“Lənkəran xanın vəziri”ndən acı gülüş və dərin düşüncə

: MDDT-da “Lənkəran xanın vəziri”  komediyasının nümayişi
MDDT-da “Lənkəran xanın vəziri” komediyasının nümayişi

Xəzər Gəncəlinin fikrincə,  yeni xanın dərya üzərində seyrə çıxmaq istəməsi barədə əmri onun heç də keçmiş xandan geri qalmayacağına,  əmisinin yolunu davam etdirəcəyinə bir işarədir. Bəlkə də bu xan əmisindən də despot olacaq.

Bu il  sentyabr ayının 20-i  Mingəçevir Dövlət Dram Teatrının 49-cu mövsümü oldu.  Teatr pərdələrini yenidən doğma tamaşaçılarının üzünə açdı. Mövsümün bu ilki açılışı M.F.Axundovun “Lənkəran xanın vəziri”  komediyasının nümayişi ilə baş tutdu. Tamaşaçılar və yaradıcı heyət yeni teatr mövsümünün açılışı və premyera sevincini yaşadılar.

Dahi mütəfəkkirimiz, dramaturgiyamızın banisi M.F.Axundovun bu məşhur komediyasına quruluşu teatrın baş rejissoru Xəzər Gəncəli verib. Öncədən tam səmimiyyətimlə qeyd edirəm ki, bu komediyaya istər televiziya ekranlarından, istərsə də müxtəlif dövlət teatrlarının quruluşunda dəfələrlə baxmışam, amma sənətşünaslıq üzrə  fəlsəfə doktoru Xəzər Gəncəlinin quruluşunda tamaşa məndə yeni bir düşüncə formalaşdırdı. Rejissorun əsərə yanaşması, bəzi hadisələrə radikal  yozumu  tələbkar tamaşaçıda maraq doğurmaya bilməzdi. Onun  fantaziya və yozumları tamaşaçını bir anlığına acı gülüşlərdən ayırıb dərindən düşünməyə vadar edir.

Əsər  1850-ci ildə yazılıb. Hadisələr də həmin dövrü əhatə edir.Bu illərdə Azərbaycan İran-fars abu-havasının təsiri altında idi. Zülmə, rəzalətə, despotizmə qarşı mübarizə aparmaq, cəhalətə son qoymaq lazım idi. Müəllif onu bir xəttdə - Teymurağa xəttində verir. Teymurağa nəcib olsa da yüngüldür, hövsələsizdir,  “asıb kəsəndir”. Müəllif ona  müsbət münasibət bəsləsə də,  bəzən gülür, kinayə edir. Çünki Teymurun dəlisovluğu onu həyat hadisələrini konkret  dərk etməkdən məhrum edir.

Teymurağanın sevgilisi Nisə xanımın isə daha gözüaçıq, işgüzar, sevgilisinə daim sadiq olan bir obrazdır. Ümumiyyətlə,  Axundovun qadın qəhrəmanları çox ağıllı və cəsurdular. Onlar hərəkətlərində cəsarətli və qətidilər. Buna görə də əsərdə məhəbbət  məcarası çox mənalı və əhəmiyyətlidir. Elə götürək Nisə xanım obrazını. O, feodal cəmiyyətinin mərhumiyyətlərinə qarşı çıxan çox aktiv bir qadındır. Pyesdə sevgi mövzusu ictimai-siyasi hadisələrlə  qarışıq bir şəkildə meydana çıxır. Teymur ağa xanın yalnız sevgidə rəqibi deyildir. O,  xanın və vəzirin nəzərində eyni zamanda siyasi bir rəqibdir. Teymurağa öz siyasi rəqiblərini məğlub etmək üçün çox aciz olsa da, başa düşür ki, o xanı və vəziri məğlub etməsə, sevgilisi Nisə xanımın səadətini qazana bilməyəcək. Lakin Teymur ağa siyasi hakimiyyət uğrunda mübarizə aparmağa, vuruşmağa büsbütün acisdir.  O,  bunu öz dialoqunda da təsdiqləyir. Nisə xanıma onu götürüb qaçmağı təklif edir. Nisə xanım isə öz sevgilisinə qəlbən bağlı olduğu üçün  bu təklifə razı olur.Ancaq belə bir final komediyada iki mövzudan birini -  məhəbbət mövzusunu həll etmiş olardı. Halbuki bu əsərdə əsas məişət-məhəbbət hadisələri başlıca yer tutsa da, bu  komediya əsas etibarı ilə siyasi-ictimai bir komediyadır.

Komediyanın ən məntiqi mənası despotizimi ifşa etməkdir.Müəllif həyat həqiqətlərinə istinadən “gözlənilməz” bir final verir. Əsərin ən dramatik nöqtəsində qəhrəmanların çıxılmaz bir vəziyyətdə qaldıqları dəqiqələrdə xanın dənizdə boğulmağı xəbəri gəldiyi zamanda xalq hakimiyyətə Teymur ağanın gəlməsini tələb edir və onu da özlərinə xan seçirlər. Bu da təsvir olunan həyatın məntiqsizliyinə müvafiq olaraq yalnız zahirən məqbul görülə bilər.Burdan da istər-istəməz belə bir nəticəyə gəlmək olar ki, bu final heç də M.F.Axundovun öz siyasi fikirlərini əks etdirmir. Görünür ki, burada sətiraltı mənalar çoxdur. Teymur ağanın xanlığı ələ keçirməsi heç də cəmiyyətin ictimai-siyasi konfiliktini həll etmir.Təbii ki, o zamanki şəraitdə Teymur ağalar tərəfindən bu konfilikt  həll edilə bilməzdi. Ümumiyyətlə, komediyanın əsas mənası bir xanın başqa birisi ilə əvəz olunmasında deyil, əslində bu yeni xandan da ədalət, qanun, mərhəmət gözləmək əbəsdir. Əsas məna despotik ictimai quruluşu, qanunsuzluğu və ədalətsizliyi ifşa etməkdir.

 Əksər hallarda müxtəlif zamanlarda bu komediya yüngül,  yumoristik bir tamaşa kimi hazırlanıb. Ancaq Xəzər Gəncəli bu komediyaya satirik bir janrda yanaşıb, acı gülüşlərlə bu pyesin bütün sətiraltı mənalarını açmağa müvəffəq  olub. Səhnənin yuxarısından asılmış, əlində qılınc tutan şir İranın köhnə rəmzidir, yırtıcılıq simvoludur!

Finalda verilən musiqi də farsın köhnə marşıdır. Sonda Teymur ağa taxta oturanda üzərinə düşən qırmızı işıqlar isə qana işarədir. Yeni xanın dərya üzərində seyrə çıxmaq istəməsi barədə əmri onun heç də keçmiş xandan geri qalmayacağına,  əmisinin yolunu davam etdirəcəyinə bir işarədir. Bəlkə də bu xan əmisindən də despot olacaq.

Əslində tamaşanın əvvəlində verilən pantamima final səhnəsi ilə tam uyğunlaşır. Dəhşətli külək səsi gəlir. Bu külək Teymur ağanın sui-qəsd planıdır. Bir sözlə, rejissorun sətraltı fikirlərə radikal yanaşması tamaşaçıda pyesə qarşı yeni birb fikir formalaşdırır. Düşünürəm ki,  bu çox cəsarətli bir addımdır.

Tamaşanın ərsəyə gəlməsində  Xəzər Gəncəli bütün yaradıcı heyəti səfərbər edə bilmib.  Tamaşanın uğurlu alınmasında bu əsas şərtlərdən biridir. Aktyorlar kiçik və ya böyük rolları ifa etmələrinə baxmayaraq,  öz obrazlarını məharətlə təqdim edə biliblər. Hətta bir neçə aktyor epizodlarda bir neçə rolu ifa edir. Tamaşanın quruluşu elə həll edilib ki, tamaşaçı bunu- bir aktyorun bir neçə epizodda oynamasını sezmir. Əlbəttə,  burada aktyor məharəti də özünü göstərir. Ümumiyyətlə, aktyorlar işlərininin öhdəsindən layiqincə  gələ biliblər.

Pərixanım-Respublikanın əməkdar artisti Ella Yaqubovanın səhnəyə gəlişi tamaşaçılar tərəfindən hərarətlə qarşılanıb. Aktrisanın Lənkəran regionunun şivəsində danışması, obrazın tam daxilinə nüfuz etməsi həmişə onu sevən tamaşaçılarını bu dəfə də sevindirib. Respublikanın əməkdar artisti Şıxı Yaqubovun oynadığı  Xan despotdur, ədalətsizdir, həm də əqli cəhətdən də zəifdir. Şıxı Yaqubov xanın bütün bu keyfiyyətlərini məharətlə verə bilib.

Teatrımn truppa müdiri Könül Hacıyeva ixtisasca aktrisa deyil, ancaq bu tamaşada Şölə xanım obrazını çox sərbəst və peşəkar səviyyədə oynayır. Bu, Könül Hacıyevanın səhnədə ikinci roludur. Bundan əvvəl o,  X.Gəncəlinin quruluşunda Qoqolun “Müfəttiş” əsərində də uğurla oynayıb. Deyərdim ki, bu aktrisa Xəzər Gəncəlinin yeni tapıntısıdır. Ruhəngiz Abdullayeva və Elmira İbrahimovanın ifasında Ziba, Fəridə Məmmədova və Aytən Allahverdiyevanın Nisə xanım obrazları da çox ustalıqla tamaşaçılara təqdim edilib.

Tamaşanın əsas personajı Teymurağanı gənc aktyor Paşa Salmanov oynayır. Bu obrazda da rejissor  məharəti çox əladır. Gənc aktyor yaradıcı tapşırıqların öhdəsindən qismən də  olsa gəlir. Ona görə qismən deyirəm ki, aktyor pafoslu danışıq tərzinə çox üstünlük verir.Gələcək tamaşalarda qeyd etdiyim qüsur aradan qaldırılsa, aktyorun oyunu tamamlanacaq.

Vəzir - Asim Məmmədov belə xarakterli obrazları teatrımızın səhnəsində çox oynayıb. Bu obraz da Asim Məmmədovun ifasında çox mükəmməl alınıb. Ağabəşir-Ramil Ağayev, xacə Məsud-Ceyhun Əhmədov, Səlim ağa-Turqut Məsimli, tacir və hacı Sallaр ağa-Aydın Quliyev. Bu obrazlar da  əsərdə epizod kimi verilsə də adları qeyd olunan aktyorların ifasında çox dolğun və mükəmməl personajlara çeviriliblər. Ərizəçilər-Firuz Hacıyev, Elvin Əkbərli və Hüseyn Mustafayevdir. Tipik xarakterik obrazlarla həmişə özünü tanıdan Firuz Hacıyev bu dəfə də özünü diqqət mərkəzində saxlaya bilib. İlqar Rəhimovun da oynadığı rüşvətxor, savadsız həkim obrazı İlqarın tapdığı özünə məxsus jestlərlə yadda qalıb.

Tamaşanın musiqi tərtibatı Elnur Rəsulovundur. Klassik əsərdə klassik musiqilər səslənir. Bu da ki, rejissorun fikrini tamamlayır. Quruluşçu rəssam Kəmalə Əsgərova bir dekorasiya ilə həm məişət məkanını,  həm də xan sarayını qüsursuz verə bilib.

İşıq rəssamı Elşən İsmayılovdur. Səhnədə baş verən bütün hadisələri çox zövqlə və məharətlə işıqlandıra bilib. Bir sözlə, Mingəçevir Dövlət Dram Teatrı bu mövsümdə uğurlu bir tamaşaya imza atıb.

Məqalə Qiyməti