Payız ömrü

: Kənan Rza
Kənan Rza

Hər payızın gözü yaşlı günü var,

Yarpaqları damcı-damcı tökülər.

Ayrılığın dəmi yaman tünd olar

Ayılanda gözlər yola dikilər.

 

Gedən gəlməz, payız həsrət rəmzidi,

Səadətlər qaranquştək köç edər.

Doqquz ayın sevgi dolu ömrünü

Payız gələr bir gecədə heç edər.

 

Unudulmaz payız ömrü insanın,

Hər sağılığın son badəsi payızdı.

Nakam qalmış məhəbbətin, seviginin,

Hırçın-hırçın ifadəsi payızdı.

 

Biz də düşdük kəməndinə fələyin,

Tora saldı bizi payız gecəsi.

Payız sehri ovsunladı sevgini,

Bədbəxt oldu beləliklə neçəsi.

 

Daha mənə doğma gəlir hər payız,

Hər payızda səni anıb içirəm.

Bu payızın soyuq keçir günləri,

Yarpaq-yarpaq bu dünyadan köçürəm.

Məqalə Qiyməti