Azərbaycanda gender bərabərliyində medianın rolu əvəzsizdir

: Mingəçevirdə “Azərbaycanda gender bərabərliyi və media azadlığı” mövzusunda təlim keçirilib
Mingəçevirdə “Azərbaycanda gender bərabərliyi və media azadlığı” mövzusunda təlim keçirilib

İyulun 4-də Mingəçevirdə Avropa Şurası, Ombudsman Aparatı və Mətbuat Şurasının təşkilatçılığı ilə  “Azərbaycanda gender bərabərliyi və media azadlığı” mövzusunda təlim keçirilib.  Avropa Şurası Bakı ofisinin əməkdaşı və layihə rəhbəri Pərvanə Bayramovanın sözlərinə görə, gender bərabərliyi reallığa çevrilmədən insan hüquq və azadlıqlarının həyata keçirilməsi imkansızdır. Gender bərabərliyinə nail olmaqda isə əsas yol əsrlərlə formalaşmış gender stereotiplərinin aradan qaldırılmasından ibarətdir. Bu istiqamətdə şübhə yoxdur ki, medianın rolu əvəzolunmazdır: “Hədəf olaraq Şəki, Zaqatala, Mingəçevir, Gəncə və Qazax bölgələrini seçmişik. Məqsəd  bu sahədə Avropa Şurası standartlarının yayılması, məlumatlılığın artırılması ilə yanaşı, vətəndaş cəmiyyəti və media nümayəndələrinin köməyi ilə mövcud olan daxili təcrübə əsasında bu məsələləri işıqlandırmaqdır”.

“Jurnalist etikası və gender mövzusunun işıqlandırılması”ndan danışan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib ki, 100 ildən çox bir zaman kəsiyində  gender məsələsi üzərinə gedilsə də onun tam mahiyyəti cəmiyyət üçün  açılmayıb: “Hələ də bəziləri gender məsələsi deyiləndə bunu qadın hüquqlarının təmin olunması kimi başa düşür. Əslində insanın cinsi mənsubiyyəti onun bilik və bacarıqlarını tətbiq etməyə mane olmur. Bu sahədə bəzi stereotiplərin də aradan qaldırılmasına ehtiyac var”.

Ekspert monitorinq nəticəsində gender balansının real vəziyyətini də açıqlayıb: “Davos Forumu və BMT tərəfindən gender bərabərliyi və bərabərsizliyi ilə bağlı dünya üzrə mütəmadi olaraq indekslər hazırlanır. 5 il əvvələ kimi balans 70 faiz idi, son statistikaya görə bu rəqəm 68 faizə qədər enib. Hesablamalara görə, Avropanın ən inkişaf etmiş ölkələrində də bu problem yaşanmaqdadır. Bu da həyəcan təbili çalmağa əsas verir”.

Müşfiq Ələsgərlinin sözlərinə görə, gender balansının təmin olunması təkcə mənəvi deyil, həm də iqtisadı və inkişaf məsələsidir: “Əgər gender balansı tam təmin olunarsa, dünya iqtisadiyyatı təqribən 5,5 trilyona qədər inkişaf etmiş bir duruma gələr. Medianın vasitəsilə bu məsələləri açmaq və cəmiyyəti buna təşviq etmək mümkündür. Təəssüf ki, Azərbaycan mediasının tərkibinin 40-45 faizini qadınlar təşkil etdiyi halda  xanim redaktorların sayı 10 faizə qədərdir. Qadınların önə, rəhbər vəzifəyə çəkilməsində stereotiplərin yaratdığı problemlər, ailə və karyera arasındakı seçim və s. səbəblər mövcuddur”.   

“Gender bərabərliyi və media azadlığı: Avropa Şurası standartları və Azərbaycan təcrübəsi”ndən bəhs edən müstəqil ekspert Ələsgər Məmmədli gender bərabərliyi ilə bağlı hüquqi müstəvidə gedən inkişaf prosesləri, qanunvericilikdə dəyişikliklər, qəbul olunmuş beynəlxalq sənədlər haqqında məlumat verib. O, gender bərabərliyini qadın-kişi bərabərliyi kimi başa düşüldüyünü deyib: “Əslində isə bu, hər cinsin bərabər imkanlar və bərabər hüquqlarla təmin olunmasına şəraitin yaradılmasıdır. Dövlət bu bərabərliyi təmin etmək öhdəliyini  daşıyır. Gender məsələlərini açmaq üçün çox ciddi çalışmaq lazımdır. Bu iş cəmiyyətlə sıx təmas quran medianın üzərinə düşür. Ona görə də biz mediada gender məsələsini gündəmə gətirdik. Cəmiyyət bilgini media vasitəsilə alır. Bu gün medianın müxtəlif ayaqları var- inkişaf edən sosial media, internet media, bundan əvvəl də televiziya, qəzet, radio var idi. Deməli stereotiplər, doğrular, təbliğat və maarifləndirmə də topluma  media üzərindən  daha geniş çatdırıla bilir”.

Ə.Məmmədli əlavə edib ki, Azərbaycan coğrafi məkan olaraq siyasi məkanda artıq Avropanın bir parçasıdır. Avropa İnsan Hüquqları Konvensiyasını 1950-ci ildə qəbul edərkən və insan hüquqlarının qorunması dəyərlərini burda birləşdirən zaman Avropa Şurasına 10 ölkə daxil idi. Artıq onların sayı 47-yə çatıb. Azərbaycan Avropa Şurasına qəbul olunan zaman 2001-ci ilin 25 dekabrında qanunlar yenilənib və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyani ratifikasiya edib. Konvensiyanin 12-ci maddəsi Nikah hüququna, 14-cü maddəsi ayrı-seçkiliyin qadağan olunmasına, 10-cu maddəsi isə ifadə azadlığının təminat verir.

Müstəqil ekspert Şəfəq Mehrəliyeva “Sosial media və gender bərabərliyinin işıqlandırılması”  mövzusunda, bərabərlik və ədalət məfhumunun fərqi, qadınlara ayrılacaq imkanlar barədə  danışıb. Onun fikrincə, qərarvermədə qadınlarn olması gender baxımından cəmiyyətə  töhfəni artırar: “Cümhuriyyətin qurulmasında mütəfəkkirlərlə birgə ciyin-ciyinə çalışan  xanımları və 100 il əvvəl baş vermiş tarixi hadisələri, mətbuatda çalışan qadınları xatırlayaq. Stereotiplərin tüğyan etdiyi bir zamanda ilk ali təhsilli mama-ginekoloq həkim Xədicə Əlibəyova 1911-ci ildə  təzyiqlərə baxmayaraq, “İşıq” jurnalını çap etdirirdi. Indi isə imkanlar qat-qat genişdir. Bu gün vətəndaş jurnalistikasının cəmiyyətdə mövqeyi, rolu və əhəmiyyəti danılmazdır”.

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı “Gender bərabərliyi və media azadlğı: Azərbaycan təcrübəsi və digər qabaqcıl təcrübələr” haqda söhbət açıb: “Son illər dövlət strukturlarında qadınların təmsilçiliyi artırılır,  onlar rəhbər vəzifələrə irəli çəkilir. Konstitusiyanın 25-ci maddəsi, Ailə Məcəlləsi bütün sahələrdə qadın və kişilərə bərabər hüquqlar verir. Lakin  “Məişət zorakılığının qarşısının alınması haqqında Qanun”un işləməsində müəyyən problemlər var. Çünki regionlarda hələ də qanunun tələbləri icra olunmur, çünki buna vətəndaşların  və məmurların dəstəyi yoxdur. Elə rayonlar var ki, orda kişilər də məişət zorakılığına məruz qalır”.

Erkən evlilik, təhsil, boşanma, aliment, iş və regionlardakı problemlər, başqa dövlətlərin təcrübələri haqqında fikirlərini bölüşən natiq  insanların üç kateqoriyaya bölündüyünü  deyib: “Bir qrup öz hüquqlarını və onun icra mexanizmini bilir, digər qrup hüququnu bilsə də onun icrasına inanmır, üçüncü qrup isə  hüququ və müdafiə mexanizmi haqqında məlumatsızdır”.,

BDU-nun jurnalistika fakultəsinin müəllimi Sevinc Əliyeva isə  “Jurnalist etikası və gender mövzusunun işıqlandırılması” mövzusuna toxunub, jurnalist təhsilinə xanımların daha çox maraq döstərməsinə baxmayaraq, sonradan əksəriyyətinin kənarda qaldığını diqqətə çatdırıb: “BDU-nun jurnalistika fakültəsinə qəbul olunan abituriyentlərin arasında oğlanları sayı 10 faizdir. Bizim ingilis dili qrupumuzda 24 xanım, 1 oğlan var. Başqa qruplarda statistika fərqlidir.  Baxmayaraq ki, təhsilli xanımlar üstünlük təşkil edir, amma onlar gündəmdə yoxdurlar”.

Ekspertlər tədbir iştirakçılarını maraqlandıran sualları da  cavablandırıblar.

Məqalə Qiyməti