Azərbaycan paytaxtında dostluq bayramı

: Ölkə başçısı qələbə sevincini yaşayan idmançılarımızın yanında olmaqdan məmnundur
Ölkə başçısı qələbə sevincini yaşayan idmançılarımızın yanında olmaqdan məmnundur

İctimai və dövlət maraqlarının müdafiəsi üçün

Azərbaycan dunyanın ən boyuk dövlətləri ilə sıx əməkdaşlıq edir. İqtisadi inkişafına görə Cənubi Qafqazda lider olan, dünya dövlətləri tərəfindən tanınan Azərbaycan beynəlxalq aləmdə  nüfuzu və qətiyyəti ilə seçilir. Qədim və zəngin tarixi keçmişi olan doğma vətənimiz 25 illik müstəqillik dövründə keşməkeşli yollardan keçərək inkişaf yoluna qədəm qoymuşdur. Müstəqilliyimizin ilk illərində ulu önrdər Heydər Əliyevin qətiyyəti və uzaqgörən siyasəti sayəsində Azərbaycan dünyanın ən böyük dövlətləri tərəfindən tanınmağa başlayıb. Nəhəng və irimiqyaslı kontraktların imzalanması, müxtəlif layihələrin reallaşması ölkəmiz üçün geniş yollar açıb.  Dövlət başçısı İlham Əliyevin   prezident seçildiyi ilk illərdən başlayaraq Azərbaycanın iqtisadi qüdrəti daha da artmağa başlayıb. Ölkə prezidentinin həyata keçirdiyi işlər yurdumuzun onlarla dünya dövlətləri ilə birgə forumlara qatılmasına şərait yaradıb. Dünyanın ayrı-ayrı ölkələrində keçirilən idman yarışlarında, olimpiada və müsiqi festivallarında Azərbaycanı təmsil edən soydaşlarımızın qələbələri, üçrəngli bayrağımızın dalğalanması qürur hissimizi artırır.

FƏRƏH HİSSİ

Dönüb geri baxdıqca adamı fərəh hissi bürüyür. Ötən illər ərzində doğma vətənimiz nə qədər uğurlara imza atıb... İlk olaraq 2012-ci ildə Bakıda uğurla baş tutan Eurovision mahnı müsabiqəsi yurdumuzda mötəbər tədbirlərin keçirilməsinə yol açdı.  İdman ölkəsi kimi tanınan  Azərbaycan son illər ərzində beynəlxalq idman tədbirlərinə ev sahibliyi etməklə zəngin təcrübə qazanıb. 2015-ci ildə birinci Avropa Oyunlarının yüksək səviyyəli təşkilinə görə Azərbaycan dünya tarixinə yüksək təşkilatçılıq nümunəsi göstərib. O zaman Avropa ölkələri, Olimpiya Komitələri, beynəlxalq təşkilatlar bu  tədbirin yüksək səviyyədə keçirilməsinin şahidi oldular. Həmçinin 42-ci Ümumdünya Şahmat Olimpiadası, 17 yaşadək futbolçular arasında Avropa çempionatı, Bədii Gimnastika üzrə Dünya Kuboku,  daha sonra isə Formula-1 kimi yarışlara ev sahibliyi etməklə ölkəmiz dünyada özünə layiqli yer tutub.

Azərbaycanın beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etməsi ölkənin inkişafından, iqtisadi potensialından və dünya dövlətləri tərəfindən qazandığı etimaddan xəbər verir. Müxtəlif millətlərin və dövlətlərin arasındakı  dostluq və əməkdaşlıq tellərini gücləndirən hər bir yarış, olimpiada işıqlı gələcək üçün bir addımdır.Yadda qalan xoş hadisələrdən biri də bu il may ayında Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi oldu. Əslində   dördüncü İslam Həmrəyliyi Oyunlarına aprelin 5-dən başlanıb. Dövlət başçısı İlham Əliyevin iştirakı ilə həmin  gün tariximizin Daş Salnamə Muzeyində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzər dənizindən başlayan Su Səyahətinə start verilməsi qeyri-adi bir layihə idi. Birinci vitse-prezident Mehriban Əliyevanın, İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti, əlahəzrət şahzadə Abdullah Bin Mosaad Bin Əbdüləzizin müşayiəti ilə İlham Əliyev Xəzər dənizinin suyu ilə doldurulmuş mis səhəngləri yurdumuzun müxtəlif şəhər və rayonlarını təmsil edən 16 uşağa təqdim etmişdir...

DÖVLƏT BAYRAĞIMIZ 162 DƏFƏ YÜKSƏKLƏRDƏ

May ayının 12-də IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi 54 ölkəni təmsil edən  minlərlə tamaşaçını heyran qoymuş, mərasim dünyanın 55 ölkəsi tərəfindən yayımlanmışdır. Yurdumuzun 16 şəhər və rayonundan- Bakı,  Naxçıvan, Astara, Şirvan, Sabirabad, Ağcabədi, Horadiz, Gəncə,  Şəmkir, Mingəçevir, Qax, Qəbələ, Qusar, Quba, Qaradağ rayonu, Sumqayıtdan gələn 16 uşaq mis səhənglərdəki  suları səhnənin mərkəzindəki böyük siniyə boşaltmaqla ilk həmrəyliyi nümayiş etdirmişlər.   Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin dediyi kimi: “Azərbaycan dostluq, əməkdaşlıq məkanıdır, Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri rahat bir ölkə kimi yaşayır və biz bütün qonaqları qəbul etməyə hazırıq, buna qadirik.” Bu tədbir Azərbaycan xalqının sülhsevər və tolerant  xalq olduğunu nümayiş etdirdi.  Azərbaycan 162 medal qazanaraq yüksək nailiyyət qazandı. Bəli, Bakıda zəfər bayramı keçirildi. Bu İslamiadanın yarışı idi, əsl idman və həmrəylik bayramı, parlaq qələbələrlə yadda qalan günlər idi.  “Bakı 2017”  də iştirak edən ölkələr arasında Azərbaycan 75 qızıl medalın sahibi oldu.  İdman arenalarında Azərbaycanın dövlət himni 75 dəfə səsləndi, dövlət bayrağımız 162 dəfə yüksəklərə qaldırıldı.  Ümumiyyətlə, 11 gün ərzində 269 qızıl, 267 gümüş, 350 bürünc, ümumilikdə 886 mükafat 40 ölkənin  təmsilçisi arasında bölüşdürülüb. 14 ölkə komandası Bakıdan əliboş qayıdıb.

Dünyanın 4 qitəsindən Bakıya gələn idmançılar mübarizlik, əzmkarlıq, qələbə sevinci nümayiş etdirmişlər. Yarışların Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva deyib ki, Azərbaycan bu ali missiyanı öz üzərinə götürməkdən fərəh hissi duyur. Biz minillikləri əhatə edən mədəniyyətə  və güclü islam əmanətlərinə malik qədim diyarıq.

MÜDRİK İDARƏÇİLİK SİYASƏTİ

Ayrı-ayrı İslam ölkələrindən gələn qonaqlar yarışların təşkili, paytaxt Bakının gözəlliyindən doya-doya danışmış, heyranlıqlarını ifadə etmişlər.

Əlcəzairin yüksək sürətli üzgüçülük ustası, dörd qızıl medaldan birini qazanan  Üsəma Şahnan  belə deyib: ”Azərbaycana gəlməzdən qabaq Bakının yüksək inkişafını eşitmişdim. Burada yeni və bir-birindən gözəl binaları, park və xiyabanları, yaşıllıqları görəndən, xüsusilə də tarixi yerlərdə, əsasən də İçərişəhərlə tanış olandan sonra paytaxta heyran qalmaya bilməzdim. Tarixlər şahidi Qız qalası ilə tanışlıq  lap ürəyimcə oldu.”

Omanın milli futbol komandasının baş məşqçisi Həmid əl-Əzini də xoş təəssüratlarını bölüşüb: “Azərbaycanın böyük uğurları bilavasitə ölkənin müdrik rəhbərliyinin yürütdüyü uzaqgörən siyasətlə bağlıdır. Prezident İlham Əliyevin şəxsində Azərbaycanın siyasi rəhbərliyi xalqınızın milli maraqlarını və tələbatını əsas tutaraq ölkədə bütün istiqamətlər üzrə hərtərəfli düşünülmüş və müdrik idarəçilik siyasəti yürüdür... Azərbaycana ilk dəfə gələn insan başa düşür ki, bu böyük gələcəyi olan perspektivli ölkədir.”

Əlcəzairli jurnalist Ömər Hemissi : “Müsəlman ölkəsi kimi Azərbaycanın bu cür tədbirlərə ev sahibliyi etməsi həm də islam aləminin uğuru sayıla bilər”.

Banqladeş nümayəndə heyətinin texniki direktoru Muhiddin Əhməd :” Bakı şəhəri, bütövlükdə Azərbaycan təkcə regionda deyil, hətta dünyada tolerantlıq, həmrəylik mərkəzinə çevrilib.”

 Turkiyəli idmançı, tüfəngdən 10 metr məsafəyə atəşaçma  yarışlarının qalibi Ömər Ağgün : “ Hər şey çox gözəl  təşkil edilib. Nəhəng idman qurğuları, məşq zalları ən müasir  trenajorlarla təchiz  edilib”.

Iordaniyanın Parlament nümayənədlər Palatasının sədri Atef Yusif Saleh əl-Taravmeh: “Azərbaycan belə mötəbər yarışlara ev sahibliyi etməklə artıq nümunəvi ölkəyə çevrilib”

Səudiyyə Ərəbistanının su polosu  üzrə yığma komandasının məşqçisi Məhəmməd əl-Zəhrani: “ Oyunların belə yüksək səviyyədə keçirilməsi qədim tarixə, zəngin mədəniyyətə sahib olan bütün islam dünyasına başucalığı gətirir. Mən öz adımdan, eləcə də komandamızın bütün üzvləri adından Azərbaycan dövlətinə və xalqına bu mühüm missiyanı üzərinə götürdüyü üçün minnətdarlığımı bildirirəm. Mən Bakıya oyunların açılışından xeyli əvvəl tanışlıq məqsədi ilə gəlmişəm. Bakının belə füsunkar bir şəhər olduğunu təsəvvür edə bilməzdim. Paytaxtda həm qədim tarix, həm də modern inkişaf üzvi surətdə birləşir. Azərbaycanlılar çox mehriban və qonaqpərvər insanlardır. Burada hərtərəfli infrastruktur yaradılıb. Şübhə etmirəm ki, Bakı tezliklə dünyanın ən böyük turizm mərkəzlərindən birinə çevriləcək.”

ZƏFƏR BAYRAMI

IV İslam Həmrəyliyi Oyunları böyük zəfər bayramı olmaqla  yanaşı, həm də  Sülhün çağırışçısı oldu. Həmin günlər Bakının küçələrində bayram əhval ruhiyyəsi hökm sürürdü. Müharibə şəraitində yaşasa da, minlərlə qaçqın və məcburu köçkünü olsa da, torpaqlarımızın 20 faizi işğal altında  qalsa da Azərbaycan hər zaman sülh tərəfdarı olub, müharibəyə yox deyib. Yəmən nümayəndə heyətinin rəhbəri Naila Nəsr Abbas Nəsr fikirlərini belə ifadə edib: “Bir çox ərəb ölkələrində indi müharibə  gedir  və biz göstərməyə çalışırıq ki, müharibə yox, sülh istəyirik. Islam sülh dinidir və bizim məqsədimiz bunu dünyaya nümayiş etdirməkdir.” 

Bəli, bu oyunlar tarixə həm  idman hadisəsi, həm də birlik və həmrəyliyin təntənəsi  kimi yazıldı. Bakı  İslam Dünyasının 3000  idmançısına  qucaq açdı. Azərbaycan gücünü, qüdrətini, xoş məramını nümayiş etdirdi. Prezident  İlham Əliyev: “İslam həmrəyliyinin əsas məqsədləri müsəlman aləmində birliyi möhkəmləndirmək, islamın sülh və mədəniyyət dini olduğunu bütün dünyaya göstərməkdir”. İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti Şahzadə Abdullah Bin Əbdüləziz oyunların təşkilini yüksək qiymətləndirərək belə deyib: “ Azərbaycan paytaxtında möhtəşəm idman və dostluq bayramı başa çatır. Bakı İslam ölkələrinin atletlərinə bacarıqlarını nümayiş etdirmək, dörd qitədən gəlmiş insanlara birlik və anlaşma ruhunda qarşılıqlı əlaqələri  qeyd etmək məqsədilə gözəl şəraiti təmin etdi”.

HƏMRƏYLİK GENİŞLƏNİR

Son illər ərzində həyata keçirilən abadlıq-quruculuq və  əsaslı tikinti işləri o qədər genişlənib ki, paytaxt Bakı və regionlar  hər kəsi heyran edir. Azərbaycan müasir və dinamik inkişaf yolundadır, multikulturalizm mərkəzidir, tolerant ölkədir.  Xüsusilə vurğulamaq yerinə düşər ki, Azərbaycanda tolerantlıq mühitinin təşəkkül tapmasını, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasını, islam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verdiyini əsas  götürən dövlətimizin başçısı İlham Əliyevin sərəncamı ilə 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi  həm ictimai-siyasi, həm də beynəlxalq əhəmiyyəti vardır. Müsəlman dünyasında baş verən qarşıdurmaların qarşısının alınması, həmçinin həmrəyliyin genişlənməsinə töhfə olan bu sərəncama əsasən ölkəmizin hər yerində elmi-nəzəri konfranslar, diskussiyalar, maarifləndirici tədbirlər keçirilir. İslam dünyasında mövcud olan problem və çətinliklər, qarşıdurmalar, müharibə şəraiti insanlara, dövlətlərə böyük zərbələr vurur. Bütün bu xoşagəlməz halların qarşısını almaq, dünyada sülhün və əmin-amanlığın bərqərar olması naminə,  xalqlar arasında dostluq və əməkdaşlıq  tellərini gücləndirmək məqsədi ilə Azərbaycanda görülən işlər təqdirəlayiq olmaqla yanaşı, gözəl Vətənimizə həm də başucalığı gətirməkdədir. 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün

Məqalə Qiyməti