Bakıda “Kriminal hadisələr barədə xəbər hazırlamağın şərtləri” mövzusunda konfrans keçirilib

: Bakıda “Kriminal hadisələr barədə xəbər hazırlamağın şərtləri”  mövzusunda konfrans
Bakıda “Kriminal hadisələr barədə xəbər hazırlamağın şərtləri” mövzusunda konfrans

Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB)  iyulun 19-da Bakı şəhərində  “Kriminal hadisələr barədə xəbər hazırlamağın şərtləri”  mövzusunda konfrans  keçirib.  “Sputnik” Azərbaycanın Konfrans zalında keçirilən tədbirə jurnalist təşkilatlarının, KİV qurumlarının, QHT-lərin təmsilçiləri qatılıblar.

 Tədbir, Azərbaycan Respublikasının Prezidenti yanında  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən “Xəbər istehsalçıları üçün “Kriminal hadisələr barədə xəbər hazırlamağın şərtləri” mövzusunda konfrans və seminarların  təşkili” layihəsi çərçivəsində baş tutub.

 Layihənin koordinatoru Müşfiq Ələsgərli bildirib ki,  Gəncədə baş verən son hadisələr zamanı bir daha təsdiq olundu ki, xəbər istehsalçılarının “kriminal hadisələr barədə xəbər hazırlamağın şərtlərinə” yanaşmaları  problemlidir: “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarında açıq şəkildə göstərir ki, terror hadisələri zamanı terror törədən şəxsin fikirlərinin, ideyalarının cəmiyyətə açıqlamasına yol vermək olmaz. Amma bəzi  qeyri-peşəkar xəbər istehsalçıları nəinki Yunis Səfərovun “ideyalarını” yaydılar, həmçinin, ona dolayısı ilə  dəstək nümayiş etdirdilər. Bu və digər nümunələr deməyə əsas yaradır ki, əksər xəbər istehsalçılarının kriminal mövzuda informasiya hazırlayarkən, ciddi qüsurlara yol verdikləri faktı ortadadır.  Bu qüsurların bir tərəfi süni sensassiya yaratmaq, auditoriya qazanmaq naminə bilərəkdən yol verilmiş xətalardırsa, digər tərəfi də  hüquqi bilgisizliklə, yanlış terminlərin  istifadə edilməsilə bağlıdır”.

Müşfiq Ələsgərli əlavə edib ki, layihə çərçivəsində media ekspertləri və hüquqşünasların iştirakı ilə  “Kriminal hadisələr barədə xəbər hazırlamağınşərtləri” adlı vəsait də çap  edilib və seminar iştirakçılarına pulsuz paylanıb.

Tədbirdə  çıxış edən media təmsilçiləri və ekspertlər- Azər Həsrət, Nəzirə Nurullayeva, Ramella İbrahimxəlilova, Namiq Mailov, Elçin Zahiroğlu, İlqar Vəliyev, Çingiz Bayramov, Elçin Hüseynov, Sevda Əsgərova, Anar Vəziroğlu, Nadir Azəri və digərləri   kriminal hadisələr  haqqında informasiya yayımının şərtlərinin pozulması nəticəsində yaranan problemlərdən danışıblar. Onlar, həmçinin, layihənin icrasının bu sahədəki problemləri aradan qaldırmağa yardım göstərəcəyini bildiriblər.   

Məqalə Qiyməti