Təmənnasız şəhərim

Yeganə Nəbiyeva: Mingəçevirdən görünüş
Mingəçevirdən görünüş

Gəlin, papağımızı qoyaq qabağımıza və fikirləşək: uzun illər bizi balası kimi əzizləyən, hər nazımıza dözən Mingəçevir üçün nə etmişik?

Noyabr bayramlar ayıdır.  Dövlət Bayrağı, Konstitusiya və Milli Dirçəliş günləri məhz bu aya təsadüf edir. Hər üçünü də müstəqillik illərində qazanmışıq.

Amma müstəqilliyə qədər də  noyabr ayı mingəçevirlilər üçün əlamətdar olub. 11 noyabr  1948-ci ildə bu məkana şəhər adı verilib.

Dünyanın əksər ölkələrində insanlar yaşadıqları şəhərin yaranış gününü təmtəraqla keçirirlər. Bu münasibətlə təşkil edilən  karnavallar, bayram şənlikləri bəzən bir neçə gün və az qala bir həftədən artıq çəkir. Bizdə isə yubiley illəri istisna olmaqla, şəhər günü adi günlərdən biridir. Hətta Mingəçevirin 65 illik yubileyinin də sakitcə keçdiyini çoxları xatırlayırlar. Uzaqbaşı 300-400 adamın iştirakilə bir toplantı təşkil olunur və mədəniyyət işçilərinin ifasında konsert proqramı ilə başa çatır. Amma məcburi köçkünləri ilə birgə əhalisi 120 min nəfəri ötən şəhərin əksər evlərində və küçələrində bayram ovqatı hiss olunmur. Elə toplantı zalına gələnlərin çöhrəsindən də bunu o qədər hiss etmirik.

Sabah şəhərimizin 68 yaşı olur.  Əslində bu yaş orta azərbaycanlının ömrüdür.  Vaxtilə bu şəhərin tikintisinə gələnlərin əksəriyyəti indi haqq dünyasındadır. Onlar bizim üçün bol suyu, işığı, günəşi ilə insana lazım olan yaşayış məskəni salıblar.  Evlər ucaldıblar, zavodlar tikiblər. İndi bu evlərin bir hissəsini söküb yerində  yenisini  inşa etməliyik. Köhnə və dayanmış müəssisələri müasirləri ilə əvəz etməliyik. Hamı  ləng gedən bu işlərin sürətlənməsini istəyir. Gözləmək vaxtı deyil, çünki bizim kimi yaşlaşan şəhərimizin də təzə ab-havaya ehtiyacı var.

Gəlin, papağımızı qoyaq qabağımıza və fikirləşək: uzun illər bizi balası kimi əzizləyən, hər nazımıza dözən Mingəçevir üçün nə etmişik? Çörəyini yediyimiz bu şəhərə bir xeyrimiz dəyibmi? Təbii ki, övladından təmənna güdməyən valideyn kimi bu şəhər də bizlərdən heç nə ummur.   

Şəhər gününüz mübarək!     

Məqalə Qiyməti