Şəhid atası: “Elə bildim Rüstəm gəldi”.

: Şəhidin övladları və atası ilə Şəhidlər Xiyabanında görüş
Şəhidin övladları və atası ilə Şəhidlər Xiyabanında görüş

Aprel hadisələrində Mingəçevir 4 şəhid verdi: Əhmədov Rüstəm Oruc oğlu, Qasımov Teymur Sabir oğlu, Adilzadə Adil Kamran oğlu və Tağıyev Rahim Qara oğlu. Onlar Talış kəndi istiqamətindəki yüksəklik uğrunda gedən döyüşlərdə həlak oldu və böyük insan izdihamının müşayiəti ilə Mingəçevirin Şəhidlər Xiyabanında torpağa tapşırıldılar.

Bu günlərdə şəhid Rüstəm Əhmədovun atası Oruc kişi ilə həmsöhbət olduq. Bir il ötsə də şəhid valideyinlərinin qəlbi göynəyir. Onların tək təsəlliləri nəvələridir. Elə şəhidin övladları və atası ilə Şəhidlər Xiyabanında görüşdük.  Oğlu şəhid olduqdan sonra Rüstəmin anası səhhətindəki problemlərlə bağlı xəstəxanada müalicə alır. Bu səbəbdən onunla görüşə bilmədik.

Şəhid atasının dediyinə görə, artıq bir ilə yaxındır ki, Rüstəmin övladları rayonda,  ana qohumları ilə birgə qalır. Bu gün onların gəlişi Oruc kişini hədsiz sevindirib: “Oğlumun balaları mənim təsəllimdir. İnandırım sizi,  onları bu gün  gördüm, elə bildim gələn  Rüstəmdi. Mən bu iki nəvəmlə nəfəs alıram. Onlar mənim yeganə oğlumun balalarıdır. Mənim dayağım Rüstəm idi. İndi Nurlan və Fərda mənim təsəllimdir.Onlar  həm də mənə söz veriblər ki, gələn ildən təhsillərini Mingəçevirdə davam etdirəcəklər. Bir baba kimi mən buna çox sevinirəm”.

Şəhidin övladları ilə də həmsöhbət olduq. Onlar böyüyəndə ataları kimi hərbçi olacaqlarını  bildirdilər.

Qeyd edək ki, kiçik cavuş Əhmədov Rüstəm Oruc oğlu 2016-cı il aprel ayının 14-də Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub. Əhmədov Rüstəm Oruc oğli göstərdiyi şücaətə görə ölümündən sonra Prezident İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif olunub.

Məqalə Qiyməti