Mingəçevir “Merlərin Razılaşması” sazişinə qoşulub

: Yanvarın 15-də Mingəçevir Bələdiyyəsində keçirilən mətbuat konfransında
Yanvarın 15-də Mingəçevir Bələdiyyəsində keçirilən mətbuat konfransında

Mingəçevir Bələdiyyəsi Avropa İttifaqı ilə Azərbaycanın Tərəfdaşlıq və Əməkdaşlığı çırçivəsində İqlim dəyişmələrinə adaptasiya planları tərkibində “Merlərin  Razılaşması” sazişinə qoşulub və bu haqda Aİ-nin müvafiq qurumları ilə 16 iyun 2017–ci ildə  sənəd imzalayıb. Bu sənədə əsasən Avropa İttifaqı 2 il ərzində saziş iştirakçılarını enerji effektivliyi, resurslardan səmərəli istifadə, alternativ enerji sahəsində yeni texnologiyalarla təmin etməyi, Avropanın maliyyə institutları ilə əlaqə yaratmağı, bu sahədə hazırlanan layihələri texniki və maliyyə baxımından dəstəkləməyi öhdəsinə  götürür.

Bütün bunlar barədə yanvarın 15-də Mingəçevir Bələdiyyəsində keçirilən mətbuat konfransında işçi qrupunun üzvü, EkoTES İB-nın sədri Çingiz Nəzərov məlumat verib. Bələdiyyə sədri Coşqun Abdullayev Mingəçevir Bələdiyyəsində artıq bu işlərə başlanması, işçi qrupunun formalaşdırılması, 23 avqust 2017-ci ildə sazişin Mingəçevirdə təqdimatının keçirilməsi barədə danışıb: “Artıq bələdiyyənin yaratdığı işçi qrupu tərəfindən müxtəlif layihələr təklif edilib. Əsas layihə Kür çayında günəş enerjisi ilə qidalanan nasoslar qoymaqla, şəhər ərazisinin suvarılması və Bozdağın yaşıllaşdırılmasıdır. Layihə qiymətləndirmə mərhələsindədir”.

 Bələdiyyə üzvü Azər Hüseynov Gürcüstanın Tbilisi şəhərində, MKT İB-nın rəisi Şəhriyar Mustafayev isə Belarusun Minsk şəhərində təlim və seminarlarda iştirakları haqda söhbət açıblar. Onlar Şərq tərəfdaşı olan Azərbaycanın mövcud layihələrdə Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynadan geri qaldığını təəssüflə vurğulayıblar. Jurnalistlərin suallarını cavablandıran natiqlər qonşu ölkələrin, xüsusilə Gürcüstanın   karbon-4 oksidin azaldılması və enerjiyə qənaət edilməsi ilə bağlı  Aİ tərəfindən maliyyələşdirilən layihələrindən söhbət açıblar. Media mənsublarından xahiş olunub ki, bu məqsədlə ictimaiyyətdən gələcək maraqlı təkliflərin işçi qrupuna çatdırılmasında yardımçı olsunlar.  

Avropa İttifaqının Azərbaycanla ikitərəfli münasibətləri 1999-cu ildən qüvvədə olan Aİ-Azərbaycan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinə əsaslanır. Siyasi dialoqa və hər iki tərəf üçün faydalı əməkdaşlığa yeni təkan vermək üçün 2017-ci ilin fevral ayından etibarən Aİ və Azərbaycan yeni çərçivə sazişinə dair danışıqlara başlayıb. Azərbaycan enerji sahəsində Aİ-nin vacib tərəfdaşıdır və Xəzər dənizinin enerji resurslarını Aİ bazarına daşınmasında əsas rol oynayır. 2009-cu ildə təsis edilmiş Şərq Tərəfdaşlığı təşəbbüsünün məqsədi Avropa İttifaqı (Aİ), onun üzv dövlətləri və altı Şərq tərəfdaş ölkə - Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova Respublikası və Ukrayna arasında münasibətləri dərinləşdirmək və gücləndirməkdən ibarətdir.

Məqalə Qiyməti