“Azərbaycanla Böyük Britaniyanın əməkdaşlığı 100 il bundan qabağa gedir”

: Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Böyük Britaniyanın Bakıdakı  Səfirliyinin Siyasi şöbəsinin müdiri və vitse konsulu Ceyms Holderi qəbul edib
Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Böyük Britaniyanın Bakıdakı Səfirliyinin Siyasi şöbəsinin müdiri və vitse konsulu Ceyms Holderi qəbul edib

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov iyulun 16-da Böyük Britaniyanın Bakıdakı  Səfirliyinin Siyasi şöbəsinin müdiri və vitse konsulu Ceyms Holderi qəbul edib.  Qonaq Azərbaycandakı fəaliyyəti barədə danışıb və bildirib ki, Bakıdan kənara çıxmaqda məqsədi bölgələrin həyatı, iqtisadi vəziyyəti barədə ətraflı bilgilər almaqdır. O, həm də əlavə edib  ki,  iki il əvvəl Britaniyanın milli günü  qeyd  ediləndə onlara Mingəçevirdən avarçəkmə qayıqlarını göndərmişdilər.    

Başçı Mingəçevirin keçmişi və bu günü, əhali tərkibi, iqtisadiyyatı, köhnə və yeni sənaye müəssisələri, xüsusən Sənaye Parkının birinci növbəsinin işə salınması, 1200 nəfərin çalışdığı  enerji sektorunda vəziyyət,   “Asan” həyat kompleksinin və “Kür” Olimpiya Avarçəkmə Bazasının fəaliyyəti, bütövlükdə şəhərin turizm potensialı, gənclərlə aparılan işlər,  pilot layihə olan icbari tibbi sığortanın uğurları barədə məlumat verib.

“Böyük Britaniyanın  Azərbaycanla siyasi sahədə nə kimi fikir həmrəyliyi və fikir müxtəlifliyi mövcuddur?” “Mingəçevir işıqları” qəzeti müxbirinin suallarını cavablandıran Ceyms Holder  bildirib ki, onun ölkəsinin Azərbaycanla əməkdaşlığı strateji xarakter daşıyır və bu tərəfdaşlıq 100 il bundan qabağa gedir: “Azərbaycan Xalq Cümhuriyyəti zamanı da Britaniyanın Azərbaycanla yaxşı münasibətləri var idi və müstəqillikdən sonra da  davam edir. Böyük Britaniya Azərbaycanda ən böyük investordur. BP neftin çıxarılmasında əsas rollardan birini oynayır. İki ay bundan öncə Azərbaycan Prezidenti Böyük Britaniyaya səfər etmişdi və orada baş nazirlə görüşmüşdü. Bu da bizim əməkdaşlığın uğurlarınıın işarəsidir”.

C.Holder qeyd edib ki, Böyük Britaniya Qərbi Avropada yerləşir və öz regionuna uyğun siyasətlə məşğuldur:  “Azərbaycanla bizim fikir ayrılıqlarımız olur, amma biz bunları müzakirə edirik və danışa bilirik.  Güman edirəm ki, ciddi fikir ayrılıqları yoxdur”.

Səfirlik əməkdaşı media və QHT sektorundakı vəziyyətə də toxunub: “Bu sahədə bəzi problemlər var. Biz hökumətə öz tövsiyələrimizi veririk ki, Azərbaycanın media və QHT sektoru sahəsində daha çox açıqlıq verilsin”.

Bundan sonra qonaq şəhərin bir sıra müəssisələrinin fəaliyyətilə tanış olub.   

Məqalə Qiyməti