Beloruslar Mingəçevirdəki şüşə mahlıc zavodu ilə maraqlanırlar

: Mingəçevir Şəhər İcra Hakimiyyətində “Polotsk Şüşə Mahlıc” ASC nümayəndələri ilə görüş zamanı
Mingəçevir Şəhər İcra Hakimiyyətində “Polotsk Şüşə Mahlıc” ASC nümayəndələri ilə görüş zamanı

“Bizim müəssisə 1958-ci ildən fəaliyyət göstərir. Əvvəllər şüşə diyircəkləri əsasən Şimali Donetskdən və Mahaçqaladan alırdıq.  Sonra ondan lif və elektroizolyasiya məhsulları hazırlayırdıq. Bu məhsullar müxtəlif sahələrdə, əsasən müdafiə, avia və avtomobil sənayesində istifadə olunurdu. O zaman istehsalat korpuslarımız şəhərin mərkəzində yerləşirdi. Sonra bir ingilis firması ilə birgə  yeni istehsal sahəsi tikdik, təzə sobalar quraşdırdıq.  2010-cu ildə şəhərdən kənara, yeni meydançaya köçdük. Diyircəklərin istehsalı üçün lazım olan komponentləri əldə edib, xammalı da  özümüz hazırlamağa başıadıq. Bu gün 25 sobamızızdan  9-u  işləyir. Biz kabel, elektroizolyasiya və tikinti sənayeləri üçün məhsullar istehsal edirik. 1200 dərəcə istiliyə dözümlü məhsulumuz isə atom energetikasında, avtomobil və raket istehsalında istifadə olunur. Çətinliklərə baxmayaraq, müəssisəmiz fəaliyyətini genişləndirir. Əgər Sovetlər dövründə müəssisədə cəmi 1000 nəfər işləyirdisə, hazırda onların sayı  4000-ə  çatıb. Bizim illik istehsalımız 56 min ton şüşə məhsuludur”.

Belorus Respublikasındakı  “Polotsk Şüşə Mahlıc” ASC baş direktorunun birinci müavini-baş mühəndisi Roman Bliznev müxbirimizlə söhbətində belə deyib. O,  təmsil etdiyi ölkənin və müəssisənin iqtisadi çətinliklərindən də danışıb: “Bizim ölkədə enerji resursları çox bahadır.  Məhsulun maya dəyərinin 30 faizini enerji və qaz xərcləri tutur. 1 kv.saat enerji 13,6 sentə, 1000 kummetr qaz isə 275 dollara başa gəlir. Bizim rəqiblərimiz olan Rusiyada isə bu xərclər təxminən 4 dəfə aşağıdır”.

Mayın 17-də Mingəçevir Şəhər İcra Hakimiyyətinin  başçısı Niyazi Bayramov  “Polotsk Şüşə Mahlıc” Açıq Səhmdar Cəmiyyətinin nümayəndələrini qəbul edib.   Başçı onlara vaxtilə 1000 nəfərin çalışdığı şüşə mahlıc zavodunun imkanları, eyni zamanda Azərbaycana investisiya yatıran şirkətlərə edilən güzəştlər barədə məlumat verib: “Əgər niyyətimiz baş tutsa, biz dövlət səviyyəsində sizinlə əməkdaşlıq etməyi düşünürük.  Bu o deməkdir ki, 7 il ərzində bütün vergilərdən azad olunacaqsınız.  Mingəçevirdə istehsal olunan məhsulların daşınma xərcləri də ucuz başa gəlir. Məsələn, Gürcüstanda bizim bazarımız var. Buradan Tibilisiyə cəmi 300 km-dir. Baxın, bəlkə birgə nə isə edə bilərik”.

Görüşdən  sonra qonaqlar vəziyyətlə yerində tanış olmaq üçün Mingəçevir Şüşə Mahlıc Zavoduna baş çəkiblər. Zavodun hazırkı rəhbərləri ilə bərabər əvvəllər müəssisədə çalışmış mütəxəssislər də görüşdə iştirak ediblər.

Məqalə Qiyməti