparıcı beynəlxalq təşkilatlar və dünya birliyi tərəfindən də yüksək dəyərləndirilir.

BBMM-in baş məsləhətçisi Tofiq Abbasov kitabda multikulturalizmin Azərbaycanda həyata keçirilən siyasətin mühüm bir istiqaməti kimi təqdim olunduğunu vurğulayıb. Qeyd edib ki, nəşrdə multikulturalizmin bir sıra nəzəri məsələləri, Azərbaycan multikulturalizm modelinin xüsusiyyətləri öz əksini tapıb. Kitabda Azərbaycan dövlətinin multikulturalizm sahəsində böyük təcrübəsinə dair önəmli fikirlər yer alıb və bu da digər ölkələr, xüsusilə də hazırda multikulturalizm siyasətini həyata keçirməkdə ciddi problemlərlə üzləşən Qərb ölkələri üçün vacibdir.

Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etmək istiqamətində BBMM-in gördüyü işlər barədə məlumat verən T.Abbasov “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” kitabının ölkəmizlə yanaşı, xaricdə də elmi müzakirələrinin təşkil ediləcəyini söyləyib.

İctimai müzakirələrdə iştirak edənlər dövlətimizin başçısının kitabda yer almış fikirlərinin bütövlükdə Azərbaycan multikulturalizmi haqqında tam təsəvvür formalaşdırdığını söyləyiblər.

Qeyd edək ki, kitaba daxil olan sitatlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin AZƏRTAC tərəfindən yayılmış nitqlərindən, çıxışlarından və müsahibələrindən götürülüb.

Məqalə Qiyməti