Ana bətnində cinsiyyət ayrı-seçkiliyi

:
"Gələcəyin anası olacaq bu körpənin həyatı bizim əlimizdədir"

Ekspertlər doğulmamış qız övladlarının məhv edilməsini uşaq və insan hüquqlarının vəhşicəsinə pozuntusu kimi qiymətləndirirlər


Hər il Azərbaycanda on minlərlə qız uşağı selektiv abortların qurbanı olur. Buna görə nə valideynlər,  nə həkimlər, nə də hökumət məsuliyyət daşımır.

 

Qızbəs - yəni daha qız bəsdir

 

-Adın nədir?

-Qızbəs.

-Niyə sənə bu adı qoyublar?

-Hər dəfə adım çəkiləndə  soruşurlar ki, neçə bacısınız? Adımdan utanıram, buna görə həmişə komplekslərim var.  Bir ara istədim dəyişəm, amma fikirləşdim ki, bu, mənim taleyimdir, onsuz da məni tanıyanlar yenə Qızbəs deyəcəklər.  

Qızbəs xanım deyir ki, ailənin 2-ci övladı olub: “Atam qız övladı istəmirmiş. Mən dünyaya gələndən sonra dalbadal qız doğulduğunu görüb, çox məyus olub: “Axı niyə bu qədər qız?” Mənə “Qızbəs” adını qoyublar ki, daha qız bəsdir.  Bundan sonra da mənim 2 bacım  olub. Atam isə acıq edib, anamdan ayrılıb, başqası ilə evlənib”. 

Müsahibimiz indi özü də anadır, 1 qızı var.  Deyir ki, atasının anası ilə ayrılmağı öz işidir, amma onları atmağa haqqı yox idi: “Mənim atam kimi əksər  valideynlər   düşünür ki, gələcəkdə onlara oğulları baxacaq. Buna görə də oğlanlarını daha çox sevirlər.  Hətta təhsilli ailələr də uşaqlarının oğlan olmasını arzulayırlar.  İnsanlar unudurlar ki, övladı ailəyə  Tanrı bəxş edir. Allahın payından necə imtina etmək olar?”

 

100 hamilə qadından 30-u abort  etdirir

 

“Azərbaycanda hamiləliyin 46 faizi diri doğuşla başa çatır, 49 faizi isə abortla dayandırılır”.

Bu məlumat  "Azərbaycanda doğulan uşaqların cinsə görə nisbətinin pozulmasına zəmin yaradan mexanizmlər: keyfiyyət və kəmiyyət əsaslı tədqiqat"da əksini tapıb.  Ailə, Qadin və Uşaq Problemləri üzrə Dövlət Komitəsi  (AQUPDK) və BMT-nin Əhali Fondu tərəfindən  keçirilən və nəticələri hələ üç il əvvəl elan edilən tədqiqatda qeyd olunduğu  kimi, süni abortla dayandırılan hamiləliklərin sayı qadının yaşı və hamiləliklərin sıra nömrəsi artdıqca yüksəlir, hətta  34-35 yaş arasında olanların dörddə üç hissəsini əhatə edir: “İlk hamiləliklərin yalnız 2 faizi abortla nəticələnir, lakin beşinci və daha sonrakı hamiləliklərdə bu göstərici 83%-ə qalxır. Ailədə olan uşaqların sayı artdıqca abortu həyata keçirən qadınların faizi də çoxalır”.

Bunlar rəsmi statistikadır.  Nəzərə alsaq ki, tibb müəssisələrindən kənarda, bəzən evlərdə də bu gün abortlar həyata keçirilir, onda açıq-aydın görünür ki, bu, gələcəkdə demoqrafik problemə çevrilə bilər. Yeri gəlmişkən, AQUPDK Azərbaycanda boşanma və selektiv abortların səbəblərini, bunların nəticələrini araşdırmaq və təhlillər aparmaq məqsədilə boşanmalar və selektiv abortlarla bağlı sorğu anketləri hazırlayıb və oktyabr ayından etibarən internet səhifəsində  yerləşdirib: “Sorğunun nəticələrinə əsasən, bu problemlər cavablara uyğun olaraq öyrəniləcək və müvafiq istiqamətlər üzrə tədbirlər görüləcək”- Komitənin informasiya və analitik araşdırmalar şöbəsinin məlumatında belə deyilir. 

Dövlət Statistika Komitəsinin açıqlamasında isə bildirilir ki, 2015-ci ldə ölkədə 27452 abort  qeydə alınıb, onların 886-ı və ya 3,2 faizi  ilk dəfə hamilə olmuş qadınlar tərəfindən həyata keçirilib. Statistik göstəricilər aşağıdakı cədvəldə əksini tapıb.

2015-ci ildə yaş qrupları üzrə abortların sayı

(15-49 yaşlı hər 1000 qadına hesabı ilə)

 

 

 

Yaş qrupları

Abortların sayı

15-49 yaşlı hər
1 000 nəfər qadına düşən abortların sayı

15-17

50

0.3

18-19

1,425

9.9

20-24

5,983

13.8

25-29

8,573

18.1

30-34

7,362

17.6

35+

4,059

4.0

Cəmi

27452

10.3

Cədvəldən göründüyü kimi, il ərzində 1000 fertil yaşda olan qadına 10,3  abort düşür.  Amma Dövlət Statistika Komitəsi selektiv abortlar (valideynlərin cinsiyyətinə görə uşaqdan imtina etməsi) haqqında məlumat vermir. Qeyri-rəsmi statistikaya görə isə hər 100 hamilə qadından 30-u  bu məqsədlə abort  etdirir.

 

Qızı olan analara baxanda…

 

Bəsti xanımın 3 oğlu var.  Deyir ki, balaca olanda nənəsi ona və bacılarına baxıb, köksünü ötürərmiş: “Oğlan doğulsaydınız,  nəslimizin davamçısı,  ev-eşiyimizin sahibi olardınız,  ailəmizi qoruyardınız. Amma indi gedib başqasının ocağını qızdıracaqsınız”.    

-Bəs  qardaşa  bacı, anaya qız  lazım deyil?-soruşuruq.

-Əslində mən indi qızı olan analara baxıb, köksümü ötürürəm. İndi başa düşürəm ki,  oğlanlarıma bacı da lazımdır. Qaynanam, qaynatam, ərim  isə nənəm kimi düşünürlər. Deyirlər ki, qız nəyə lazımdır? Qız yükü ağırdır, sabah bilmirsən kimin evinə düşəcək, nə kimi problemlər yaşayacaq. Onların fikrincə, qız ailə qurub gedir,  oğlan isə yanımızda qalır. 

Yaşı səksəni  ötmüş Şubay müəllim isə  oğlanlarını qızlarından üstün tutanlara haqq qazandırmır. Deyir ki, bu ahıl çağında oğullarının hərəsi bir diyardadır, qalıb qızının ümidinə: “Həyat yoldaşım ölənə qədər çətinliyim yox idi. İndi oğlanlarımın yadına da düşmürəm. Yaxşı ki, qızım var, bu gün  qayğıma da o qalır. Yeməyimi verir, paltarımı yuyub, ütüləyir. Pensiyamdan bir manata da dəymir. Deyir nəyə ehtiyacın var, ona xərclə…” 

 

Toy günündə matəm marşı

 

Mingəçevir Valideynlər Assosiasiyası idarə heyətinin üzvü Yeganə Nəbiyevanın dediyinə görə, zərərli mentalitetdən gələn bir sıra adətlər cəmiyyətdə qadının rolunu azaltmağa, onu asılı vəziyyətə salmağa hesablanıb: “Toy mərasimlərində qadına deyirlər: “Biz inanırıq ki, gəlinimiz ömrünün sonuna qədər ərinə qulluq edəcək, onun bir sözünü iki etməyəcək”. Burdan belə nəticə çıxır ki, qadın ərə gedəndən sonra ərinin itaətində olmalıdır.  Bütün toylarda gəlinə oğlan övladı doğmaq arzulanır.  Hətta onun qucağıana oğlan  uşağı qoyulur və deyilir: “Yeddi oğul istərəm, bircə dənə qız gəlin”. Düşünürəm ki, qızlarımızın ana bətnində ölümə məhkum edilməsinin təməli də  elə toy günündən qoyulur.  Qohumlarının və yüzlərlə qonağın qarşısında bu sözləri eşidən bəy və gəlin üçün stereotiplər dəmir qaydaya çevrilir. Sanki toy günündə gələcək körpə qızlar üçün matəm marşı çalınır”. 

“Bu gün abort adi hala, sanki həyat tərzinə çevrilib. Qadın hətta işdə, nahar fasiləsində də abort elətdirib, yenidən işə qayıda bilir”.  Həkim-ginekoloq  Südabə  Hacıyevanın fikrincə, əvvəllər abort iqtisadi vəziyyətə görə idi, son 20 ildə-ultrasəs yayılandan  bəri isə valideynlər uşağın cinsinə görə seçim edirlər:  “Yeri gəlmişkən, abortun ambulator şəraitdə 4-5, stasionar şəraitdə isə 11-12 həftəyədək həyata keçirilməsi mümkündür.  Düzgün aparılmazsa, uşaqlığın divarlarını zədələyir, digər orqanları da sıradan çıxarır. Nəticə isə acınacaqlı olur. Mənim bir xəstəm var, birinci dəfə qıza hamilə idi. Onu abort elətdirdi. İndi o, hamilə qalmaq istəyir, amma qala bilmir. Abortdan sonra  onun yumurtalığında problem yaranıb. Məncə kişilər məsələyə həssas yanaşmırlar. Axı dölün cinsi kişidən asılıdır”.

 

“Abort etmək üçün heç bir səbəb, bəhanə gətirilməməlidir”

 

Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Səhiyyə Nazirliyinin “Tibb” qəzetinə müsahibəsində deyib: “Bu mövzuda dinimizdə üzrlü səbəb yalnız ananın həyatının təhlükədə olmasıdır ki, bu xüsusda uşağın cisminə ruh daxil olmazdan qabaq onu saldırmağa icazə verilir. Əgər uşağın cisminə ruh daxil olubsa, yəni dörd aylıqdırsa, heç bir təqdirdə icazə yoxdur”. 

A.Paşazadə əlavə edib ki, cahilliyə, yəni İslamdan əvvəlki dövrdə qız uşaqlarının diri-diri torpağa gömülməsi kimi Allah tərəfindən bəyənilməyən bir əməlin indi selektiv abortlar şəklində həyata keçirilməsi böyük günahdır: “İnsanların əksəriyyəti bu cinayətlərin fərqinə varmırlar. Bunun qarşısının alınması üçün ciddi tədbirlər həyata keçirilməlidir”.

 

Cinsiyyət  ayrı-seçkiliyi  bərabərsizliyə aparır

 

Hüquq müdafiəçisi İnqilab Həsənov da abortu cinayət hesab edir:  “Abort  hazırda islam ölkələrinin bir çoxunda, o cümlədən Birləşmiş Ərəb Əmirlikləri, Suriya, Misir, İran, İraq, Yəməndə, eləcə də bəzi xristian ölkələrində, məsələn, Çilidə, hətta ABŞ-ın bəzi ştatlarında tamamilə qadağandır: “Bu ölkələrdə abort daxili orqanlara qarşı cinayət sayılır. Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan ananın uşağı saldırması ilə qətlə yetirilən uşaq arasında fərq görmür. O, hətta abortu  kürd separatçılarının qətlə yetirdikləri insanlarla müqayisə edir”.

İ.Həsənov deyir ki, İspaniyada qanun qadınların sərbəst şəkildə aborta qərar vermək azadlığının qarşısını kəsir. Bu ölkədə yalnız iki halda aborta icazə verilir: əgər hamiləliyin səbəbi zorlamadırsa və hamiləlik ananın fiziki və psixoloji sağlamlığına davamlı şəkildə təhlükə törədirsə. İkinci şərt iki müxtəlif həkim tərəfindən təsdiq olunmalı, bu həkimlər abortun həyata keçiriləcəyi klinikanı təmsil etməməlidir. Statistikaya görə 2012-ci ildən bəri İspaniyada abort edənlərin sayı azalmaqdadır.

Ekspertin fikrincə, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu  hər bir qadına analıq barədə məsələni təkbaşına həll etmək hüququ verir: “30-cu maddədə deyilir ki, hamiləliyin süni surətdə pozulması qadının arzusu ilə hamiləliyin 12 həftəlik müddətinədək aparılır, sosial göstərişlər üzrə süni pozulma hamiləliyin 22 həftəliyinədək aparıla bilər. Təbii ki, bu qanunla selektiv abortların qarşısını almaq mümkün deyil. Dövlət məsələyə müdaxilə etməlidir. Əks halda uşaq hüquqlarının vəhşicəsinə pozulmasına,  bərabərsizliyə gətirən cinsiyyət ayrı-seçkiliyinin qarşısını almaq mümkün olmayacaq”.

 

Qanun da lazımdır,  maarifləndirmə  də...

 

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli mətbuata açıqlamasında bildirib ki, abortun qadağan olunması məsələsi Ailə Məcəlləsində və “Əhalinin sağlamlığının qorunması haqqında” qanunda öz əksini tapa bilər: “Abort vəhşilik, insanın öldürülməsi, eyni zamanda insanların seksual tərbiyəsinin aşağı olmasıdır”.

Millət vəkili Musa Quliyevin fikrincə,  “Reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması haqqında”  qanun qəbulundan sonra süni texnologiyaların tətbiqi ilə uşağın cinsini seçməyin qarşısını almaq üçün İnzibati Xətalar və Cinayət məcəllələrinə müvafiq dəyişikliklər olacaq: “Dünyanın əksər ölkələrində bu qadağalar var”.

Deputat Rafael Cəbrayılov isə  bəzi valideynləri həkimlərlə birlikdə günaha əl atmaqda suçlayır. Onun fikrincə, selektiv abortlar nəticəsində gələcəkdə  ölkədə  qız qıtlığı yarana bilər: “Acınacaqlı hal budur ki, selektiv abortların böyük əksəriyyəti müsəlman ölkələrinin payına düşür. Çünki məhz müsəlman ölkələrində “oğlan uşağına hərislik” sindromu yaşanır. Son illər Azərbaycanda doğulan uşaqların cinsi nisbəti 54%-in 46 %-ədir. Yəni, hər 100 doğulan uşağın 54-ü oğlan, 46-sı isə qızdır. Xalqımızın genefondunun zədələnməsinə həmin USM mütəxəssisləri öz “töhfə”lərini verir, fərqinə belə varmadan Allahın iradəsinə qarşı çıxan valideynin günahına şərik olurlar. İnsanlar anlamalıdırlar ki, onların bu hərəkəti demoqrafik balansın pozulmasına gətirib çıxardır. Azərbaycan xalqının mənafeyi baxımından bu hal inzibati tənbehə, ağırlaşdırıcı hallarda isə cinayət cəzasına layiqdir”.

“Tərəqqi" Sosial İnkishaf İB-nin rəhbəri Telman Dadaşov  həm kişilərin, həm də qadınların öz reproduktiv sağlamlıqlarının qeydinə qalmasını vacib sayır. Onun qənaətinə görə, əhalinin müxtəlif yaş qrupları arasında, orta və orta ixtisas məktəblərinin yuxarı siniflərində, ali təhsil müəssisələrində selektiv abortların təhlükəsi barədə maarifləndirici tədbirlərin keçirilməsi vacibdir: “Abort məqsədi ilə qadın məsləhətxanalarına, xəstəxanalarına müraciət edən hamilə qadınları fikirlərindən daşındırmaq üçün həkimlər abortun fəsadları, psixoloqlar isə bunun psixi cəhətdən törədə biləcəyi problemləri izah etməlidirlər”.

 

Bu günün birincisi:  20 oğlan, 6 qız

 

Yazını tamamlamaq anında facebook sosial şəbəkəsində Vəfa Məmmədova adlı istifadəçinin maraqlı fikirlərinə rast gəldik. Əslində bu,  ölkədə selektiv abortların ağır nəticəsindən bəhs edən bir acı hekayəydi:  “Dünən qızımın ilk valideyn iclası idi. Uşaqlar və valideynlər- hamımız oturub sinifdə müəllimələrə qulaq asırdıq. Mənim fikrimi bir şey cəlb etdi və təbii ki, fikrim iclasın gedişatından tamamilə yayınıb ora yönəldi. Sinifdə  ümumi 26 şagird var, onların yalnız 6-sı qız idi. Gedişatdan o qədər uzaqlaşmışdım ki, müəllimə özü bunu hiss edib,  mənə müraciət etdi. Mən üzr istəyib,  fikrimi yayındıran məsələnin nə olduğunu dedim. Dözmədim çünki. Sən demə,  bu müəllimənin də yaralı yeri imiş. Və mənə əvvəlki sinfində də 5-6 qız olduğunu dedi. Demək bu,  artıq özünü bu dərəcədə qabarıq göstərir. Hara gedəcək bunun sonu? Niyə insanlarımız maariflənmir? Niyə məntiqsizləşirlər, qəddarlaşırlar?  Biz ananı müqəddəs sayırıq, kişilərimiz anaları üçün ağlayırlar. Amma özləri gələcəyin analarını məhv edirlər”.

...Əslində bu sinifdəki altı yaşlı qızların sayı ən azından 13-14 nəfərə çata bilərdi. Amma... Yaxşı ki, bu 6 qızcığazı bir neçə  il əvvəl xilas edə biliblər...   


Məqalə Qiyməti