Mingəçevir Teatrında “Sadığın toyu”

: “Sadığın toyu” əsəri əsasında hazırlanan eyniadlı tamaşa teatrsevərlərə təqdim olunub.
“Sadığın toyu” əsəri əsasında hazırlanan eyniadlı tamaşa teatrsevərlərə təqdim olunub.

Mingəçevir Dövlət Dram Teatrında dramaturq, publisist Sahib İbrahimlinin “Sadığın toyu” əsəri əsasında hazırlanan eyniadlı tamaşa teatrsevərlərə təqdim olunub.

Hadisələr Dozanqurdu kəndində, Cəfər kişinin evində baş verir. 5 övlad atası həyat yoldaşı Nərgizin razılığı ilə qoduğunu min manata öz həmkəndlisinə sataraq, evin sonbeşiyinə-Sadığa toy etmək istəyir. Elə problem də bundan sonra başlayır. Cəfər kişinin ailəli övladları-Mozu, Şəppəli, Hoppadan və  Moskvada yaşayan qızı Qızbəs  qoduğun satıldığını eşidib, alınan puldan onlara pay ayrılmasını tələb edir, verilməyəcəyi təqdirdə hətta valideynlərini hədələyirlər. Üstəlik kəndin icra, bələdiyyə və polis nümayəndələri də Cəfərdə pul olduğunu bilib, rüşvət istəyirlər, əks təqdirdə onu həbs edəcəklərini bildirirlər. Bir sözlə, yaradıçı kollektiv saat yarın ərzində teatrsevərləri güldürməklə, insanların pula  hərisliyini yaddaqalan cizgilərlə çatdırmağı bacarıb.

Tamaşa Ağdam Dövlət Dram Teatrının rejissoru Kərim Həsənlinin quruluşunda hazırlanıb: “Mingəçevir Dövlət Dram Teatrının direktoru Səxavət Məmmədovun təklifi ilə bura gəldim. Teatrın işgüzar kollektivi ilə 14 gündə ərzində tamaşanı ərsəyə gətirdim. Xoşbəxtəm ki, işim uğurlu alındı. Tamaşaçıların alqışları belə deməyə əsas verir”-K.Həsənli belə deyib və əlavə edib ki, o,  bu teatrın aktyorlarının oyunundan çox razıdır.

Tamaşanın sonunda Ağdam və Gəncə teatrlarından gələn qonaqlar, eyni zamanda MDDT-nın direktoru Səxavət Məmmədov və baş rejissoru Xəzər Gəncəli, dramaturq Sahib İbrahimli,  teatrşünas Anar Bürcəliyev təəsüratlarını bölüşüblər. A.Bürcəliyevin fikrincə, hər kəs bu tamaşanı izlədikcə sanki hadisələrin öz kəndində baş verdiyini düşünür: “Onu da deyim ki, komediya çox çətin janrdır. Komediyada ən vacib tələb olunan səmimiyyətdir Əsərin müəllifi Sahib müəllim buna nail olub. Onun  yaradıcılığından Sabit Rəhman qoxusu gəlir.”

Teatrın aktyoru, Əməkdar artist Ella Yaqubova da bu maraqlı məqama toxunub: “Ümid edirik ki, bu tamaşa bizim teatrımızın səhnəsindən düşməyəcək və Sahib müəllimlə əməkdaşlığımız uzunmüddətli olacaq”.

Məqalə Qiyməti