Mingəçevirin ad günü necə qeyd olundu?

: Mingəçevirin ad günü
Mingəçevirin ad günü

Noyabrın 10-da Mingəçevir Dövlət Dram Teatrında güc strukturları rəhbərləri, qonaqlar və ictimaiyyət nümayəndələrinin iştirakilə şəhərin ad günü qeyd edilib. Öncə teatrın foyesində Uşaq və Gənclər İnkişaf Mərkəzinin sərgilədiyi əl işlərinə və həvəskar rəssam Yunis Yolçiyevin rəsmlərinə baxış olub.  Tədbirin aparıcılar Mingəçevirdə aparılan qazıntılar zamanı tapılan qədim əşyalar, şəhərin toponimi və  quruculuq illərində görülən işlər, Azərbaycanın müstəqillik qazandığı dövrdən bəri qazandığı uğurlar barədə məlumat veriblər. Xüsusilə vurğulanıb ki,  Prezident İlham Əliyev 6 dəfə Mingəçevirə gəlib, müxtəlif  müəssisələrin açılışında iştirak edib. Vaxtilə 72 millətin olduğu şəhərdə indi 15 millətin nümayəndəsi yaşayıb, fəaliyyət göstərir.

Mingəçevirin inkişafına həsr olunmuş videoçarxın nümayişindən sonra bədii hissə başlayıb. Teatrın kollektivi ibtidai icma dövründə qədim insanların məskəni olmuş bu məkan haqda səhnəciyi təqdim ediblər. (Yeri gəlmişkən, eyni məlumat  və səhnəçiklə  4 il əvvəl, şəhərin  yubiley mərasimində də tanış olmuşduq).

 “Pərvin”  ritm,  “Mingəçevir”  və “Altun” vokal  qruplarından tamaşaçılar canlı ifalar gözləsələr də, bu, baş verməyib. Fonoqrama əsasında çıxışlar narazılığa səbəb olub. Bəzi tamaşaçılar bunu özlərinə qarşı hörmətsizlik kimi dəyərləndiriblər.   Amma  Mədəniyyət və Turizm İdarəsi musiqiçilərindən ibarət ansamblın  müşaiyətilə Oqtay Vəliyev, Zülfiyyə Hacıyeva və Anar Məmmədovun canlı ifaları alqışlarla qarşılanıb. 

Təbii ki, tədbirin  təşkilatçıları 69 yaşlı Mingəçevirin ad gününü onun adına layiq və yüksək səviyyədə təşkil etə bilərdi.  Bir neçə il əvvəl belə mötəbər tədbirlər açıq havada və daha çox insanların iştirakilə  keçirilirdi. İndi də mümkün idi, sadəcə bir  az əziyyət çəkmək, bir az da həvəs göstərmək  lazım idi. 

Məqalə Qiyməti