“Bu gün təhsillə məşğul olmaq icra başçısı işləməkdən çətindir”

: N.Bayramov yubilyarın yağlı boya ilə çəkilmiş  portretini A.Hacıyevə təqdim edərkən
N.Bayramov yubilyarın yağlı boya ilə çəkilmiş portretini A.Hacıyevə təqdim edərkən

“Akif müəllim Azərbaycan xalqını və Azərbaycanı istəyən insandır. Gözəl ailə başçısıdır.  İcra Hakimiyyəti yanında şuranın üzvüdür. Şəhər Ağsaqqallar Şurasının sədridir. O, öz həyatını elmə və təhsilə həsr edib. Mingəçevir şəhərində Akif müəllimlə tanış olandan sonra özümə dost qazandım. Onun barəsində saatlarla gözəl sözlər demək olar. Akif müəllim, sizi bir daha təbrik etmək istəyirəm. Sizə nə arzu etmək olar? Ancaq cansağlığı. Gözəl insansınız, gözəl dost, gözəl ata, gözəl babasınız”.

Bu sözləri Mingəçevir Dövlət Universitetinin rektoru Akif Hacıyevin 80 illik yubileyi ilə bağlı yanvarın 16-da MDU-nun iclas salonunda düzənlənən mərasimdə Şəhər İcra Hakimiyyətinin  başçısı Niyazi Bayramov  söyləyib.

Mingəçevir Şəhər Təhsil Şöbəsinin müdiri Sahib Məmmədov deyib ki, Akif müəllim xoşbəxtdir, ona görə ki, ağlı, zəkası. biliyi, dəyanəti və bacarığı ilə ona verilmiş ömrü mənalı və məzmunlu yaşayıb, əsl şəxsiyyət səviyyəsinə yüksəlib: “Əsl insanların xarici görünüşü ilə daxili mənəviyyatı birləşərək, vəhdət təşkil edir. Belə insanların sayəsində cəmiyyət inkişaf edir, gündən-günə çiçəklənir. Akif müəllim təkcə energetik və sənaye şəhəri deyil, həm də səhiyyə və təhsil şəhəri olan və 70 illiyini qeyd edəcək Mingəçevirin belə fəxarətli insanları sırasındadır.  Çünki Mingəçevir təhsilinin inkişafında, ziyalı mühitinin yaranmasında onun əməyi danılmazdır  və  indi də işlərini böyük sevgi ilə davam etdirir”.  

“Mingəçevir İşıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev bildirib ki, Mingəçevirdə təhsil deyəndə ilk növbədə Akif müəllim yada düşür: “Bəlkə də bu insan bir neçə il qabaq icra başçısı ola bilərdi. Amma onda Mingəçevirin bəxti gətirməzdi. Çünki gözümüzün qabağında son 25 ildə 10-dək icra başçısı dəyişib. Məncə, Akif müəllimin təhsil işçisi kimi gördüyü işlər icra başçılarının gördüklərindən daha yüksəkdir. 92-ci ildə heç təsəvvürümüzə belə gətirə bilmirdik ki, şəhərimizdə yeni açılan ali məktəb respublikanın ən sanballı təhsil ocaqlarından birinə çevriləcək. A.Hacıyev burada həm pedaqoq, həm də qurucu və inşaatçı oldu. Təhsilə əvəzsiz töhfəsini verdi, təmənnasəz, rüşvətsiz təhsil qurdu. Əvvvəlki nəslinin nümayəndələrini dindirəndə həvəslə deyirlər ki, vaxtilə Hacıyevin direktor olduğu Baza Politexnik texnikumunu bitiriblər. Mingəçevirin bəxti gətirib ki, Akif müəllim burdadır. Bəlkə o, burda olmasaydı, bizim şəhərin bir çox dövlət idarələri kimi bu univesiteti də başqa şəhərə köçürərdilər”.   

Mingəçevir Turizm Kollecinin direktoru Əyyub Əyyubov diqqətə çatdırıb ki, Akif müəllim peşəsinin mahir bilicisi kimi ən yüksək zirvəyə ucalıb: “Azərbaycanımız Heydər Əliyevin, musiqimiz Üzeyir Hacıbəyovun  sayəsində dünyada daha çox tanınır, Akif müəllim isə Mingəçevir təhsilinin simvollaşmış nümunəsidir. O, intellektlər yetişdirir, bu isə tüükənməyən, ötürülən, davamlı olan nemətlərdəndir”.   

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurası  Mingəçevir şəhər şöbəsinin sədri Ələm Məmmədov da yubilyara ən xoş arzularını çatdırıb: “Akif müəllim, sizin haqqınızda çox söz demək olar. Mən 1970-ci ildə bu şəhərə gəlmişəm, 71-ci ildən indiyədək sizin haqqınızda həmişə xoş sözlər eşitmişəm. Allah sizi xoşbəxt,  ömrünüzü uzun, canınızı sağ eləsin. Ailənizlə, kollektivinizlə birgə  şərəfli, səmərəli həyat sürəsiniz”.

Təbriklər üçün minnətdarlığını bildirən A.Hacıyev mütəəssir olduğunu, heç vaxt və indi də təmtərağa maraq göstərmədiyini vurğulayıb: “Məni hələ bu qədər təbrik edən olmamışdı. Bu təşəbbüs icra başçısından gəldi. Çox sağ olsun. Mən deyərdim ki, bizim universitetin bugünkü nailiyyətlərində Niyazi Bayramovun əməyi danılmazdır.Yəni çox icra başçıları görmüşük. Təhsilin inkişafı şəhər rəhbərliyindən çox şey asılıdır. Mən də çalışmışam ki, Azərbaycanımız üçün layiqli tələbələr yetişdirəm. Bunun üçün yenə də çalışıram. Fəxr edirəm ki, bizim ali məktəb Azərbaycanda ən şəffaf ali təhsil ocaqlarından biridir. Sevinirəm ki, müəllim və tələbələrimiz, valideynlərimiz və şəhər ictimaiyyəti bu günkü durumumuzdan məmnundur. Gəlin, Mingəçevir üçün çalışaq, bizim gələcəyimiz olan gəncləri düzgün istiqamətləndirək. Hamınıza minnətdaram ki, səhər tezdən işə getməyib, bura, məni təbrik etməyə gəlmisiniz”.

İcra Hakimiyyətinin fəxri fərmanını  və yubilyarın yağlı boya ilə çəkilmiş  portretini A.Hacıyevə təqdim edən N.Bayramov onu da  deyib ki, bu gün həqiqətən təhsillə məşğul olmaq daha məsul və şərəfli vəzifədir:  “Hətta icra başçısı işləməkdən də çətindir”.  

Məqalə Qiyməti