Oğlum

: Muraz Salahi
Muraz Salahi

Tamah güc gələndə nəfsini boğ keç,

Atantək mərdanə sən yaşa, oğlum.

Namərd çörəyinə əl uzatma heç,

Ömrünü gözü tox vur başa, oğlum.

 

İnanma yaltağın şirin dilinə,

Baxma özgələrin heç vaxt əlinə,

Vurulub obana, doğma elinə,

Çatasan doxsana, yüz yaşa, oğlum.

 

Savadsız adamla dostluq eyləmə,

Sirrini heç kəsə açıb söyləmə,

İnsana dünyada pislik eyləmə,

Yaxşı əməlinlə gəl xoşa, oğlum.

 

Borc vermə, borcalma, təmiz ad qazan,

Hər kəsin yazısın yazıbdır yazan,

Tanrı yazdığını olmayıb pozan,

Sanma bu dünyanı tamaşa, oğlum.

 

Mənəm halallığın doğma övladı,

Təmizlik qəlbimin möhkəm qanadı,

Bil ki, bu dünyada Murazın adı

Mərdliklə çəkilir cüt, qoşa, oğlum.

Məqalə Qiyməti