İnsan alverinin qurbanları

:
"İnsan alverinə son qoyaq!"

Onları ailə qurmaq, iş və təhsil qazanmaq adı ilə kənara apararaq, istismara məruz qoyublar

Ekspertlərin fikrincə, qurbanları müdafiə edən təşkilatların maliyyələşdirilməsini gücləndirməyə, belə təşkilatlardan ibarət şəbəkənin Bakının xaricində də inkişafına diqqəti  artırmağa ehtiyac var

 

Həmid kişi  qızını axtarır

 

Külək və qar bir-birinə qarışıb, adamın iliyinə işləyirdi. Yollar buz bağladığından təkərlərinə zəncir bağlanmış maşınlar asta-asta hərəkət edirdilər. Hələ axşam düşməmişdi, amma soyuğun təsirindən camaat çoxdan evinə çəkilmişdi.  Belə havada yalnız əlacsızlıq üzündən kiminsə  səfərə çıxacağı mümkün idi. Həmid  kişi də dayana bilməzdi. Kim bilir, bəlkə də Nargilənin yerini nişan verən tapılacaqdı...

«Həmid mənimlə evlənəndə Nargilənin üç yaşı vardı. Anası altı aylığında uşağı atıb, gedib. Sonradan Allah bizə bir oğul və bir qız da verdi. Birtəhər çuvalımızı sudan çıxarırdıq. Qapıbir qonşumuz  tifaqımızı dağıtmasaydı...»- Səlminaz xanım göz yaşlarını saxlaya bilmir.  

 

Nargilənin “bal ayı”

 

Onun dediyinə görə, qonşuda yaşayan orta yaşlı Gülsüm  müxtəlif  bəhanələrlə cavan qızları yoldan çıxarırmış: “Elə bizim qızı da tez-tez mənzilinə çağırırdı. Hətta qonşuya keçmək üstündə   atası qızı neçə dəfə döymüşdü. Gülsüm qızımı dilə tutmuşdu və inandırmışdı ki, onun dediyi ilə durub-otursa, ürəyi istəyən kimi yaşayacaq, yemək-içməkdən, geyimdən korluq çəkməyəcək, həm də atasının danlağından canını qurtaracaq. Sonradan öyrəndik ki, qız Gülsümgildə bir kişi ilə  yatıb. Bir də duyuq düşdük ki, Nargilə yoxdur... Getdik qonşunun üstünə.  Bizə Nargilənin oz xətti ilə yazdığl məktubu uzatdı: “Məndən nigaran qalmayın. Ərimlə xaricə, bal ayına gedirəm...” Neçə ildir döymədiyimiz qapı qalmayıb, qızın yerini-yurdunu dəqiq öyrənə bilmirik. Bu yaxında bilmişik ki, Nargiləni nikah adı ilə Pakistana satıblar...”


Yaxın adamların əli ilə

 

«Qadınların xarici ölkələrə satlıq mal kimi  aparılması bəzən ən yaxın qonşuların əli ilə baş verir. Bir sıra hallarda hüquq-mühafizə orqanlarının nümayəndələri belə hallara göz yumur, etinasızIıq göstərirlər. Çox təəssüf ki, ictimaiyyətin təpkisi də yetərincə deyil. Əgər vaxtında həyəcan təbili çalınsaydı, cinayətin baş verməsinin qabağı alınardı”- Humanitar Tədqiqatlar  Ictimai Birliyinin sədri Əvəz Həsənov belə düşünür.

Ekspertin qənaətinə görə, təsadüfi qohumluq bəzən qızların alver qurbanlarına çevrilməsinə gətirir: “Hətta “saxta bəy” peyda olur, qurama nişan keçirilir, ədəb-ərkanla qıza gəlin paltarı geyindirib aparırlar. Sonra məlum olur ki, “təzə” bəy “gəlini” xaricə aparıb, amma geri gətirməyib. Amma əvvəllər qız verəndə valideynlər qarşı tərəfin kimliyi ilə ciddi maraqlanardılar. Hətta bu “kəşfiyyat” aylarla, illərlə çəkərdi”.

 

“Təhsil dalınca İstanbula”

 

Atası dünyasını dəyişəndə  Səmayənin  15 yaşı vardı. Anası məktəbdə xadimə işləyirdi. İki  il sonra Səmayə orta məktə-bi bitirdi. Ali məktəbə qəbul ola bilmədiyindən  işləmək istədi,  tanış-bilişdən, qohumlardan ona iş yeri tapmaqda kömək etmələrini xahiş etdi. Anasıyla birgə bir neçə idarənin qapısını döydü və hər dəfə “Təhsiliniz yoxdur” cavabını eşitdi.

Səmayə hasar və dirəklərə yapışdırılan, mətbuatda  dərc olunan, TV və internetdə verilən elanları diqqətlə izləyirdi. Günlərin birində qəzetdə belə bir elana rast gəldi: “Attestatla Türkiyədə təhsil yalnız bizdə! Bütün xərcləri də öhdəmizə götürürük”.

Səmayə göstərilən ünvanda təxminən 35-40 yaşlı Arzu  xanımla tanış oldu. Şəxsiyyət vəsiqəsini xanıma verən gənc qızla yerində  “müqavilə”  bağlandı. Ona İstanbuldakı  universitetlərin birində tələbə adını qazanacağı vəd olunurdu.

 

“Fikir eləmə, işləyib  borcunu qaytararsan…”

 

Maliyyə çətinliyini yola verməyi, hətta pasport almağı, təhsil və yataqxana xərclərini  ödəməyi  də öz üzərinə götürən Arzu  xanım: “Fikir eləmə, xərcləri bizim ordakı təşkilat ödəyəcək, səni də dərsdən sonra işə cəlb edəcək. İşləyib, borcunu qaytararsan. Mənə də yüngülcə hörmət edərsən.  Onsuz da qazancın artıqlaması ilə olacaq. Cavan qızsan, təhsil alarsan, gələcəyini qurarsan”- dedi.

...Bir aydan sonra  Arzunu  “təhsil dalınca gedən” Səmayə, Nisə və Zakirə ilə birgə İstanbul hava limanında Məhərrəm adlı azərbaycanlı qarşıladı, onları şəhərin ucqar məhəlləsində yerləşən bir mənzilə gətirdi.  Arzu  onlara bildirdi  ki, bu gün istirahət etsinlər, sabah tezdən universitetdən professorlar özləri bura gələcəklər.

Sübh tezdən Arzu  özü ilə gətirdiyi “professorlar”ı qızlara təqdim etdi, hamıya meyvə şirəsi gətirdi. Bir xeyli söhbət etdilər.

 

Bağlı qapılar arxasında

 

Qızlar sonradan başa düşdülər ki, Arzu onları bura başqa  məqsəd üçün gətiribmiş. Səmayənin dediyinə görə, onların şirəsinə nə isə qatılıbmış: “Özümüzə gələndə artıq gec idi. “Professorlar” hər üçümüzü zorlamışdılar. Arzu da bütün bunların videosunu çəkmişdi. O, bizim hər birimizi gün ərzində 10-15 müştərini qəbul etməyə məcbur edir, boyun qaçıranda isə videonu internetdə yayacağını bildirirdi.

Qaçmağa ümid yox idi, çünki mənzilin qapıları həmişə bağlı olurdu, pəncərələri isə çöldən dəmir çərçivə ilə tutulmuşdu. Zəhmət haqqı istəyəndə deyirdi ki, sizin bura gəlməyiniz üçün bir ətək xərc çəkmişəm, nə pul? Mən müştərilərdən imdad diləyir, əvəzində isə tənəli sözlər eşidirdim. Yalnız bir nəfər mənə kömək edəcəyinə söz verdi. 55-60 yaşı olardı. Özünü  Teyyub kimi təqdim etdi. Dedi ki, qız, narahat olma, səni qurtaracağam.  Bir neçə gündən sonra hərbi geyimli adamlar saxlandığımız mənzilə gəlib, bizi azad etdilər. Məni Azərbaycana göndərsələr də anamın yanına və bir vaxtlar yaşadığım şəhərə qayıtmağa üzüm olmadı. Arzu  isə hara yoxa çıxdı, bilmədim...”

 

Valideynlər etiraz etmək əvəzinə susurlar

 

Media eksperti Xalid Kazımovun fikrincə, milli mentalitetimiz insan alveri ilə bağlı problemin aradan qaldırılmasına mane olur:  “Aldadılan qadınlar və onların valideynləri  etiraz səslərini ucaltmaqdansa, qonum-qonşudan həya edərək evdə oturub susmağı, sakitcə dərd çəkməyi üstün tuturlar. Tora düşən qızları birinci olaraq valideynləri rədd edir, onların geri qayıtmasına icazə vermir,  “murdarlanmış, kirlənmiş” hesab edirlər. Çıxılmaz vəziyyətdə qalan qız və qadınlar bir tikə çörək naminə yenidən xarici ölkələrə üz tutur, sonra bu, onlarda vərdişə – dönməz yola çevrilir. İnsan alverçiləri adamların bu zəif damarından da ustalıqla istifadə edirlər”.

Müsahibimizin sözlərinə görə, KİV-də yayılan bəzi elanlar  sosial vəziyyəti aşağı olan insanları aldatmaq üçün ən asan vasitədir:  “Bir çoxları belə hesab edirlər ki, əgər bu, qəzetdə dərc olunubsa, TV-də verilibsə, aldadıcı ola bilməz. Amma unutmaq olmaz ki, KİV-lər bu elanların doğruluğunu yoxlamırlar”. 

 

Rusiyada iş təklifi

 

Sənan və yoldaşları Kazandan bir qədər aralıda yerləşən  Buqulmaya Fazilin xahişi ilə gəlmişdilər. Bir vaxtlar vertolyot üçün ehtiyat hissələri hazırlayan zavodun dağılmış binasının təmirə ehtiyacı vardı və obyektin yeni sahibi ilə Fazil arasında razılıq əldə olunmuşdu ki, onun gətirdiyi briqada 6 ay ərzində bütün işləri görəcək.

“Mən əvvəllər  istilik stansiyasında  işləyirdim. Maaşım orta səviyyədə idi, amma bizimlə altı aydan bir müqavilə bağlayır, müdiriyyətə sərf edən şərtləri diqtə edirdilər. Ona görə də acıq edib, işdən çıxdım, mərkəzi bazarda özümə dükan açdım.  Ancaq burda da əlim gətirmədi. Elə qazandığımı yerin kirəsinə verirdim. Gündə evə 3-5 manat aparanda şükür edirdim” - Sənan keçmişini belə xatırlayır. Sonra köksünü ötürərək, Fazillə görüşünü xatılayır: “Mən onunla stansiyada bir yerdə işləmişdim. Günlərin birində bazarda görüşdük. İş-gücümlə maraqlandı. Elə həmin gün məni restorana dəvət etdi. Yaxşı yedik, içdik. Xidmətçi, deyəndə ki, sizin hesabınız 43 manat edir, o, cibindən  əllilik çıxartdı, qalığını da istəmədi. Elə burada mənə ayda üç min dollarlıq iş təklifini  etdi. Şərti də belə oldu: “7-8 nəfər tikinti işi bacaran adamı tapırsan, mən zəng vuranda götürüb gəlirsən. Özün də olursan briqadir”.

 

Dost-tanışlarını da apardı

 

Bazardan əli soyuyan Sənan tikiinti işləri bacaran adamları axtarmağa başladı. 2 həftə ərzində onları toplaya bildi.  İcarəyə götürdüyü dükanı sahibinə qaytardı, yol pulu üçün həyat  yoldaşının boyunbağısını satdı. Sənan mayın əvvəlində özü ilə yeddi nəfəri Rusiyaya apardı-biri dayısı oğlu, ikisi qonşusu, üçü sinif yoldaşı, biri də bazardakı  tanışı idi. Fazil onlara bir az cib xərcliyi verdi, qalmaq üçün təmir olunan böyük binanın bir otağını ayırdı. Sınıq-salxaq taxtalardan hazırlanmış yataq yeri pambıq döşək və ədyallardan, içərisinə saman doldurulmuş balışlardan ibarət idi.

 

Canı xəstə düşdü

 

“Gün çıxandan batana qədər işləyirdik. Fazil deyirdi ki, oktyabrın sonuna kimi işi qurtarmasaq, pulu kəsəcəklər. Hər dəfə evə göndərmək üçün pul istəyəndə bir bəhanə gətirirdi. Axır sözü bu oldu ki, sahibkar işi təhvil verməyincə pulu ödəməyəcək”.

Sənanın  dediyinə görə, 4 ayın tamamında iş yerində zədə alıb: “Ayaq altı sürüşdü, mən 6 metr hündürlükdən yerə düşdüm. Məni xəstəxanaya çatdırdılar.  Fazil mənə bərk-bərk tapşırdı ki, iş yerində zədələndiyimi deməyim, yoxsa bizim hamımızı Rusiyada qeydiyyatsız yaşadığımız və qanunsuz əmək fəaliyyəti ilə məşğul olduğumuz üçün həbs edə bilərlər, ən başlıcası isə pullarımız bata bilər. Düz bir ay müalicə olundum. Həkimlər dedilər ki, mənə indidən sonra  3 kilodan artıq yük qaldırmaq olmaz. Xəstəxandan çıxıb, tikintiyə qayıdanda gördüm ki, yoldaşlarım Fazillə qırğındadır. Fazilin sözü isə mənə  bu oldu ki, sən yaxşı adamlar gətir-məmisən, çünki vaxt çatıb, amma hələ xeyli iş qalıb, buna görə də  sahibkar pulu ödəməkdən boyun qaçırır. Dedim ki, necə vermir, gedib milisə şikayət edərik. O, isə məni sakitləşdirib, “Ora düşsəniz, hərəniz 5-10 minə canınızı qurtara bilməyəcəksiniz. Yaxşısı budur bir yol tapıb, qayıdasınız evinizə”-dedi.

Sənanın dediyinə görə, bazarda çalışan azərbaycanlıların köməyi ilə, o və yoldaşları güc-bəla ilə ailələrinə qayıda bilib. İndi yaxın qohumları və dostları belə vəziyyətə düşdüklərinə görə Sənanı lənətləyirlər.  Sənani isə xəstə canının hayındadır.

 

İşsiz adam tez aldanır

 

Mingəçevir Valideynlər Assosiasiyasının içraçı direktoru Yeganə Nəbiyeva deyir ki,  problemin böyüməsi əsasən əhalinin məlumatsızlığı,  həm də  sosial vəziyyətinin ağırlığı ilə bağlıdır: “Yaxşı işi olmayanı, işsiz insanı aldatmaq çətin deyil. O, fikirləşir ki, burda ac qalmaqdansa kənarda çoxlu pullar qazana bilər. Daha başa düşmür ki, sağlamlığını, hətta tamamilə  həyatını itirə bilər”.

Y.Nəbiyevanın fikrincə, hüquq-mühafizə orqanları qul əməyi ilə bağlı şikayətləri araşdırmaqdan çəkinirlər, inşaat sektoruna nəzarət edən nüfuzlu fiqurların qəzəbindən qorxurlar: “Potensial qurbanların polisdə ilkin dindirilməsi zamanı vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakına şərait yaradılmır. Qurbanları müdafiə edən təşkilatların maliyyələşdirilməsini gücləndirməyə, belə təşkilatlardan ibarət şəbəkənin Bakının xaricində də inkişafına diqqəti  artırmağa ehtiyac var”

 

Məqalə Beynəlxalq Miqrasiya Təşkilatının və «İnsan Alveri Qurbanlarına Dəstək» Konsorsiumunun birgə həyata keçirdiyi “Regionda insan alveri probleminin qarşısının alınması və stereotiplərin aradan qaldırılması üçün maarifləndirmə” proqramı çərçivəsində dərc olunur.

Məqalə Qiyməti