Azərbaycanın iqtisadi sahədə nailiyyətləri və perspektivləri Mingəçevirdə də müzakirə olundu

: Elxan Mikayılov,  Niyazi Bayramov,   Zaur Qardaşov müzakirə olunan mövzu ilə bağlı fikirlərini bölüşərkən
Elxan Mikayılov, Niyazi Bayramov, Zaur Qardaşov müzakirə olunan mövzu ilə bağlı fikirlərini bölüşərkən

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi cari ilin sentyabr ayından bəri start verdiyi ictimai müzakirələri bu mövsüm üçün yekunlaşdırıb. Ölkədə aparılan islahat prosesinin daha geniş ictimaiyyətə çatdırmaq, məlumatlılığı və maariflənməni təmin etmək və  dövlətlə özəl qurumlar arasında  birbaşa dialoqun gücləndirilməsinə töhfə vermək, bir sözlə cəmiyyətə düzgün mesaj çatdırmaq məqsədi ilə 3 ay ərzində Ağdam, Şəki, Quba, İsmayıllı, Gəncə, Sumqayıt, Şirvan, Lənkəran və nəhayət Mingəçevirdə 56 rayonun  2000-ə yaxın  sahibkar, bələdiyyə və ictimaiyyət nümayəndəsi ilə görüş keçirilib. “Azərbaycanda iqtisadi islahatlar: nailiyyətlər və perspektivlər”  mövzusunda regional ictimai müzakirələrdə İİTKM- in departament rəhbərləri və analitikləri də təqdimatlar ediblər. Bu görüşlərdə  sahibkarlara və yerli sakinlərə  problemlərini diqqətə çatdırmaq üçün şərait yaradılıb.

Dekabrın 16-da Mərkəzi Aran iqtisadi rayonu üzrə Mingəçevir şəhərində təşkil olunan  müzakirəyə Mingəçevir, Yevlax, Ağcabədi, Ağdaş, Bərdə, Göyçay, Kürdəmir, Ucar və Zərdabdan 300 nəfər yaxın sahibkar, bələdiyyə və ictimaiyyət nümayəndələri qatılıb.  Öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub və abidə önünə gül dəstəsi qoyulub.

Tədbir zamanı çıxışına qonaqları salamlamaqla başlayan Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı Niyazi Bayramov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə, xüsusilə bölgələrdə sosial-iqtisadi sahədə yüksək nailiyyətlər əldə edilib. Onun sözlərinə görə, respublikamızda aparılan uğurlu siyasət nəticəsində Aran iqtisadi rayonunda və əsasən Mingəçevirdə hərtərəfli inkişaf üçün böyük işlər görülüb. Bu proses hazırda da uğurla davam etdirilir.

Sonra çıxış üçün söz Azərbaycan Respublikası Prezidentinin İqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi xidmətinin sektor müdiri Elxan Mikayılova verilib. E.Mikayılovun dediyinə görə, artıq bir neçə aydır ki, bölgələrdə mütəmadi olaraq regional müzakirələr keçirilir: “Əsas məqsəd sahibkarlıq subyektlərinin, bələdiyyələrin və digər maraqlı tərəflərin iqtisadi təşəbbüslərinin dəstəklənməsi yolu ilə islahatların effektivliyinin artırılmasıdır. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin ötən ilin dekabr ayında təsdiq etdiyi və hazırda uğurla icra edilən Strateji Yol Xəritələrində qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi əhalinin rifah halının yaxşılaşmasına, regionların iqtisadi potensialının tam olaraq gücləndirliməsinə, əlverişli biznes mühitinin formalaşdırılmasına, iqtisadi və sosial problemlərin həllinə böyük töhfə verir və bu istiqamətdə mümkün olan bütün qüvvələr səfərbər edilib. 2016-2017-ci ildə Azərbaycanda 150–yə yaxın islahat tədbiri həyata keçirilib. Bu tədbirlər vergi, gömrük, biznes mühitinin yaxşılaşdırılması, yoxlamaların dayandırılması, lisenziyaya icazələr sisteminin təkmilləşdirilməsi və bir sıra digər sahələri əhatə edir. Prezident İlham Əliyev tərəfindən sahibkarlığın inkişafına xüsusi qayğı göstərilir, ölkədə iqtisadi təşviq və imtiyaz mexanizmləri işə salınıb. Bank sektorunun inkişafı və maliyyə dayanıqlılığı ilə bağlı məsələlər də diqqət mərkəzindədir.”               

Müzakirələr zamanı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport portalının meneceri Zaur Qardaşov portalın fəaliyyəti, son dövrlərdə əldə etdiyi uğurlar, eləcə də  “BİR PƏNCƏRƏ” İxraca Dəstək Mərkəzi barədə geniş məlumat təqdim edib. İqtisadiyyat Nazirliyinin sektor müdiri Fariz Əhmədov  təmsil etdiyi qurumun bu bölgə üzrə gördüyü işləri əhatə edən “Sahibkarlığın inkişafının dəstəklənməsi, biznes mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatlar və əldə edilmiş nəticələr” mövzusunda təqdimatla çıxış edib. Çıxışlar yekunlaşdıqdan sonra natiqlər Azərbaycan məhsullarının brendə çevrilməsi, kənd turizminin inkişafı, uzun illər ərzində sahibkar müəssisələrində məskunlaşan köçkünlərin dövlət hesabına tikilən yaşayış evlərinə köçürülməsi, bölgələrdə bank kreditlərinin verilmə mexanizminin sadələşdirilməsi və əlçatanlığı ilə bağlı sualları cavablarlandırıblar. 

Məqalə Qiyməti