MTK beşinci dəfə beynəlxalq turizm sərgisində uğurla təmsil olunub

: Mingəçevir Turizm Kolleci  Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisində
Mingəçevir Turizm Kolleci Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisində

Mingəçevir Turizm Kolleci  bu günlərdə ölkə  paytaxtında  keçirilən Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisində (“AİTF-2018”) beşinci dəfə təmsil olunub. Sərgidə 20 ölkənin 277 şirkət və təşkilatı iştirak edib, 90-dan çox turizm istiqamətli uğur və yeniliklər təqdim olunub. Sərgiyə Azərbayacan  tərəfi ev sahibi qismində  13 milli  və regional ekspozisiya ilə qatılıb. Sərgidə Mingəçevir Turizm Kolleci  audio, video, foto  materiallar, nəzəri və təşviqat xarakterli kitablar, bükletlər və maraqlı əl işlərindən ibarət zəngin ekspozisiya ilə təmsil olunub. Üstəlik sərginin gedişində ziyarətçilər üçün milli geyimli kollec tələbələri milli musiqi alətlərinin müşaiyəti ilə klassik musiqi parçaları və  maraqlı qiraət nümunələri təqdim edib. Kollecin ingilisi dili, informatika və dekorativ tətbiqi incəsənət ixtisası müəllimləri  Gülşən Nəsirova, Eldar Dərişov və  Vüsalə Zeynalova, eləcə də  istedadlı tələbələr  Aytac Abbasova, Orxan Əliyev, Xatun Hacıyeva və  Gülməkan Fətəliyeva sərgi ərzində dünyanın dörd bir yanından təşrif buyurmuş qonaqlar və yerli ziyarətçilərlə çoxsaylı görüşlər keçiriblər. Bu görüşlər zamanı kollecə olan beynəlxalq maraq bir daha öz müsbət təzahürünü tapıb. Mingəçevir Turizm Kollecində  xarici tələbələrin təhsil almaq imkanları nəzərdən keçirilib, nüfuzlu beynəlxalq şirkətlərlə tələbə istehsalat mübadiləsi barədə ilkin razılaşmalar əldə edilib. Şri-Lankanın tanınmış turizm təşkilatının nümayəndələri MTK tələbələrinin xərclərini öhdələrrinə götürməklə, təcrübə istehsalat mübadiləsinə şərait yaratmağa  hazır olduqlarını bildiriblər.

Sərginin ikinci günü ekspozisiyaları dolaşan prezident İlham Əliyev, birinci vitse prezident Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse prezidenti Leyla Əliyeva və Mədəniyyət  və Turizm naziri Əbülfəs Qarayev  Mingəçevir Turizm Kollecinin təmsilçilik guşəsini ziyarət ediblər. Nazir Ə.Qarayev kollektivin təhsildə və beynəlxalq əməkdaşlıq sahəsində əldə etdiyi nailiyyətlər, həmçinin ən son olaraq hazırda  Rusiyanın iki nüfuzlu təhsil  ocağı olan- Sankt-Peterburq Qonaqpərvərlik İnistitutu və Sankt Peterburq Turizm və Otel Servisi Kolleci ilə Mingəçevir Turizm Kollecinin işgüzar əməkdaşlığı  barədə dövlət başçısına və onu müşayət edən mötəbər qonaqlara ətraflı məlumat verib. (Yeri gəlmişkən, hər iki təhsil ocağının nümayəndələri məhz MTK-nın dəvətilə  Beynəlxalq turizm və səyahətlər sərgisinə qatılıb). Kollecin direktoru Əyyub Əyyubov başçılıq etdiyi təhsil müəssisəsinin fəaliyyəti barədə danışıb. O, bildirib ki,  hazırda burada 12 ixtisas üzrə kadr hazırlığı aparılır,   6 mindən çox  məzun isə turizm sənayesinin müxtəlif  sahələrində  çalışır.

Mingəçevir Turizm Kollecinin beynəlxalq sərgidə iştirakı yerli və xarici kütləvi informasiya vasitələrində geniş əksini tapıb. Kollecin direktoru Əyyub Əyyubov  AzTV, İTV, ATV və MİR telekanallarının xəbər proqramında turizm və səyahətlər sərgisinin önəmi və bu mötəbər beynəlxalq tədbirdə MTK-nın uğurlu iştirakına dair məzmunlu müsahibələr verib.

Məqalə Qiyməti