Özbaşına tikintilər təhlükə yaradır

Mingəçevir İcra Hakimiyyəti baçşısı Niyazi Bayramovun sərəncamıyla Özbaşına tikintilərə yol verilməməsi məqsədilə  yaradılan komissiyanın iyulun 19-da ilk iclası  keçirilib (Sərəncamın mətni aşağıda verilir).  Komissiyanın sədri, Mingəçevir İcra Hakimiyyəti başçısının birinci müavini İlham İsmayılov bildirib ki, sərəncamın verilməsi ölkə başçısının tapşırığından irəli gəlir: “Uzun illərdir ki, işıq, qaz, su və digər kommunikasiya xətlərinin üstündə qanunsuz tikintilərin aparılması adi hala çevrilib. Son günlər baş verən enerji qapanmalarının bir səbəbi də yüksək gərginlikli xətlərin altındakı taxıl zəmilərinin  yanğına məruz qalması oldu.  Bu hadisə Mingəçevirdə baş verməsə də, təəssüf ki, şəhərimiz də belə təhlükələrdən sığortalanmayıb”.

İ.İsmayılovun dediyinə görə, kiminsə torpağa malik olması o demək deyildir ki, onun üzərində təsdiq edilməmiş layihə sənədi olmadan tikili apara bilər: “Sabah qəza baş verəndə bizdən soruşurlar ki, hara baxırdınız? Əksəriyyət isə  torpağa da icazə almadan qanunsuz inşaat işləri həyata keçirir. Hətta şəhərin mühafizə kanalının üstündə də belə evlər var. Təbii ki, tikiləndən sonra onun sökülməsi prosesi çətin olur. Buna görə də komissiya üzvləri mütəmadi  araşdırma aparıb, rəy və təkliflərini versinlər. Cənab prezidentin və icra başçısının tapşırığı budur ki, bütün qanunsuz tikintillərin sökülməsinə başlansın. Bununla bağlı komissiyaya lazımi mexanizmlər də veriləcək”.

Təklif olunub ki, əhalini maarifləndirmək üçün yerli KİV-lərin və sosial şəbəkələrin gücündən istifadə edilsin. Eyni zamanda 24 saat ərzində fəaliyyət göstərən qaynar xətt xidməti yaradılıb.

Şəhər sakinləri qanunsuz çəpərləmələrin və tikintilərin şahidi olarlarsa,  274 46 00 nömrəli “Qaynar xətt”ə zəng vura bilərlər.

***

Özbaşına tikintilərə yol verilməməsi məqsədilə  komissiyanın yaradılması barədə

Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 73 saylı 19 iyul 2018-ci il tarixli sərəncamı

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında qanunsuz tikintilərlə bağlı neqativ halların qarşısının alınması barədə səsləndirdiyi yekun nitqindən irəli gələn vəzifə tapşırıqlarının yerinə yetirilməsi məqsədilə və bu barədə Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı yanında “Mingəçevir şəhərinin 2018-ci ilin 6 ayında sosial-iqtisadi inkişafının yekunları və ilin ikinci yarısında qarşıda duran vəzifələr” barədə 12.07.2018-ci il tarixldə keçirilmiş şura iclasında qəbul edilmiş qərarın 12-ci bəndini əsas götürərək

QƏRARA ALIRAM:

1.Özbaşına tikintilərin qarşısının alınması məqsədilə aşağıdakı tərkibdə komissiya yaradılsın:

Komissiyanın sədri:

İlham İsmayılov-Şəhər İHB-nın I müavini

Komissiyanın üzvləri:

Məhluqə Cavadova-İHB-nın müavini-Şəhər Təsərrüfatı şöbəsinin müdiri

Rəsul Paşayev-Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri

Mahir Əliyev-Hüquq şöbəsinin müdiri

Coşqun Abdullayev-Mingəçevir Bələdiyyəsinin sədri

Şahzadə Məhərrəmov-Əmlak Məsələləri Dövlət Komitəsinin 8 saylı ərazi şöbəsinin Baş məsləhətçisi

Elman Lələyev-Memarlıq və Tikinti şöbəsinin Baş məsləhətçisi

Rizvan Mikayıllı-1 №-li ŞİƏD üzrə İHB-nın nümayəndəsi

Faiq Mustafayev-2 №-li ŞİƏD üzrə İHB-nın nümayəndəsi

Qürbət Məmmədov-Mənzil Təsərrüfatı və Abadlaşdırma idarəsinin rəisi

Ramiz Əliyev-Mənzil Kommunal Təsərrüfatı Kombinatının  rəisi

Rasim Əbdürəhimov-8 saylı Ərazi Ekologiya və təbii sərvətlər şöbəsinin sektor müdiri

Şəhriyar Mustafayev-Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi

Emin Şirinov-Şəhər Polis şöbəsinin İctimai təhlükəsizlik bölməsinin rəisi

Nizami Təhməzov-Şəhər ictimaiyyətinin nümayəndəsi

Mirsədi Daşdəmirov-“Mingəçevir” qəzetinin baş redaktoru

Fərman Nəbiyev-“Mingəçevir işıqları” qəzetinin baş redaktoru.

2.Komissiyaya tapşırılsın ki, şəhər ərazisində qeyri-qanuni tikintilərin aşkarlanması məqsədilə mütəmadi baxışlar keçirsin və  qanunsuz tikintilərlə bağlı neqativ halların qarşısının alınması üçün təkliflər hazırlasın.

3.Sərəncamın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

Mingəçevir  şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov

Məqalə Qiyməti