Ölüm qoxulu xəbərlər, həqiqətə kor olan gözlər, ruhu narahat Zərdabi

: Qarabağda çalışan müxbir Daşqın Güneyli
Qarabağda çalışan müxbir Daşqın Güneyli

143 yaşlı gənc. Bu gün Azərbaycan mediasını belə də adlandırmaq olar. Dünya mediası ilə müqayisədə əlbət ki, Azərbaycan mətbuatı gənc görsənə bilər. Gənc deyəndə qeyri-ixtiyarı adamın ağlına təcrübəsiz, dünyagörüşsüz, özünü idarəetmədə bolluca səhvlərə yolvermələr gəlir. Amma Milli Mətbuatımızın yaranışından ötən 143 ilə nəzər salsaq, dünyanın inkişaf etmiş dövlətləri sırasında bir çox uğurlarımızla qürur duya biləcək bir tarixə malik olduğumuzu deyə bilərik. 143 ildə çox şeylər dəyişdi, çox şeylər getdi, çox şeylər gəldi. Elə mediamızda da çox uğurlarımız oldu, təbii ki, qüsurlarımız da. Amma nədənsə həmişə qüsurlarımız uğurlarımızı üstələdi.

Bu il milli mətbuatımızın yatranmasının 143 – cü ilində ən qaynar bölgədə, bəzi media qurumlarının Qarabağda çalışan bölgə müxbirləri yenə də yaddan çıxdı. Əslində buna artıq alışmışıq. Hər gün olmasa da vaxtaşırı həyatımız bahasına verdiyimiz xəbərlərdə dövlətimizin və dövlətçiliyimizin maraqlarına xidmətimiz ortadadır. Unutmaq lazım deyil ki, bu gün təmas xəttində baş verən hadisələrdə cəmiyyət əsasən  bölgə müxbirlərinin verdiyi xəbərlərə inanır.

Milli mətbuatımızın uğurları

Hər kəsə milli mətbuat azadlığının verilməsi, mətbu orqan açmaq üçün şərtlərin yumşaldılması, hətta mətbu fəaliyyətinə görə fərqlənənlərə ən yüksək səviyyədə fəxri adların verilməsi, paytaxtda yaşayan media nümayəndələrinin evlə təmin olunması (burada baş verən haqsızlıq başqa mövzu olduğundan o məsələyə toxunmuram) bu uğurların göstəricisidir. Təbii ki, milli mətbuatımızda vicdanla çalışan hər bir kəsin bu mükafatlardan yararlanmaq haqqı var.

Milli mətbuatımızın qüsurları

Qüsurlarımıza gəlincə, burada da dünya mətbuatında olmayan fərqlərimiz ortaya çıxır. Necə deyərlər, biz hər kəsə örənək olacaq addımlarımızla yadda qalmışııq. Dünyanın ən zəngin dili olan Azərbaycan dilinin milli mətbuatımız vasitəsiylə məhv olması, ədəbi dilin normalarının pozulması, mediadan şəxsi maraqlar naminə istifadə edilməsi buna əyani sübutdur.

SİTAT: Eksklüziv, monitorinq, qolkiper, penaliti, referi, helikopter və s. (Hələ televiziyalarımızda olan bəzi verilişlərin adını da bura daxil etsək, siyahını bir az da böyütmək olar.) əcnəbi sözləri dilimizə gətirərək,  bunu müasir dilimizin inkişafı kimi qələmə verdik. Hətta, dünya mediasında olmayan, iki ayrı anlam daşıyan sözləri "Reket jurnalistikası" adıyla bəhbəhlə cəmiyyətə sırıya bildik. Əslində bir - birinə tamamilə tərs mütənasib olan bu iki sözü biz mediamızda elə calaq etmişik ki, çətin ki, başqa ölkələrdə bunu bacaralar.

Digər maraqlı məqam: ölkəmizdə “qara siyahıya” salınaraq, dərcinə qadağa qoyulan mətbu orqanların sayına görə birinci olmasaq da öncül yerlərdən birindəyik. Yalnız bizdə mətbuatın adına yaraşmayan hallar üçün istifadə edilən mətbu orqanın təsisçisi deyil, qəzet, jurnal və ya saytların adı  "Qara suyahıya" salınır. Cəmi bir neçə gündən sonra həmin şəxs yenidən başqa bir qəzet və ya jurnal təsis edir. Yəni mətbu orqanın adı dəyişsə də, onu yaradanların əqidəsi dəyişmədiyindən qara siyahı böyüyür. "Palanı ha dəyişsək də, eşşək dəyişmədiyindən" sahibinin dizinə dəyən təpik də yerində qalır.

Azərbaycan mediasına olan dövlət dəstəyi istər elektron mediada, istərsədə qəzet və jurnal çapında xeyli dəyişikliklərə şərait yaradıb. Amma nədənsə mətbuatda çalışan bəzi işçilərin əməyi layiq olduqları halda qiymətləndirilməyib.  

Bölgədə çalışan, Qarabağdan gün ərzində müxtəlif mövzularda ən azı bir, ən çoxu üç xəbər verən müxbirlərin bu qədər diqqətdən kənarda qalması təəccüb və təəssüf doğurmaya bilməz. 2014 - cü ilin avqust, 2016 - cı ilin aprel hadisələri zamanı xəbər dalınca gedib özlərinin xəbər olma risqiylə üz - üzə qalan, canı - qanı bahasına əhalini dezinformasiyalrdan uzaq tutan, dövlət və dövlətçilik naminə mətbuatımızın keşiyində duran bölgə müxbirlərinin əməyini görməmək üçün ən azından gərək kor, kar, duyğusuz olasan.

İnciməyin, cənablar, sizdən başqa istəyimiz yoxdur. “Media qurumlarının Qarabağda çalışan müxbirləri, bayramınız mübarək”. Sizdən tək gözləntimiz diqqətiniz idi.

Öz evini satıb, mətbuatın təməlini qoyan, milli maraqlarını şəxsi maraqlarından üstün tutan H.B. Zərdabi o vaxt "Əkinçi"ni yaratmaqla bir millətin millət kimi varlığını, özünəməxsusluğunu ortaya qoymağa çalışıb. Bu günkü günümüzdə baş verən media oyunları yəqin ki, bu dahi insanın ruhunu narahat etməyə bilməz. Ruhun şad olsun, ustad. Təməlini qoyaraq görmək istədiyin, lakin sənin istəyin kimi inkişaf etməyən mətbuatımızın 143 yaşı mübarək. Ruhuna salam olsun.

Məqalə Qiyməti