Şərin son qisməti

: 90-cı illərin xalq hərəkatı
90-cı illərin xalq hərəkatı

“ ...Zülm hökm edər, haqq əyilməz, 

Şər xeyiri kəsə bilməz!”

 B.Vahabzadə                                           

Qanlı Yanvar faciəsindən 28 il keçir. 1918-ci ilin mart-aprel aylarında daşnak-bolşevik dəstələrinin Bakı və ətraf rayonlarda on minlərlə dinc sakinə qarşı törətdikləri qətliamlar 72 il sonra 1990-cı ilin 20 Yanvarında onların varisləri tərəfindən bir daha təkrar olundu. Elə bil dünən idi. Bütün bölgələrimizdə olduğu kimi Mingəçevirdə  də bu hadisələr dərin sarsıntı  yaratdı. Nə edəcəyimizi, haradan başlayacağımızı bilmirdik. Bütün bunlar azmış kimi, AZ TV-nin bloku partladıldığından respublikada informasiya qıtlığı yaranmışdı ki, bu da müxtəlif şayiələrə, dezinformasiyaya səbəb olurdu. 

Şəhərdə səhiyyə, kommunal sahələri, çörək zavodu və bir-iki tikinti təşkilatından başqa heç bir yer işləmirdi. Sənaye şəhərimiz iflic vəziyyətinə düşmüşdü. Qələbə meydanında neçə gün idi ki, mitinqlər başlamışdı. Mitinqləri mərhum Faiq Baxşəliyevin rəhbərliyilə AXC-in fəalları idarə edirdi. Şəhərin partiya, sovet və hüquq-mühafizə orqanlarının fəaliyyətində hiss olunacaq durğunluq yaranmışdı...

Artıq Qələbə meydanında 20 Yanvar şəhidlərinin xatirəsinə yas mərasimlərinin təşkili üçün mağar qurulmuşdu. Şəhərdə ikinci mağar isə bizim məhəllədə - yay kino teatrının (Səməd Vurğun bağı) ərazisində quruldu. Bu mağar Samux, Kirov (hazırda  H.Z.Tağıyev), C.Məmmədquluzadə, Sovet (D.Əliyeva) küçələrinin gəncləri tərəfindən qurulsa da, sonradan bizim əhatə dairəmiz genişləndi və Lenin prospektinin (H.Əliyev) yuxarı hissəsində, hərbi hissə ilə Puşkin küçəsi arasında yaşayan gənclər də bizim ətrafımızda birləşdilər.
Bizim ehsan mağarımız şəhər ərazisində sonralar qurulmuş digər mağarlardan seçilirdi. Belə ki, burada telefon, qaz xətləri çəkilmiş, televizor qoyulmuş, şəhid, azadlıq, vətənə aid sözlər yazılmışdı. Mağar xalı-xalçalarla bəzədilmiş və girişdə üçrəngli bayrağımız asılmışdı. Bir sözlə, bütün işləri, ehsanları şəhidlərimizin ruhunun ucalığına böyük ehtiramla görməyə çalışırdıq.
Artıq mərkəzi xəstəxananın yanındakı boş sahədə geniş səliqə-sahman, abadlıq işləri aparılmış, tam təmizlənərək gələcək Şəhidlər Xiyabanının yeri müəyyənləşmişdi. Şəhidlərin dəfninin 7-ci günü şəhər əhalisinin böyükdən-kiçiyə çox böyük izdihamla iştirak etdiyi anım mərasimində həmin yerə “Burada Azərbaycan xalqının istiqlaliyyəti uğrunda mübarizədə faciəli surətdə həlak olmuş qəhrəmanların xatirəsinə abidə ucaldılacaq” sözləri yazılmış qara mərmər daş qoyuldu. Şəhidlərimizin ruhuna dualar oxundu, məktəblilər qəlbləri riqqətə gətirən kompozisiya ilə çıxış etdilər. Mingəçevirdə heç vaxt belə insan selinə rast gəlinməmişdi. Bu misli görünməmiş ümumxalq faciəsi hamını birləşdirmişdi...
Artıq Qələbə meydanında keçirilən mitinqlər ardıcıl xarakter almışdı. Qeyd etdiyim kimi, mitinqlər AXC-in şəhər təşkilatının rəhbərliyilə keçirilir, burada bütün təbəqələrdən olan minlərlə insan iştirak edirdi. Mitinqlərdə bivec respublika rəhbərliyinə və Sov.İKP bürokratlarına etiraz əlaməti olaraq, partiya biletlərinin yandırılmasına başlanmışdı. Bu aksiyaya ilk olaraq o vaxtkı  şəhər rəhbərlərindən Məhəbbət Qarabağlı və Mais Hacıyev qoşuldu. Meydana nəzarət edən uşaqlarla “dil tapıb”, mikrofonda soyadını, vəzifəsini eşitdirməklə tonqala partiya bileti əvəzinə müxtəlif sənədlərin qırmızı üzlüklərini tullayanlar da az deyildi. Bunlar “bəlkə də qaytardılar” prinsipilə yaşayanlar idi.
Şəhərdə gün-gündən gərginlik artırdı. Mitinqlərdə müxtəlif yaş və zümrədən olan insanlara rast gəlmək olurdı. Bütün çıxışlarda dinc, əliyalın əhaliyə qarşı törədilmiş bu qətliam, onun əsas təşkilatçısı M.Qorbaçov və milli heysiyyatdan kənar o dövrkü respublika rəhbərliyi kəskin tənqid olunur, günahkarların cəzalandırılması tələb edilirdi. Və artıq meydanda çiyinlərində qoşalülələr gəzdirənlər peyda olmuşdu. Xalq cəbhəsinə üzv olmaqdan süni istifadə edənlər, cəbhəyə heç bir dəxli olmayan, lakin onun adından danışanlar da az deyildi. Məhz belələrinə xitabən mitinqlərin birindəki çıxışımda:
- Bu millətin adət-ənənələrinə hörmətlə yanaşmağınızı xahiş edirəm. Heç qadın, uşaq olan yerdə kişi də çiyninə tüfəng götürərmi?! Niyə süni vahimə yaradırsınız, məgər burada erməni var?! Bizim döyüş yerimiz də, kimə qarşı döyüşdüyümüz də məlumdur. Gedin, bu tüfənglərinizi orada nümayiş etdirin – dedim.
... Ölkə televiziyası sıradan çıxarıldığından respuklika ərazisinə yayımlar Şuşadan ötürülürdü. Şəhərin ilk videoçəkəni, “göz bağlayıcı” Yusifin yeniyetmə oğlu tərəfindən yerlərdə çəkilişlər aparılır, hər axşam yerli efir vasitəsilə göstərilirdi. Bizim mağar qısa bir vaxtda el mağarına çevirilmişdi. Şəhərin hər tərəfindən bura gələnlər vardı. Heç kimə fərq qoyulmadan bu və ya digər formada maddi yardım göstərməklə bağlı müraciətlər birmənalı olaraq qəbul olunmurdu. Tək bir hal istisna olmaqla: şəhərimizin prokuroru, bir məhəllədə yaşadığım və böyük hörmət bəslədiyim Bəhruz müəllimin mağara kömək üçün  sürücüsü Ariflə göndərdiyi 50 rubldan başqa.  

Bu mağarda ağsaqqallarla gənclərin qırılmaz vəhdəti yaranmışdı. Burada dələduz, mənəm-mənəm deyən, yaranmış xaosdan, xalqın faciəsindən istifadə edib yararlanmağa çalışanlardan başqa kimə istəsən, rast gəlmək olardı: şəhər rəhbərlərinə də, sadə zəhmətkeş insanlara da. Odur ki, bəzi gözügötürməyənlər bizim mağarın guya “yuxarılar” tərəfindən idarə olunduğu barədə şayiələr yaymağa çalışırdılar. Lakin bütün bunlar fiaskoya uğrayırdı. Çünki “elin gözü tərəzidir” misalı əbəs yerə deyilməyib...
Digər bir haşiyə. Bakı neftilə “məğlubedilməzlik” simvolu qazanmış sovet tankları vasitəsilə xalqımıza qarşı törədilmiş vandalizm aktını beynəlmiləl Mingəçevirin rusdilli əhalisi də kəskin etirazla qarşılayırdı. Lakin onların arasında vahimə də yaranmışdı. Bu, o insanlar idi ki, özlərinin və valideynlərinin bu şəhərin quruculuğu və inkişafında müəyyən xidmətləri olmuşdu. Qədirbilən mingəçevirlilər onlara qarşı dostluq, qonşuluq prinsiplərinə sona qədər sadiq qaldılar. Şuşa televiziyası ilə sərsəm, populist çıxışdan sonra gecəyarısı yerli hərbi hissəyə üz tutmuş həmin insanların 30-dan çoxunu mağarımıza gətirdik və qayğı ilə əhatə etdik. O vaxtlar bunlar hamısı lentə alınıb,  yerli televiziyada efirə getmişdi.
Mən hər dəfə gənclərimizlə söhbətlərimdə:
- Siz heç bir şeyə fikir verməyin. Bizi bu şəhər ərsəyə gətirib. Məhz onun qarşısında biz öz borcumuzdan çıxırıq. Bizim amalımız şəhidlərimizin xatirəsini uca tutmaq, bu ağır günlərdə seyrçi mövqeyində olmamaq və suyu bulandırmağa çalışanlara yerini göstərməklə, şəhərdə əmin-amanlığın, sabitliyin qorunmasında əlimizdən gələni əsirgəməməkdir. 

Meydandakı mitinqlərin birində Rasim adlı şəhər sakini bütün kütlə və polis əməkdaşlarının qarşısında şəhərin polis rəisi Əliş Osmanovu təhqir edərək, zorakı hərəkətlərə yol vermiş və axtarıldığından sığınacaq kimi bizim çadırı seçmişdi. Mən onunla söhbətdə:

- Əl qaldırdığın, təhqir etdiyin öz millətinin nümayəndəsi  deyilmi?! Səni hansı şeytan yoldan çıxartdı ki, belə yaramaz hərəkətə yol verdin? Kimin tapşırığını yerinə yetirirsən? Bura sənin kimilərin yeri deyil! Səhv salmısan. Çıx get, bir də buralarda görünmə! - dedim.
Bu hadisədən bir az sonra küçəmizdən polis şöbəsində işləyən Yusif Kərimov rəisin məni görmək istədiyini bildirdi və onun iştirakıyla S.Vurğun meydanında rəis Əliş Osmanovla görüşümüz oldu. Onun mənə xitabən “Bu şəhərdə qəribəm” deməyindən çox təsirləndim. Və cavab olaraq bildirdim ki, Əliş müəllim, insan öz vətənində qərib ola bilməz. Sizə qarşı baş vermiş bu hadisəni hamımız pisləyirik. Və bu millətin bir övladı olaraq sizə daim dəstək olmağa hazırıq. Bundan sonra zərurət yarandıqda Yusif vasitəsilə bildirin və özünüzü Mingəçevirdə heç vaxt qərib saymayın. Bu hadisənin sizə xeyri o oldu ki, ətrafınızdakılardan bəzilərini daha yaxşı tanıdınız.
...Teatrın böyük zalında şəhərin bütün ərazilərindən təmsilçilərin iştirak etdiyi iclasa dəvət olunmuşdum. Zal ağzınacan müxtəlif yaşlı insanlarla dolu idi. İclası Mingəçevir kəndindən Kazım adlı şəxs aparırdı. O, törədiləcək təxribatların qarşısını ala bilmək üçün şəhərin hər iki girişində qoyulmuş postlarda sutkalıq növbə yaradıldığını, növbətçilərin vaxtlı-vaxtında dəyişdirilməsində çətinliklər olduğunu qeyd etdi. Odur ki, postlar üçün hər ərazidən namizədlərin siyahısının verilməsi və nəzarətçilərin ərzaq təminatına hamının kömək göstərməsinin zərurətindən danışdı. Sonra bir sıra çıxışlar və təkliflər oldu. Sonda mən də çıxış etdim. Şəhərdə yaradılmış postların fəaliyyətində  müəyyən müsbət işlərlə yanaşı, kifayət qədər nöqsanların da olduğunu vurğuladım. Odur ki, onlara heç bir siyahı verməyəcəyimi bildirdim və fikrimi əsaslandırdım:
- Postlarda duranlara kim səlahiyyət verib ki, əllərində silahla qonşu kəndlərə gəlib gedənləri maşınlardan düşürüb, ələk-vələk edib, yoxlama aparırlar?! Məncə, şəhərə gələn maşınlara baxış keçirilməlidir, çıxanlara yox... Ətraf kəndlərdən öz ailəsilə şəhərə gələnlərə münasibət kökündən dəyişməli və kobudluğa yol verənlər cəzalandırılmalıdır. Postlara ərzaq, bişmiş gətirilməsi axını da qaydaya salınmalıdır. Havalar soyuqdur, lakin bu, heç də əsas vermir ki, bəzi nəzarətçilər postda içkili vəziyyətdə olsun. O ki qaldı postlara bizim nümayəndələrin verilməsinə, biz daim hazırıq. Cədvəlinizi təqdim edin, bizim uşaqlar həmin saatdan postlarda olacaqlar. Heç nəyə də ehtiyacımız yoxdur. Qeyd edim ki, gənclərimizin növbətçilik vaxtı güclü yağışlarla müşayət olundu. Bununla yanaşı, üç sutka ərzində postlarda tam fərqli bir əhval-ruhiyyə yaşandı, müraciətlərin forması dəyişdi, böyük-kiçik münasibətləri gözlənildi. Başqa cür də ola bilməzdi...
Ötən 28 ildə sıralarımızda dünyasını dəyişənlərimiz olub (Allah onlara rəhmət eləsin). Lakin şəhərin yaşlı və orta nəsil nümayəndələri arasında söylədiklərimi təsdiq edə biləcək insanlar bu gün də az deyildir. Amalı təmiz mingəçevirlilər vurğunu olduqları ən böyük dostlarının – öz işıq şəhərlərinin ağır günlərində yuxarı başda oldular və onu bu çətinliklərdən üzüağ, başı uca çıxartdılar. Sonra Qarabağımızda “döyüşən şəhər” kimi məşhurlaşdı. Qanlı savaşlarda 300 nəfərdən çox şəhid verdi nurdan yoğrulmuş şəhərimiz. Və Şəhidlər Xiyabanında hər birinin qısa, lakin bir qəhrəmanlıq dastanına sığmayan mənalı ömür yollarından söz açmaq-son qu nəğmələrini oxumaq taleyi mənim qismətimə yazıldı.

... 20 Yanvarın simvoluna çevirilmiş və şəhidlərin qanı ilə suvarılmış qərənfillər hər il şəhidlərimizin məzarı üzərinə səpilməkdədir. Bir müdrikimiz: “Şərin son qisməti-yaxşıların daş payıdır”, deyib. Neçə əsrlərdir biz qonşuluğa, insanlığa qara ləkə olan “hay”ların və onların havadarlarının məkr və şəriylə üz-üzəyik. Yüzlərlə say-seçmə, çinarboylu, “düşmən çəpəri” olan ərənlərimiz düşmənin daş payına çevirilib. Daim bu ağrılarla yaşasaq da, son aprel döyüşləri sübut etdi ki, “zülm hökm edər, haqq əyilməz, şər xeyiri kəsə bilməz!” Uca Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirəm.
                                                                   
Siz ey azadlığın nuru, ziyası,
İgidlər qəlbinin qeyrət mayası,
Dövranlar dəyişib ötsə də min il,
Nəsillər sizləri unudan deyil!


Bayram MUSTAFA,

İdman, Turizm və Dövlət qulluğunun veteranı

Məqalə Qiyməti