Səməd Vurğun: həyat, şəxsiyyət və şeiriyyət dünyası...

: Filologiya üzrə fəlsəfə doktoru, Əməkdar müəllim, MDU – nun kafedra müdiri Mayıl İsmayılov
Filologiya üzrə fəlsəfə doktoru, Əməkdar müəllim, MDU – nun kafedra müdiri Mayıl İsmayılov

XX əsr Azərbaycan poeziyasının canlı klassiki, poeziya kəhkəşanımızın ən parlaq ulduzu Səməd Vurğunun 110 illiyi tamam olur


Səməd Vurğun poeziyasının ən böyük məziyyətləri barədə    söz     açarkən    öncə    vətəndaşlıq    nümunəsi, vətənpərvərlik duyğuları yada düşür. Səməd    Vurğun   böyük   ideallar,   xalq   ruhunun  tərcümanı olaraq bəşəri ideyalar şairi idi. Şeir – sənət aləminə acılı, şirinli məhəbbət motivləri  ilə gələn şairin yaradıcılığında ilk böyük dönüş “Azərbaycan” oldu. Bu şeir Səməd Vurğunun Vətənə məhəbbətinin etirafı idi. Vətən haqqında deyilmiş ən gözəl himn kimi səslənən bu şeirdəki  “Ayrılarmı könül candan?” kimlərəsə ünvanlanmış ritorik sual deyil, şairlə Vətən arasında əhdi – peyman idi. Azərbaycan Vurğuna qədər heç bir şeirdə bu qədər bütöv, bu qədər tam olmamışdır. Bu şeiri əzbərdən bilməyən azərbaycanlı tapılmaz. Bu şeir adi şeir deyil, nəğmədir, xalqın adından deyilmiş himndir.

Bəli, “Azərbaycan“ şeiri o taylı, bu taylı Vətənimizin himni oldu. Bütövlükdə, Səməd Vurğun yaradıcılığı himndir. Sözümüzün himni! Sazımızın himni! Elimizin himni! Dilimizin himni!

Vurğun sənəti Dədə Qorqud müdrikliyindən, Nizami hikmətindən, Nəsimi dözümündən, Füzuli heyrətindən, Vaqif sadəliyindən, Sabir kəsərindən bəhrələndi. Əsrin qabaqcıl ideyaları ilə silahlandı. Onun üçün Vətən – məbəd, xalq dühası – məktəb oldu.

  Sən bizim ellərin ruhuna bir bax,

  Bizdən inciməmiş bir əziz qonaq!

  Sadəlik və hikmət! Bulaq suyu kimi qaynarlıq, dəniz dalğası qədər səs – haray!

  İlk bahar günəşinin ilıqlığı ruhumuza hakim kəsilir Vurğun şeiri ilə!

  Göylərə baş çəkir Göyəzən dağı,

  Axşam açıq olur ayın qabağı,

  Bizim gəlinlərin bayram qabağı,

Fəsəli yaymağı yadıma düşdü.

Sual oluna bilər: Səməd Vurğun ölməzliyinin sirri nədədir? Cavab çox sadədir: Şəxsiyyət sehrində, qələm vergisində, həyatın özü qədər sadəliyində. Səməd Vurğun o xoşbəxt sənətkardandır ki, dediyini sadə deyib. O qədər sadə ki, hamı özündə cürət tapıb desin ki, bunu elə mən də yazaram. Çoxları yazıb da! Amma Səməd Vurğun sadəliyinə çata bilməyib. Səməd Vurğun şeirində olan sadəlik təkrar olunmazdır.

Yazın novbarısan bizim diyarda,

Qıvrım tellərini sana, bənövşə!

Mən səni sevmişəm bir ilk baharda,

Könlümü vermişəm sana, bənövşə!

Səməd Vurğunda dağ kutlu ucalıq, qüdrət, arxa, vüqar rəmzidir.

Dağlar! Sizdəki şu böyüklük, vüqar,

Nə olur bir zaman olsaydı bəndə!

Oldu da! Səməd Vurğun adı, Səməd Vurğun təbiəti, Səməd Vurğun poeziyası kimi. El ona “Dağ vüqarlı şairim” dedi. Aşıq Şəmşirin təbiri ilə desək:

Qoşqarla yanaşı duran adın var,

Bizim el tanıyır uca dağ səni.

Şairi yaşadan, əbədiləşdirən, dildən – dilə keçib cilalanan, təkmilləşən, təzələnən, el məhəbbətindən ömür qazanan söhbətlərdir, sözlərdir, deyimlərdir, kəlamlardır:

-Bizdə şeir də var, sənət də vardır,

Şairə, sənətə hörmət də vardır.

-Məhəbbət! Ömrü sevdasız yaşamaq bir cinayətdir.

Gözəllik! Canlı bir sənət, əzəldən ömrə zinətdir.

-Soyuq məzara da zinətdir insan!

-Bu qoca dünyada bir adət də var,

Qadın olan yerdə səadət də var!

-Birinci addımda lovğalananlar,

İkinci addımda yıxılacaqdır.

-Bahar, istəklimsən başdan, binadan,

Sən əziz qızısan bu təbiətin!

-Ölüm sevinməsin qoy...

Ömrünü vermir bada.

El qədrini canından daha əziz bilənlər.

Əbədi bir xatirədək qalacaqdır dünyada,

Sevərək yaşayanlar, sevilərək ölənlər

Səməd Vurğun məhz “sevərək yaşayanlardan, sevilərək ölənlərdəndir”. Onu əbədiləşdirən bir də xalqın, el – obanın yaddaşındakı silinməz xatirələrdir.

Azərbaycan təbiəti Səməd Vurğun poeziyasında ilham mənbəyi idi. Əzəmətli dağlar, ayna bulaqlar, zümzüməli sular, ceyranlı, cüyürlü düzlər... Vurğun misraları ilə özünün əsrarəngiz gözəlliyini bir daha təsdiq etdi.

Səməd Vurğun lirik poeziyanın qüdrətli, mahir ustası olduğu kimi, epik poeziyanın da görkəmli yaradıcısı idi.

Hələ sağlığında əfsanələşən, poeziyamızın canlı klassiki sayılan Səməd Vurğunun adı, şəxsiyyəti milli – poetik “mən”i ilə bağlı olan poemalardan biri də “Komsomol” poemasıdır.

“Komsomol” poeması romantik poeziyanın ən kamil nümunələrindən hesab olunur.  Əsərdəki Cəlal, Humay surətlərini şair böyük məhəbbətlə yaratmışdır. “Komsomol” poemasındakı “dünya” rədifli parça şairin yaradıcılığında bədii ricətin, fəlsəfi ümumiləşdirmənin ən gözəl nümunələrindəndir. Humay öləndən sonra şair bu ölümə biganə qala bilmir, ölümü, ümumən həyat və xilqət haqqındakı düşüncələri ilə əlaqələndirərək bədii, fəlsəfi ümumiləşdirmələrə keçir. Bu parça bugünkü poeziyamızda həyat, xilqət və dünya haqqında yazılmış ən gözəl fəlsəfi şeirlərdən biridir.

Əzəldən belədir çünki kainat.

Cahan daimidir, ömür amanat.

Əldən - ələ keçir vəfasız həyat,

Biz gəldi – gedərik, sən yaşa dünya!

  Şair Humayı, Ofelya, Tatyana ilə müqayisə edir, onun duyğu və düşüncələrinə biganə qalmır.

Humay düşündürür, Humay ağladır,

O nə Ofelyadır, nə Tatyanadır.

  Şair Humayın timsalında saf, təmiz məhəbbətlə sevən, ismətli Azərbaycan qızının obrazını yaratmışdır.

  ... sən onu axtar özüylə danış. Nə dost, nə tanış gülməsin ona...

Burda şeiriyyət də var, məhəbbət də var. Ənənələrə sadiqlik, el, oba töhmətindən, qınağından qorxu da var, sədaqət də, əlbəttə ki, qeyrət də var.

Böyük Vətən müharibəsi illərində Səməd Vurğun öz sözünü şeirləri ilə dedi. Onun qələmindən qopan misralar müharibə dövrü poeziyasının çağırışına çevrildi. Güclü bir aforizm kimi səsləndi:

Bilsin ana torpaq, eşitsin Vətən,

Müsəlləh əsgərəm mən də bu gündən.

Bu sözləri torpağını, ata ocağını sevən Azərbaycan kişisi deyə bilərdi.

Xalq yazıçısı İ.Şıxlının şair haqda 40 il əvvəl dediyi fikirlər bu gün də öz aktuallığını saxlayır: “Vurğunu bizə sevdirən və illər keçdikcə onu bizə yaxınlaşdıran nədir? Hər şeydən əvvəl, böyük ideallar və amallar şairi olması, böyük vətəndaş olması, xalqına bağlılığı, qüdrətli poetik istedadı,əsərlərinin dərin fəlsəfi ümumiləşdirmələri, şeirlərinin ahəngdarlığı, musiqiliyi. Nəhayət S.Vurğunu biz də ona görə sevirik ki, o, böyük fitri istedada malik olduğundan ədəbiyyata gələn hər hansı bir istedadı göz bəbəyi kimi qoruyurdu.”

Aşıq Şəmşir də belələrindən idi.

Aşıq Şəmşir Dəlidağdan keçəndə,

Kəklikli daşlardan xəbər al məni.

Ceyran bulağından qızlar içəndə,

Saz tutub, söz qoşub yada sal məni.

Səməd Vurğun böyük şair, böyük poeziya təcəssümü idi. Müasirləri üçün “Vurğun” anlayışı poeziyadan da geniş idi. Vurğunla şeir arasında təmas qarşılıqlı, iki tərəfli idi. Bu təmasdan hər şey poeziyanın, poeziya isə Səməd Vurğunun səviyyəsinə qalxırdı!

Vurğunun poeziyası həyat, şəxsiyyət və şeiriyyət adlı üç dünyadan ibarət idi. Buna əmin olmaq üçün şairin dünya şöhrətli, müasirlərinin Səməd Vurğunla bağlı deyimlərinə diqqət yetirmək kifayətdir.

Mixayıl Şoloxov (Nobel mükafatı laureatı): “Səməd Vurğun gözəl və əvəzsiz insan idi. Azərbaycan Sovet şeirindən ən çox onun əsərlərini oxuyuram. Sovet yazıçılarının II Ümumittifaq qurultayında Vurğunun sovet poeziyası haqqındakı dərin məzmunlu məruzəsi yadımda çıxmır”.

Aleksandr Tvardovski: “Mən Azərbaycan torpağını Səməd Vurğunun əsərləri vasitəsi ilə sevmişəm. Məni bu günəşli ölkəyə onun günəş hərarətli şeirləri bağlayıb”.

Robert Rojdestvenski “Salam, Səməd”  şeirində yazırdı:

“Salam –

Yəni həqiqətdir ölməzliyin,

Salam –

Yəni sağ ol, yaşa, fəxr et, öyün

Salam, hər yaz çiçəyindən baxan Səməd.

Təzə şəhərin ağ daşlarından

Qədim məbədlərin naxışlarından.

Xəzərin göy sularında coşan Səməd, axan Səməd”.

Qafur Qulam: “Azərbaycan – qədim odlar ölkəsi xoşbəxtdir ki, Səməd Vurğun kimi dahi sənətkarlar yetişdirir”.

Rəsul Həmzətov: “Azərbaycan və Səməd Vurğun bir – birindən ayrılmazdır. Azərbaycan və Səməd Vurğun eyni bir məfhumdur, çünki Səməd Vurğun öz xalqının ən yaxşı xüsusiyyətlərini – onun sadəliyini, cəsarətliliyini, dərin zəkasını və qüdrətini, istedadını təcəssüm etdirir”.

Maksim Tank: “O, xalqına təkcə şeiri ilə deyil, qəlbinin bütün hərarəti ilə, şairliyin bütün nəğməkarlıq qüvvəsi ilə xidmət emişdir”.

Şair özü isə deyirdi:

Mən indi bildim ki, xeyli ağırdır,

Dünyanı düşünən bir şair olmaq.

Mingəçevirlilər üçün Səməd Vurğun poeziyası qürur mənbəyidir. O, “Muğan” poeması ilə Azərbaycan şeir sənətində tam bir mərhələni müəyyənləşdirmişdir. Vurğun poeziyası ölməzdir, zaman bu poeziyanın üstündən qələm çəkməyə qadir deyildir.

Məhz mərd cəhətlərinə görə şairin dostları çox olub. Onlardan biri də A.Fadeyev idi. Onun Səməd Vurğun haqda dediyi sözlər bütün ürəklərdən xəbər verir: “Dostlar həyatımızda böyük səadətdir. Nə yaxşı dünyada Səməd Vurğun var!”

S.Vurğunun ömrünün ən müdrik çağlarında yazdığı “Şair nə tez qocaldın sən?”, “Gödəkcə”, “Yada sal məni”, “Mən tələsmirəm” şeirləri dərin insani düşüncələrlə zəngindir. Bu şeirlər oxucuya insan qəlbinin hərarətini, həyatı sevməyi aşılayır. Ömür keçmiş, illərin çoxu arxada qalmış, lakin şair bundan bədbin deyildi, o, həyata, onun gözəlliyinə möhkəm tellərlə bağlı idi:

Dostlar, badələri qaldırın içək,

Gecə ulduzludur, hava da sərin

Demirəm məst olub, dünyadan köçək,

Deyirəm mehriban düşüncələrin,

İsti qucağında qızınaq bir az.

Qoy uzansın gecə, geciksin səhər,

Yuxuya getməsin məclisdəkilər,

Mənim söhbətimdən yorulmaq olmaz.

Hələ yer üstündə, insan yanında

Deyib danışmaqdan doymamışam mən.

Uzadaq ömrümü hər bir anını da,

Yel kimi keçməsin vaxt üstümüzdən.

Bu aylı gecədə, bu dağ döşündə,

Bu sazlı – söhbətli bulaq başında,

Bu saat, bu dəm,

Heç yana, heç yerə,

Mən tələsmirəm.

Realist xəlqilik, milli – etnoqrafik kolorit, xalis dünyəvi nikbinlik fəlsəfəsi bu iki dahinin- Molla Pənah Vaqif və Səməd Vurğunun poeziyasına xasdır. Səməd Vurğun deyirdi: “Mən lap uşaqlıqdan özümü Vaqifə borclu bilirdim. Bir poema yazdım tutmadı, amma deyəsən “Vaqif” tutdu”.

Dünyada nə qədər dağ zirvələri var,  əsrləri əsrlərlə görüşdürür. Zirvə eşqli Səməd Vurğun kimi. Bu zirvədən Səməd Vurğun nəğmələri, şeirləri qanadlanır, bu nəğmələr, bu şeirlər heç vaxt susmayacaq, səngiməyəcək, saralıb solmayacaqdır. Çünki kökü ilhamlı, qüdrətli bir xalqın ürəyindədir.  “Şair, nə tez qocaldın sən?”də olduğu kimi:

Saç ağardı, ancaq nə qəm,

Əlimdədir yenə qələm,

Bilirəm ki, deməyəcək

Bir  sevgilim, bir də Vətən!

Şair, nə tez qocaldın sən!

Səməd Vurğun xalq ədəbiyyatı ilə yazılı ədəbiyyatın bizə yaxın olan ən böyük körpüsüdür. O, dilimizin bütün zənginliyindən və şirinliyindən bəhrələnərək dillər əzbəri olan poeziya örnəkləri yaratmışdır.

“Dahilər bir – birinin işığına gəlir” deyirlər. Azərbaycanın XX əsrdə bu sarıdan bəxti gətirib: Cəlil Məmmədquluzadə, Sabir, Cavid, Cəfər Cabbarlı, Müşfiq, Səməd Vurğun. Musiqimizdə Üzeyir Hacıbəyov.

“Koroğlu” operasının ilk baxışında iştirak edən Səməd Vurğun sevincindən ağlamış, Üzeyir Hacıbəyovu öpərək demişdir: “Xalqın böyük qüdrətini ifadə edən musiqinin həqiqisi yarandı”.

Bahar son baharla, qız yayla əvəz olunacaq. Illər, on illər, yüz illiklər keçəcək. Səməd Vurğun böyük adı yurdumuzun hər bucağında, hər qarışında vüqarla yaşayacaqdır. Hər ay, hər gün elini şəhər – şəhər, kənd – kənd, oymaq – oymaq gəzəcəkdir.   Şair özünün “Nəslimə məktub”unda dediyi kimi:

  Mən yüz illərin arxasından

  Sənin xoşbəxt simanı,

  Günəş kimi parlayan taleyini,

  Dünya cəmiyyətinin vətəndaşının

  Böyük taleyini görürəm.

  Mən xəyalən

  Səninlə yan – yana addımlayır,

  Səninlə birlikdə nəfəs alır,

  Və səninlə əl - ələ işləyirəm.

Mən sənin xoşbəxt simanda,

  Sənin işıqlı,

  Iti gözlərində

Nəsə əziz və doğma

  Bir şey görürəm.

  Mənə elə gəlir ki,

  Yaşayır və yaratmaqda

  Davam edirəm.

Məqalə Qiyməti