Göyçayın “AzNar” futbol komandası yaradılıb

: Göyçayda yeni yaradılan futbol komandası ilk oyununu nümayiş etdirdi
Göyçayda yeni yaradılan futbol komandası ilk oyununu nümayiş etdirdi

Yeni komanda həvəskarlar liqasında Bakının “Şıxlar” komandası ilə qarşılaşıb

 

Uzun illərdən sonra Göyçay rayonunda “AzNar” adlı yeni futbol komandası yaradılıb. Komandanın oyunçuları Göyçay şəhərində və kəndlərdə yaşayan gənclərdən ibarətdir. Komandanın formalaşdırılması üçün rayonda bir neçə seçim mərhələsi təşkil edilib və ümumilikdə 500-dən çox müraciət edən gənc arasından ən istedadlı və bacarıqlı futbolçular seçilərək komandaya cəlb olunub.

Rusiyada yaşayan azərbaycanlı iş adamı, Göyçayda fəaliyyət göstərən “AzNar” QSC-nin sahibi Fərhad Əhmədovun təşəbbüsü və maliyyə dəstəyi ilə yaradılan futbol komandasının fəaliyyəti, təlim-məşq toplanışları üçün Göyçay şəhər stadionunda əsaslı təmir-bərpa işləri görülüb.

“AzNar” komandası Azərbaycan Futbol Federasiyaları Asossiasiyasının (AFFA) dəstəyi ilə keçirilən Həvəskarlar Liqasının E qrupunda 2016-2017-ci futbol mövsümünün oyunlarına qatılıb. “AzNar” komandası Göyçay şəhər stadionunda Bakının “Şıxlar” komandasını qəbul edib. Ümumilikdə 5 minə yaxın insanın azarkeşlik etdiyi oyun gərgin idman mübarizəsi şəraitində keçib. “AzNar”ın futbolçuları paytaxt komandasının qapısı qarşısında bir neçə dəfə real qol vurmaq imkanı yaratsa da hesab açılmayıb. Oyun 0:0 hesabı ilə başa çatıb. 

Məqalə Qiyməti