2017-ci ildə Mingəçevir sənayesinin inkişafı haqqında

: Fəaliyyət göstərən sənaye (hüquqi şəxs) müəssisələrinin strukturu, faizlə
Fəaliyyət göstərən sənaye (hüquqi şəxs) müəssisələrinin strukturu, faizlə

Azərbaycan Respublikası regionlarının inkişaf etdirilməsi ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2014-cü il tarixli 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ölkədə iqtisadiyyatın, o cümlədən qeyri-neft sektorunun dayanıqlı inkişafına, regionlarda sosial infrastrukturun və sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına təkan vermişdir.

Mingəçevir şəhəri respublikanın istər əhalisinin sayına, istər iqtisadi potensialına görə dördüncü şəhəri olmaqla bərabər, həm də əsas sənaye mərkəzlərindən biridir. Digər regionlarla müqayisədə Mingəçevir şəhərində sənaye məhsulunun çeşidi daha çoxdur. Mingəçevir şəhərinin sənayesinin əsasını elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, qida məhsullarının istehsalı, rezin və plastik kütlə məmulatlarının istehsalı, maşın və avadanlıqların istehsalı sahələri təşkil edir.

 Mingəçevir şəhərində sahibkarlığın inkişaf etdirilməsi, azad rəqabət mühitinin formalaşması fəaliyyətdə olan təsərrüfat subyektlərinin sayının və tərkibinin dəyişməsinə öz təsirini göstərmişdir. Şəhərdə bir çox yeni müəssisə və təşkilatlar yaranmış, rəqabətə davam gətirə bilməyən təsərrüfat subyektlərinin müəyyən hissəsi ləğv edilmiş, digər hissəsi isə öz fəaliyyət istiqamətlərini dəyişdirmişdir. “Statistik vahidlərin Dövlət reyestri” üzrə 01 yanvar 2018-ci il tarixinə şəhərdə əsas fəaliyyət növü sənaye olan hüquqi şəxslərin sayı                93 olmuşdur ki, onlardan 42-si 2017-ci ilin dördüncü rübündə fəaliyyət göstərmişdir.

Əsas fəaliyyəti sənaye olan 42 müəssisənin işçilərinin sayına və gəlirlərinin həcminə görə 14-ü və ya 33,3 faizi iri və orta sahibkarlıq subyekti, 28-i və ya   66,7 faizi isə kiçik sahibkarlıq subyekti sayılır.

2017-ci il ərzində şəhərdə təşkilati hüquqi formasından asılı olmayaraq sənaye müəssisələri tərəfindən istehsal olunmuş məhsulların (natural ifadəsində) həcmi 2016-cı ilin müvafiq dövrünə nisbətən fiziki həcm indeksi tətbiq edildikdən sonra artım tempi 118,9 faiz təşkil etmişdir. 2017-ci il ərzində kiçik sahibkarlıq subyektləri də nəzərə alınmaqla şəhər sənayesinin təsərrüfat subyektləri tərəfindən fəaliyyətdə olan topdansatış qiymətlərində 378141,7 min manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir. 2017-ci il ərzində dövlət sektorunda istehsalın həcmi sənaye məhsulunun 97,0 faizini, qeyri-dövlət sektorunda isə istehsalın həcmi sənaye məhsulunun 3,0 faizini təşkil etmişdir. Ümumi sənaye istehsalının 97,5 faizi malların (əmtəələrin) istehsalı, 2,5 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılmışdır. 2017-ci il ərzində şəhər sənayesinin təsərrüfat subyektləri tərəfindən istehsal edilmiş sənaye məhsulun həcmi respublika üzrə istehsal edilmiş sənaye məhsulun həcminin 1,0 faizini təşkil edir.

Hesabat dövründə istehsal edilmiş sənaye məhsulunun 95,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin, 2,9 faizi emal bölməsinin,  1,2 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsinin, 0,1 faizi mədənçıxarma bölməsinin payına düşür.

İstehlakçılara əvvəlki illərin hazır məhsul ehtiyatlarının qalıqları da daxil olmaqla 409698,7 min manatlıq məhsul göndərilmiş, müəssisələrin anbarlarında 1158,0 min manatlıq hazır məhsul ehtiyatı qalmışdır ki, bu da 2017-ci ilin yanvar ayının 1-i vəziyyəti ilə müqayisədə 12,0 faiz və ya 157,9 min manat azdır. İstehlakçılara göndərilmiş sənaye məhsulunun 2537,0 min manatını və ya 0,6 faizini ixrac olunmuş mallar təşkil etmişdır.

Şəhər sənayesinin strukturunda elektrik enerjisinin istehsalı aparıcı rol oynayır. 2017-ci il ərzində istehsalın həcmi sənayenin ümumi məhsulunun 95,8 faizini təşkil etmiş elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində        362373,3 min manatlıq məhsul istehsal olunmuşdur. 2017-ci il ərzində ölkədə istehsal olunan  elektrik enerjisinin (əmtəəlik) 39,2 faizi və ya 8461,1 milyon kvt.saatı Mingəçevirdə fəaliyyət göstərən müəssisələr tərəfindən hasil edilmişdir ki, bunun da 92,6 faizi istilik elektrik stansiyasının 7,4 faizi su elektrik stansiyasının payına düşür. Şəhər üzrə istehsal olunmuş elektrik enerjisinin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 32,3 faiz və ya       1432,0 milyon kvt.saat çox olmuşdur. 2017-ci il ərzində 4,4 min Qkal istilik enerjisi istehsal edilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 38,9 faiz və ya 3,2 min Qkal az olmuşdur.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2017-ci il ərzində sənayenin elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 20,5 faiz, emal bölməsində 4,6 faiz, mədənçıxarma bölməsində 56,4 faiz artım, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində isə 18,1 faiz geriləmə  müşahidə olunmuşdur.

2017-ci il ərzində istehsalın həcmi sənayenin ümumi məhsulunun 2,9 faizini təşkil etmiş emal sənayesi müəssisələri tərəfindən 10853,2 min manatlıq məhsul istehsal olunmuşdur. Emal bölməsində dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında, poliqrafiya məhsullarının istehsalında, rezin və plastik kütlə məmulatlarının istehsalında, tikinti materiallarının istehsalında, kompyuter, elektron və optik məhsulların istehsalında, elektrik avadanlıqlarının istehsalında, maşın və avadanlıqların istehsalında, maşın və avadanlıqların quraşdırılması və təmirində artım müşahidə edilmişdir. Bundan başqa qida məhsullarının istehsalında, toxuculuq sənayesində, geyim istehsalında, mebeldən başqa ağacın emalı və ağacdan məmulatların istehsalında, hazır metal məmulatlarının istehsalı, mebellərin istehsalında isə azalma müşahidə edilmişdir.

Emal sənayesində maşın və avadanlıqların istehsalının xüsusi çəkisi 22,3 faiz, elektrik avadanlıqlarının istehsalının xüsusi çəkisi 17,7 faiz, qida məhsullarının istehsalının xüsusi çəkisi 9,4 faiz, kompyuter, elektron və optik məhsulların istehsalının xüsusi çəkisi 15,5 faiz, tikinti materiallarının istehsalının xüsusi çəkisi 14,5 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalının xüsusi çəkisi 11,4 faiz, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalının xüsusi çəkisi 5,9 faiz,  geyim istehsalının xüsusi çəkisi 1,6 faiz, poliqrafiya məhsullarının istehsalının xüsusi çəkisi 0,9 faiz, sair məhsulların istehsalının xüsusi çəkisi 0,8 faiz təşkil etmişdir.

2017-ci il ərzində cəmi istehsal edilmiş məhsulun 89,9 faizi iri və orta sənaye müəssisələrinin, 10,1 faizi isə kiçik sahibkarlıq subyektləri sayılan sənaye müəssisələrinin payına düşür. 2017-ci il ərzində iri və orta sənaye müəssisələri tərəfindən istehsal edilmiş məhsulun həcmi 339770,0 min manat olmuşdur ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə faktiki qiymətlərlə 62,8 faiz və ya 131064,0 min manat çoxdur. 2017-ci il ərzində iri və orta sənaye müəssisələri üzrə istehsalın həcmi dövlət sektorunda sənaye məhsulunun 97,6 faizini, qeyri-dövlət sektorunda isə sənaye məhsulunun 2,4 faizini təşkil etmişdir.   2017-ci il ərzində kiçik sahibkarlıq subyektləri tərəfindən istehsal edilmiş məhsulun həcmi 38371,7 min manat olmuşdur ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 8,6 dəfə və ya 33922,0 min manat çoxdur. 2017-ci il ərzində kiçik sahibkarlıq subyektləri sayılan sənaye müəssisələrində istehsalın həcmi dövlət sektorunda sənaye məhsulunun 91,4 faizini, qeyri-dövlət sektorunda isə sənaye məhsulunun 8,6 faizini təşkil etmişdir.

2017-ci il ərzində sənaye müəssisələrində çalışan işçilərin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,5 faiz və ya 121 nəfər azalaraq 3342 nəfər olmuşdur. Ən çox işçi elektrik enerjisi, qaz  və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində (1881 nəfər) mövcud olmuşdur ki, bu da sənayedə çalışan cəmi işçilərin 56,3 faizini təşkil etmişdir. Emal sənayesində 678 nəfər və ya cəmi işçilərin 20,3 faizi məşğuldur. 2017-ci il ərzində mebeldən başqa ağacın emalı və ağacdan məmulatların istehsalı, poliqrafiya məhsullarının istehsalı, rezin və plastik kütlə məmulatlarının istehsalı, tikinti materiallarının istehsalı, hazır metal məmulatlarının istehsalı, kompyuter, elektron və optik məhsulların istehsalı, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində işləyənlərin sayının artması müşahidə olunmuşdur. Mədənçıxarma sənayesi, qida məhsullarının istehsalı, toxuculuq sənayesi, dəri və dəridən məmulatların, elektrik avadanlıqlarının istehsalı, maşın və avadanlıqların istehsalı, mebellərin istehsalı, maşın və avadanlıqların quraşdırılması və təmiri, elektrik enerjisi, su təchizatı sahələrində isə işləyənlərin sayının azalması müşahidə olunmuşdur. 2017-ci il ərzində sənayedə çalışan cəmi işçilərin 90,5 faizi iri və orta sənaye müəssisələrində, 9,5 faizi kiçik sahibkarlıq subyektlərində məşğul olmuşdur. Hesabat dövründə sənaye müəssisələrində 395 nəfər, o cümlədən əlavə açılmış iş yerlərinə 45 nəfər işə qəbul edilmiş və 491 nəfər işdən çıxmışdır. 2017-ci il ərzində açılan yeni iş yerlərindən  3-ü dövlət sektorunda, 42-i isə qeyri-dövlət sektorunda olan müəssisələrdə istifadəyə verilmişdir.

2017-ci il ərzində şəhərin sənaye müəssisələrində işləyənlərin orta aylıq nominal əmək haqqı 332,7 manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrünün səviyyəsindən  1,0 faiz və ya 3,2 manat çoxdur. 2017-ci il ərzində dövlət sektorunda çalışan muzdlu işçilərin orta aylıq nominal əmək haqqı 344,5 manat, qeyri-dövlət sektorunda çalışan muzdlu işçilərin orta aylıq nominal əmək haqqı isə 257,5 manat olmuşdur.

Orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünün səviyyəsindən elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində 4,0 faiz artmış, emal sənayesində 13,3 faiz, mədənçıxarma sənayesində 1,8 faiz azalmışdır. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində orta aylıq nominal əmək haqqının səviyyəsi bütövlükdə şəhər sənayesi üzrə orta göstəricidən 71,4 manat və ya 21,4 faiz çoxdur.

Hazırda dövlət tərəfindən sahibkarlığın inkişafına diqqətin artırılması, sahibkarların hüquqlarının qorunması, istehsalda inhisarçılığın aradan qaldırılması ilə bağlı mühüm addımlar atılır.

Azərbaycan Respublikasının Prezidenti 26 fevral 2015-ci il tarixində ölkədə qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara əsaslanan rəqabət qabiliyyətli sənaye müəssisələrinin təşkili və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədi ilə Mingəçevir Sənaye Parkının yaradılması barədə sərəncam imzalamışdır. 2016-cı ilin sentyabr ayında təməli qoyulmuş Sənaye Parkında bu gün tikinti işlər sürətlə davam etdirilir.

Məqalə Qiyməti