Ölkə başçısı İlham Əliyev: "Azərbaycanda yeniyetmə idmanı çox yüksək səviyyədədir.”

: Gənc idmançılar məşq edərkən
Gənc idmançılar məşq edərkən

Burda gələcəyin idmançıları yetişir

Hər bir millətin gələcəyinin, inkişafının təməlini, ilk növbədə, yeni nəslin nümayəndələrinin böyüdüyü mühitin fiziki və mənəvi sağlamlıq vəziyyəti müəyyən edir. Cəmiyyətdə məhz belə mühitin formalaşdırdığı insanlar yüksək mədəniyyəti və intellekti ilə daim diqqət mərkəzində olurlar. Bu gün gənc nəsil müasirliyin zirvəsinə doğru irəliləyir. Həm fiziki, həm də mənəvi cəhətdən insanı saflaşdıran bədən tərbiyəsi və idman da mühüm bir sahə kimi yeniyetmələrin ictimai mühitə uyğunlaşmasında, onların gələcəkdə cəmiyyətdəki inkişafında böyük rol oynayır. Çünki ölkəmizə hərtərəfli inkişaf etmiş sağlam və güclü nəsil lazımdır və xalqın inkişaf göstəricisi üçün çox vacibdir. Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, ölkəmizdə yüksək intellektə, müasir dünyagörüşə malik gənc nəsil yetişir. Respublikamızda idmanın inkişafına yüksək səviyyədə diqqət və qayğı göstərilir. Bu həm də ölkəmizin dünyadakı təbliği və gənc nəslin formalaşması üçün vacibdir.

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin söylədiyi "Azərbaycanda uşaq və yeniyetmə idmanına həmişə böyük diqqət göstərilmişdir. Bu, bizim gələcəyimizdir. İlk növbədə, gənc kadrlar, gənc nəsil yetişir. Digər tərəfdən, bu onu göstərir ki, gənclərimiz idmana çox böyük maraqla yanaşırlar. Bizim də məqsədimiz bundan ibarətdir ki, sağlam gənc nəsil yetişsin" fikrini rəhbər tutan potensiallı gənclərimizin nümunəsində bu gün idman müstəqil dövlətimizin mədəniyyətinin, ideallarının təbliğatçısına çevrilib. Dünyanın müxtəlif ölkələrində keçirilən yarışlarda himnimizin səsləndirilməsi, dövlət bayrağımızın qaldırılması, idmançılarımızın saysız medallarla vətənə dönməsi Azərbaycan idmanının inkişafından xəbər verir. Olimpiya mərkəzlərinin yaradılması, məşq zallarının müasir idman avadanlıqları ilə təchiz edilməsi, habelə məşqlərin yerli və xarici müəllimlər tərəfindən aparılması, təlim-məşq toplantılarının uzaq-yaxın xarici ölkələrdə keçirilməsi uşaq və gənclərin fiziki inkişafında müsbət rol oynayır. Beynəlxalq standartlara cavab verən idman qurğularının - Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Su İdman Mərkəzi, Respublika Velotrek kimi kompleks və arenaların inşası, bölgələrdə istifadəyə verilən idman mərkəzlərinin varlığı yeni nəslin hərtərəfli inkişafına müsbət təsir göstərir.

Eyni zamanda artıq bir ənənəyə çevrilən beynəlxalq idman yarışlarına ev sahibliyi etmək azərbaycanlı gənclər üçün dünyaya açılan əvəzolunmaz bir qapıdır.  Beynəlxalq tədbirlərin ölkəmizdə ardıcıl təşkil olunması bacarıqlı gənclərimizin beynəlxalq aləmə inteqrasiyasında əhəmiyyətli rol oynayır və onların liderlik qabiliyyətini möhkəmləndirir.

Gələcəyə doğru inamlı addımlarla

Demək olar ki, cüdo idman növü Azərbaycanda çox populyardır. Bu idman növü üzrə məşqlər paytaxtla yanaşı, bölgələrimizin də bütün idman klublarında keçirilir. O cümlədən, Mingəçevir Gənclər və İdman İdarəsinin Uşaq İdman Məktəbinin (UGİM) nəzdində fəaliyyət göstərən idman klublarında yetəri sayda cudo idman növü ilə məşğul olan yeniyetmə və gənclər var. Belə məktəblərdən biri də Mingəçevir Təlim-Məşq Mərkəzidir. Mərkəzin baş məşqçisi Əliağa Səfərovla həmsöhbət olduq.

1988-ci ildən ailəsilə bərabər Mingəçevirdə yaşayan Əliağa Səfərov 2004-cü ildə Bədən Tərbiyəsi Akademiyası bitirib. Dəfələrlə cüdo idman növü üzrə yeniyetmələr, eləcə də gənclər və kişilər arasında keçirilən Azərbaycan çempionatında, gənclər arasında dünya birinciliyində, Moskvada, Gürcüstanda keçirilən müxtəlif idman yarışlarında mükafatçılar sırasında olub. 2005-ci ildən Mingəçevir Gənclər İdman İdarəsinin nəzdində UGİM-nin cüdo idman növü üzrə baş məşqçisi kimi fəaliyyət göstərir. 12 ildir sevimli peşəsi ilə məşğul olan məşqçi müəllim hazırda yeniyetmə və gənclərə bu idmanın sirlərini öyrədir.

Əliağa Səfərov sevimli peşəsindən danışdı: - “Cüdo idman klubları yaşından asılı olmayaraq, uşaq və gənclərin fiziki sağlamlıq məkanına çevrilib. Hazırda çalışdığım klubda müxtəlif yaş qrupları üzrə 120 uşaq, yeniyetmə və gənc idmanla məşğul olur. Onlara idmanın sirlərini mənimlə bərabər klubun digər məşqçi müəllimləri Sarvan Həsənov və Ruslan Quliyev məşqlər keçirlər. Məşqlər gün ərzində bir neçə qrupda müxtəlif saatlarda keçirilir. İdmana yeni başlayanlar üçün yaş və çəkilərinə əsasən ayrı qruplar təşkil olunur. Bütün məşqlər cədvəl əsasında, istər fiziki hazırlıq, istər texniki, taktiki və yaxud güləş, qaçış günləri klubun proqramına uyğun keçirilir. Cüdonun ağır idman növlərindən olmasına baxmayaq, uşaqların əksəriyyəti bu idmanın sirlərini tez mənimsəyirlər. Klubumuzda Mingəçevirlə yanaşı Yevlax və Ağdaş rayonlarının yaxın kəndlərindən gələn idmançılar mütəmadi məşqlər keçirlər. İdmançıların təcrübəsini artırmaq və güclərini sınamaq məqsədilə vaxtaşırı Bakı, Sumqayıt, Gəncə, Zaqatala, Yevlax güləşçilərilə yoldaşlıq görüşləri təşkil edilir. Uşaqlar məşq keçdikləri idman zallarından kənarda özlərini göstərmək üçün ayrı-ayrı bölgələrdə keçirilən turnirlərə qatılırlar.”

Nəticələr həyata keçirilən işlərlə vəhdət təşkil edir

Yetirmələrinin uğurlarından danışan baş məşqçi ötən il Azərbaycan birinciliyində üç idmançının - 40 kq çəki dərəcəsində Ləman İsmayılzadə, 46 kq çəki dərəcəsində Elmir Əliyev və 90 kq çəki dərcəsində Rəşid Qafarlının mükafatçılar sırasına qatıldığını bildirdi. Həmçinin Rəşid Qafarlı Türkiyə Respublikasının Antalya şəhərində keçirilən cüdo üzrə Avropa kubokuna yığma komandanın tərkibində dəvət almış və həmin yarışdakı görüşlərin üçünü udub, birini uduzmaqla 5-ci yerə layiq görülüb. Əliağa Səfərovun yetirmələri sırasında əlamətdar yarışların mükafatçıları kifayət qədərdir. Onlardan Fariz Səfərov Sambo üzrə Azərbaycan birinciliyində 5-ci yer tutub. Anar Əliyev dəfələrlə Azərbaycan birinciliyinin mükafatçısı olub və eləcədə Türkiyədə, Ukraynada ölkəmizi və şəhərimizi təmsil edib. Tağızadə Cavidan, Ömər Bayramov, Əşrəf Salmanov və başqa idmançılar Azərbaycan birinciliyində mübarizə aparıb yüksək nəticələr əldə ediblər. “Hər bir idmançı üzərində yetərincə əziyyət çəkirik. İstəyirik ki, nə biz məşqçilərin, nə də idmançılarımızın çəkdiyi zəhmət itməsin. Nəticələrimiz hər ötən illərdən daha üstün olsun. Cüdo yüksək nəticə əldə etmək baxımından məhşur idman növlərindən olmaqla bərabər, həm də məşqlər baxımından ağır idman növüdür. Ona görə də bu sahədə peşəkar idmançılar yetişdirmək həm çətindir, həm də məsuliyyət tələb edir.”

Məşqçi cüdo ilə məşğul olan qızların azlığını diqqətə çatdırdı: “Hazırda klubumuzda cüdo ilə məşğul olan qızların sayı azdır. Yəqin ki, bu da mentalitetdən irəli gəlir. Bununla belə son zamanlar qızların bu idmana həvəsinin artdığı hiss olunur və onlar arasında yüksək nəticə verən idmançılarımız az deyil. Eləcə də çətin olmasına baxmayaraq qızların bu idmanı götürmə qabiliyyəti oğlanlara nisbətən daha ürəkaçandır. Ona görə də qızlardan ibarət bir qrup yaratmaq məqsədilə növbəti tədris ilində orta məktəblərdə maarifləndirmə işlərinin aparılmasını nəzərdə tutulur. Sevindirici haldır ki, yetirmələrimiz arasında Azərbaycan çempionu Leyla Nəsibzadə, Azərbaycan çempionu və mükafatçıları Zəhra Mustafayeva, Fəridə Quliyeva,  Azərbaycan çempionu, Bakıda keçirilən beynəlxalq yarışların qalibi Tatyana Varatsova kimi mübariz qızlar olub. Ötən ilin dekabr ayında keçirilən cüdo üzrə Azərbaycan birinciliyində gənc idmançımız Ləman İsmayılzadə 40 kq çəki dərəcəsində III yerə layiq görülüb. Hazırda yığma komandanın tərkibindədir. Əlbəttə, bu uğurların qazanılmasında məşqçilərin xüsusi əməyi var. Məhz onların bacarığı və təcrübəsi, eyni zamanda idmançıların mübarizliyi sayəsində nailiyyətlərə yiyələnmək mümkündür.”

Qarşıya qoyulan hədəflər genişlənir

Klubun 2001-2003 yeniyetmələr və 2004-2006-cı il təvəllüdlü kadetlərdən ibarət idmançılarının avqust ayında keçiriləcək zona yarışlarında iştirak edəcəklərini bildirən baş məşqçi qeyd etdi ki, yarışa hazırlaşan yeniyetmələr Rauf Xəlilov, Elmir Əliyev, Səlim Kərimli, Hüseyn Məmmədzadəyə idman yükünün daha çox veririk. Bu mübarizənin qalibləri Azərbaycan birinciliyinə vəsiqə qazanacaqlar.

Baş məşqçi Əliğa Səfərov sonda yeniyetmələrə asudə vaxtlarından səmərəli istifadə etmələrini tövsiyyə etdi. “Cəmiyyətimizə bu gün hərtərəfli inkişaf etmiş sağlam və güclü uşaqlar lazımdır. Dövlətimizin gənc nəsil üçün yaratdığı şəraitdən yararlanıb, yüksək təhsil almaq, idmanla məşğul olmaq, həm gələcəklərinin, həm də sağlamlıqlarının qayğısına qalmaq gərəkdir. Cəmiyyətdə məhz belə mühitin formalaşdırdığı insanlar yüksək mədəniyyəti və intellekti ilə daim diqqət mərkəzində olur. Şərt o deyil ki, bir zalda məşq keçən 100-150 idmançının hamısı Azərbaycan çempionu olsun. Gənc nəslin pis vərdişlərdən uzaqlaşması, sağlam ruhda böyüməsi əsas şərtlərdəndir. Fəxrlə deyə bilərik ki, hazırda dövlət səviyyəsində uşaq və gənclərin mənəvi və fiziki inkişafı üçün hər bir şərait yaradılıb. Məhz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində gələcəyimiz etibarlı əllərdədir.”

 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına

Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün

Məqalə Qiyməti