Hicablı qadınlara aid qadağalar

: NÜMUNƏLƏR
NÜMUNƏLƏR

Ölkəmiz  əsrlər boyu İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olub. Azərbaycan dövləti İslam dininin yayılmasında və eyni zamanda Müsəlman İntibahının bərqərar olmasında mühüm rol oynayıb. Bununla belə Azərbaycan Respublikası İslam Əməkdaşlıq Təşkilatının, İSESKO-nun, həmçinin müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvü seçilərək İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər yaradaraq, qlobal əhəmiyyət kəsb edən bir sıra mühüm mədəni forumların təşkilatçısı kimi çıxış etməkdədir.

Respublikamızda tolerantlıq mühitinin təşəkkül tapması, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulması, islam dəyərlərinin təbliğinə verilən böyük töhfələr sayəsində Azərbaycan İslam aləmində çox böyük hörmətə malik bir ölkə olmuşdur.

2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında ölkə prezidentinin imzaladığı Sərəncam, bu günlərdə ev sahibliyi etdiyimiz IV İslam Həmrəyliyi Oyunlarının  keçirilməsi, sovetdən qalma dinlə bağlı sərt qadağaların aradan qaldırılması, Azərbaycanın İslam aləmində qazandığı nüfuz ölkəmizdə islami dəyərlərə yüksək qiymət verildiyinin bariz nümunəsidir.

Dövlət başçısının Azərbaycanı müstəqil, İslam dəyərlərinə sadiq bir ölkə kimi, eyni zamanda, müasirlikdən geri qalmayan bir ölkə kimi dünyaya tanıtdığı və İslama qarşı çirkin kampaniya aparanlara qarşı sərt mövqe tutduğu bir zamanda dini etiqadlara sadiq olan Azərbaycan vətəndaşlarının, xüsusən hicablı qadınların hüquqları bəzi nüanslarda qorunmur. Məsələn, işləmək istəyənlərin problemlərlə qarşılandığının çox şahidi olmuşuq. Xeyli vaxtdır hicab örtüyündən istifadə etdiyim üçün mənim maraqlarımla üst-üstə düşən bu problem barədə kiçik bir araşdırma apardım. Axtarışlarıma rəğmən İslam dövləti olan Azərbaycanda azərbaycanlılara məxsus şəxsiyyəti təsdiq edən vəsiqələrdə və ümumvətəndaş pasportlarında çəkilmiş şəkillər arasında başı örtülü olanlara rast gəlmədim. Qeyd edim ki, son illər xalqımızın inanclı qadınları arasında hicab örtüyünə üstünlük verənlərin sayı kifayət qədərdir. Lakin həmin vətəndaşlarımızdan rəsmi sənəd alarkən “qanuna” əsasən mütləq şəkildə qadınlardan başı açıq şəkil çəkdirilməsi tələb olunursa, əlbəttə ki, bu halda hicabsız fotoşəkillərdən imtina edən qadınların hüquqları pozulmuş olur. Lakin inanclı vətəndaşlarımız məhz öz hüquqlarını və  qanunları doğru bilmədiyindən haqlarını tələb etmirlər. Nəticədə ya sənədsiz qalır, yaxud da məcburən başı açıq şəkil çəkdirirlər. Ancaq qeyd edim ki, Azərbaycan Respublikasının Konstitusiyasında, eləcə də Azərbaycanın qoşulduğu, respublikamızın hüquq sisteminin ayrılmaz tərkib hissəsi olan beynəlxalq aktlarda vicdan, dini etiqad azadlığı bütünlüklə təsbit edilib və Azərbaycan qanunlarına əsasən inanclı qadınların dövlət əhəmiyyətli rəsmi sənədlər üşün hicabla şəkil çəkdirilməsində heç bir qadağa yoxdur.

Faktlara nəzər salaq. 30 dekabr 2011-ci il tarixli  “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanunun 3.3-cü maddəsinin yeni redaksiyasında qeyd olunub ki, şəxsiyyət vəsiqəsinin üzərində vətəndaşın Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəkli yerləşdirilir. 7 fevral 2012-ci ildə AR Prezidentinin imzaladığı fərmanla təsdiqlənən “Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinin təsviri” adlı əlavə 1-də isə kriteriya daha dəqiq göstərilərək, şəxsiyyət vəsiqəsinin üzərindəki fotoşəklin Beynəlxalq Mülki Aviasiya Təşkilatının 9303 nömrəli sənədinin tələblərinə uyğun olduğu qeyd olunub. Bəli, bu sənədin fotoşəkilə aid tələblərinə əsasən hicabla şəkil çəkdirmək qanuna zidd deyil. Belə ki, sənədin 1-ci hissənin 1-ci cildinin 4-cü fəslinin 11 saylı əlavəsində pasportlar, istifadə edilən başqa sənədlər üçün dini adətlər, tibbi göstərişlər və mədəni ənənlərlə bağlı baş geyimi ilə olan fotoşəkildən istifadə etmək imkanı  nəzərdə tutulub. Hətta həmin sənəddə hicabla çəkilmiş pasportlar və istifadə edilən başqa sənədlər üçün yararlı foto nümunələri də göstərilib. Göründüyü kimi Azərbaycanda inanclı vətəndaşların rəsmi sənədlərin alınmasına, ölkədən çıxışına heç bir məhduduyyət qoyulmur. Bununla belə, 1992-ci ildən Azərbaycan Respublikasının üzv olduğu Beynəlxalq Mülki Aviasiya Təşkilatının standartlarına tamamilə müvafiq olmasına baxmayaraq, inanclı qadınlar şəxsiyyəti təsdiq edən vəsiqə və ümumvətəndaş pasportunun istədikləri kimi hicablı şəkillə alınmasında problem yaşayırlar.

“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” və “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanunları, onların tətbiqi barədə Əsasnamələrin təsdiq edilməsi haqqında Fərmanları, bu qanunlar haqqında sonradan edilmiş dəyişiklikləri diqqətlə izlədim, lakin hicabla bağlı heç bir qadağaya rast gəlinmədi. Hətta xidmətləri həyata keçirən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Ağentliyinin tabeliyində olan “Asan xidmət” mərkəzinin rəsmi saytlarında da bu haqda olan məlumatlarda qadağalar yoxdu.

Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi haqda Qanunda qeyd olunub ki, “Şəxsiyyət vəsiqəsinin üzərində vətəndaşın soyadı, adı, atasının adı, vətəndaşın cinsi, doğulduğu tarix, qan qrupu, fərdi identifikasiya nömrəsi, vəsiqənin nömrəsi və etibarlılıq müddəti göstərilir, həmçinin şəxsiyyət vəsiqəsi sahibinin şəxsi imzası və Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinə uyğun fotoşəkli yerləşdirilir.” “Vətəndaşın əl-barmaq izlərinin götürülməsi, habelə Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinə uyğun fotoşəklinin çəkilməsi pasportu verən orqanda həyata keçirilir.”

“Asan Xidmət”in saytında isə şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün zəruri olan sənədlər barədə “Bir neqativdən eyni ölçüdə çıxarılmış, sifətin papaqsız, gündəlik həyatda ona xas olan xarici görkəm və əlamətlərlə (eynək, saqqal, bığ və s.) yalnız öndən görünüşü təsvir edilmiş 3x4 ölçüdə 2 (iki) ədəd rəngli fotoşəkil” yazılıb. Yəni, buna əsasən düşünmək olar ki, inanclı bir qadın gündəlik həyatda göründüyü kimi, hicablı şəkil çəkdirə bilər. Əslində saçlar insanın tanınmasında xüsusi önəm daşımır. Bu gün ağ, qara, sarı, qırmızı, uzun, gödək, həqiqi, yaxud süni saçlı birisi sabah saçlarını başqa rəngə, formaya sala bilər. Üz cizgilərini isə təbii ki, asanlıqla dəyişmək olmur. Eyni zamanda fərqli şəkillərlə gündəlik görünüş arasında müxtəliflik olduqda insanlar arasında çaşqınlıq yarana bilər.

Bununla bağlı “Asan Xidmət”ə sorğu ilə müraciət etdim. Lakin nəticə ürəkaçan olmadı və sualımı cavablandırmaq üçün elektron məktubum Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə göndərildi. Oradan gələn cavabın qısa məzmunu isə belə oldu ki, başı örtülü halda çəkilmiş foto ilə şəxsiyyət vəsiqəsinin verilməsi mümkün deyil. 

Bu qərarla bağlı mümkün qədər daha çox məlumat toplamağa çalışdım. Və nəticədə Azərbaycan Respublikasının Prezidenti  İlham ƏLİYEVİN 19 aprel 2013-cü il  618 saylı qərarına əsasən  Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 29 noyabr tarixli 928 nömrəli Qərarının 2013-cü il sentyabrın 1-dən ləğv edildiyini öyrəndim. Bu halda məlum olur ki, ləğv edilmiş bir əsasnaməyə əsasən cavab verən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi sadəcə vətəndaşı məqsədindən yayındırmağa çalışdığını demək olar.

Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUnun tələblərinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının ölkədən getmək və ölkəyə gəlmək hüququ Azərbaycan Respublikasının hər bir vətəndaşı Qanunda nəzərdə tutulmuş qaydada xüsusi ayrılmış nəzarət məntəqələrindən keçib sərbəst surətdə ölkədən getmək və ölkəyə gəlmək hüququna malik olduğu, ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilmədiyi halda, gündəlik həyatında hicabdan istifadə edən qadınların başı açıq halda şəkil çəkdirməyə məcbur edilməməlidir. Əksinə islami dəyərlərə zidd halda həcc, yaxud digər əcnəbi ölkələrdə yerləşən müqəddəs yerlərin ziyarətinə getməyə hazırlaşan azərbaycanlı xanımların ümumvətəndaş pasportundakı şəkilləri özləri də istəmədən açıq halda çəkilir.

Ancaq demək olmaz ki, Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələbləri Azərbaycanda qətiyyən yerinə yetirilmir.  Məsələn, IV İslam Həmrəyliyi Oyunlarının təşkili və keçirilməsi ilə əlaqədar akkreditasiya tədbirləri haqqında AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ 21 aprel 2017-ci il tarixli QƏRARına əsasən IV İslam Həmrəyliyi Oyunlarının təşkili və keçirilməsi ilə əlaqədar akkreditasiya kartının formasında qeyd edilib ki, akreditasiyadan keçmiş şəxslərə verilən kartın sol hissədə kart sahibinin fotoşəkli üçün yer nəzərdə tutulur. Fotoşəklin altında kart sahibinin adı, soyadı, vəzifəsi, təmsil etdiyi təşkilatın adı əks olunur. Fotoşəkil Beynəlxalq Mülki Aviasiya Təşkilatının 9303 nömrəli sənədinin tələblərinə uyğun olmalıdır. Bəli, Bakı-2015 Avropa oyunlarının keçirilməsi zamanı da eyni tələblər irəli sürülmüşdür. Hər iki idman oyunlarının gedişatını izləmək üçün müraciət edən və akreditasiyadan keçən hicablı xanımların fotoşəkilləri məhz başı açıq deyil, hicabla qəbul olundu. Bu da əsas verir ki, hicablı qadınların ömürlük istifadə etdiyi şəxsiyyətini təsdiq edən vəsiqəsində, eləcə də ölkədən kənara getmək istədikdə alacağı ümumvətəndaş pasportundakı şəkillərinin gündəlik həyatda olduğu kimi hicabla çəkilməsini istəsinlər.

Beynəlxalq təcrübələrə nəzər salsaq, görərik ki, bir çox vicdan, dini etiqad azadlıqlarına hörmət edən dövlətlərdə, məsələn ABŞ-da, Kanadada, ayrı-ayrı Avropa ölkələrində, Avstraliyada, Rusiyada, Gürcüstanda  pasport və şəxsiyyəti təsdiq edən sənədlər üçün hicablı  fotoşəkildən istifadə etməyə heç bir qadağa yoxdur. Həmin dövlətlərdə vətəndaşlara pasportlar üçün fotoşəkillərin nümunələri göstərilir və müraciət edənlərin dini səbəblərə görə baş geyimləri varsa həmin nümunələrə uyğun olan şəkillər qəbul edilir.

Azərbaycanla həmsərhəd olan Rusaya Federasiyası xristian bir dövlət olsa da orada yaşayan çoxsaylı müsəlman vətəndaşlar heç bir problem yaşamadan hicabla vətəndaş pasportlarına sahib ola bilirlər. Bəs niyə müasir dünyanın inkişaf edən ölkələrilə yarışan Azərbaycanda bu qayda tətbiqində kölgələr görünür?

Elnarə xanım Azərbaycanda doğulub, lakin Rusiya vətəndaşıdır. Onun pasportundakı fotoşəkli hicabladır. O, uzun illər istifadə etdiyi, hörmət və sevgi bəslədiyi hicab örtüyü haqqında daim yüksək fikirdədir və buna qarşı hər zaman diqqətlidir. Eyni zamanda heç kəsin qarşısında, hətta şəkildə belə olsa başı açıq şəkildə görünmək arzusunda deyil. Elnarə xanım çox böyük fəxrlə onun prinsiplərinə, inancına, gündəlik həyatına, şəxsiyyətinə vətəndaşı olduğu dövlət tərəfindən dəyər verildiyini qeyd edir. Azərbaycan vətəndaşı olan yüzlərlə hicablı qadın isə arzusunda olduğu bu  hissi yaşamaq hüququndan məhrumdur.

Din xadimi olan Vüqar Həsənov bu barədə fikirlərini bildirdi. “Bu gün Azərbaycan dövlətçiliyinin istər ictimai-siyasi, iqtisadi, istər sosioloji-mədəni sahələrdə, istərsə də milli-mənəvi dəyərlər, milli mentalitet, dini mədəni irsimiz nöqteyi nəzərindən, həmçinin tolerantlıq və multikulturalist ideyaların inkişaf və təşəkkülünün Azərbaycanda yüksək səviyyədə formalaşması Azərbaycan dövlətçiliyi inkişafının inkarolunmaz nümanələrindəndir. Hətta dövlətimizin həyata keçirdiyi multikulturalist ideyaların Avropa universitetlərində yüksək səviyyədə tədris olunması bir daha Azərbaycan üçün üstünlük və titul mövqeyindədir. Bütün bunlara rəğmən respublikamızda inanclı, dini etiadlı vətəndaşların hüquqlarının bərpa edilməməsi çox təəccüblü hallardandır. Buna  misal olaraq hicablı qadınların şəxsiyyət vəsiqəsi və xarici ölkələrə getmək üçün lazım olan parsportlara hicablı şəkil çəkdirilməsinə qoyulan qadağanı göstərmək olar. Və ən təəccüblüsü budur ki, Rusiya kimi qeyri-müsəlman olan bir dövlət öz vətəndaşlarının millət və dini inanclarından asılı olmayaraq bütün hüquqlarını bərpa edir. Yəni dini etiqadlara riayət edən müsəlman qadınların hicabla pasport və ya hər hansı bir sənəd üçün şəkil çəkdirməklərində heç bir qadağanın olmadığı bir halda, tolerantlıq və multikulturalizmin bariz nümunəsinə çevrilmiş Azərbaycan dövlətçiliyində bu kimi məsələlərdə problem yaşanır. Mən hesab edirəm ki, ölkəmizdə inanclı insanların miqrasiya hüquqlarının həll edilməsində rast gəldikləri bu problem tezliklə dövlət səviyyəsində öz həllini tapacaq.”

Beynəlxalq təcrübələrə də göstərir ki, bu gün dünyanın 110-dan çox ölkəsində biometrik texnologiyaların tətbiq olunması ilə vətəndaşlara ayrı-ayrı sənədlər təqdim edilir. Müsəlmanların rəsmi orqanlara etdiyi müraciətlərə müsbət cavab verən dövlət dini islam olmayan müxtəlif dövlətlər Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) müəyyən etdiyi biometrik pasportlarda hicabla şəkil çəkdirilməsinə icazə verir və hicablı şəkillərin şəxsiyyəti təsdiq edən sənədlərdə yer alması qanunla həll olunur. Çünki biometrik pasport - İCAO-nun müəyyən etdiyi yüksək texnologiya və təhlükəsizlik elementlərinin işlədilməsi ilə biometrik məlumatlarla təchiz edilmiş pasportlardır və burada dəqiq informasiyaların olması, şəxsin tanınmasını problemə çevirmir. Ümid edirik ki, ölkəmizdə yeni nəsil pasport alanlar yuxarıda haqqında danışdığım problemlə qarşılaşmasın. 

əlavə

yüklə | mektub.pdf (173kb)

Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsindən gələn məktub

Məqalə Qiyməti