Kənan MM: “Biz fahişəni fahişə kimi göstərməliyik ki, onlar özünü görsün”

: Kənan MM-lə müsahibə zamanı
Kənan MM-lə müsahibə zamanı

Noyabrın 12-də  Mingəçevir Dövlət Dram Teatrının kino zalında “Gecə qonağı 2” filminin Qala gecəsi keçirilib. Təqdimatdan əvvəl tamaşaçılar  filmin ssenari müəllifi, rejissoru  və baş rolun ifaçısı Kənan MMlə (Mahmudov) görüşüb,  xatirə şəkilləri çəkdiriblər.  Kənan bəy “Mingəçevir işıqları” qəzetinin müxbirinə müsahibə verib.

-Kənan bəy, eyni vaxtda aktyor ve rejissor kimi bir filmdə çəkilmək çətin olmur ki?

- Təbii ki, eyni vaxtda rejissor, həm də aktyor kimi çəkilmək bir az çətin məsələdir. Niyə özüm çəkilirəm? Çünki ən yaxşı aktyor elə rejissorların özüdür. Rejissora tapşırıq verən yoxdur. O, özü bilir.

-Öz çəkilişlərinizdə sizin oyununuzu dəyərləndirmək üçün başqa rejissorlara müraciət edirsinizmi?

-Yox, çünki heç kimi özümdən nə ağıllı tamaşaçı, aktyor və ya rejissor hesab etmirəm.

- Əsərin qəhrəmanlarından olan Zara fikirlərini çox açıq-saçıq sözlərlə  ifadə edir.  Tamaşaçı ekrandan belə sözləri eşitməyə adət etməyib.

 -O şərt deyil ki, filmdə hamı mədəni olmalıdır. Biz fahişəni fahişə kimi göstərməliyik ki, onlar özünü görsün. Hekayə  İlqar Fəhminindir. Ssenarinin müəllifi isə mənəm. Dialoqları da gənclərin danışıq tərzinə uyğun yazmışam.

- “Gecə qonağı 1” ilə  “Gecə qonağı 2” filmi arasında hansı əlaqə var? Yəni, əvvəlkində qəhrəmanlar yaxın münasibətdə olduğu halda, ikinci filmdə Ədalət Zaranı niyə tanımır?

-Çünki filmlər bir-birinin davamı deyil.  Qəhrəmanlar da zatən bir-birlərini tanımırlar. Sadəcə talelər eyni, hekayələr isə fərqlidir.  Bu film digəri ilə adı və eyni aktyorların oyunu ilə oxşardır.

Məqalə Qiyməti