Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsi MDU-da müzakirə olunub

: MDU-da strateji yol xəritəsinin müzakirəsi
MDU-da strateji yol xəritəsinin müzakirəsi

Mingəçevir Dövlət Universitetində “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsi”nin müzakirəsinə həsr olunan iclas keçirilib. Tədbirdə fakültə dekanları, kafedra müdirləri, universitetin aparıcı alimləri, Tələbə elmi cəmiyyətinin və tələbə gənclər təşkilatının sədrləri iştirak ediblər.

İclasda universitetin elmi işlər üzrə prorektoru, professor Veysəl Əyyubov hazırda Azərbaycanın növbəti inkişaf mərhələsinin başlanğıcında olduğunu diqqətə çatdırıb:  “Ölkəmiz post-neft dövrünə daxil olur. Bu dövrün özünəməxsus qanunauyğunluqları, iqtisadi siyasət çağırışları var. İqtisadiyyatımızın beynəlxalq rəqabət qabiliyyətini yüksəltmək, idxaldan asılılığı azaltmaq, qeyri-neft məhsullarının ixracını əsaslı şəkildə artırmaq yeni mərhələnin əsas prioritetləri olacaq. Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 6 dekabr 2016-cı ildə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin təsdiq edilməsi haqqında” Fərman imzalayıb. Fərmandan irəli gələn məsələlərlə əlaqədar universitetin rəhbərliyi  Tədbirlər Planını qəbul edib”.

V.Əyyubov bildirib ki, iqtisadi islahatların yol xəritəsində ayrı-ayrılıqda araşdırılan sektorların hər biri qabaqcıl elmi nailiyyətlərdən faydalanmaqla inkişaf edə biləcək: “Həm bu sektorların, həm də yol xəritəsinə daxil edilmiş infrastruktur sahələrinin inkişafı elmi nailiyyətlərin sürətlə və səmərəli tətbiqini tələb edir”.

Fakültə dekanlarından N.Qədimli, V.Mustafayev, N.Zeynalov, kafedra müdirləri E.Cəfərova, C.Musayeva, E.Hüseynova, S.Mustafayev, Ü.Aşurova və M.İsmayılov mövzu ilə bağlı məruzələr ediblər. Bildirilib ki, ölkəmizdə iqtisadi islahatların yeni mərhələsi uğurla davam etdirilir. Qeyd olunub ki, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsi” bir il üçün təfsilatlı yol xəritəsi, 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyası və tədbirlər planı, 2025-ci il üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı hədəf baxışı kimi hazırlanıb. Xüsusilə vurğulanıb ki, altı əsas istehsal və xidmət sektorunu, iki sosial sektoru və üç infrastruktur sektorunu əhatə edən strateji yol xəritəsi növbəti onillikdə ölkənin əsas iqtisadi strategiya sənədi olacaq. Tədbirlər planının icrasını təmin edəcək dekanlıq və kafedralar üzərlərinə düşən işlərin yüksək səviyyədə yerinə yetirilməsinə hazır olduqlarını bildiriblər.

Məqalə Qiyməti