Mingəçevirdə inkubasiya dövrünü başa vurmuş ağaclara yeni nəfəs verilir

: Yeni nəfəs verilən ağaclar
Yeni nəfəs verilən ağaclar

Azərbaycan tarixinə “Nur şəhəri” kimi düşmüş Mingəçevirin həyatından bəhs edən yazılarda xüsusilə qeyd edilməli bir tendensiya var: “Energetiklər şəhəri böyük sənaye mərkəzinə çevrilir”, “Ölkənin iri sənaye mərkəzlərindən olan Mingəçevir yeni olimpiya-idman qurğuları ilə tanınır”, “Nur şəhəri elm, təhsil müəssisələri ilə daha böyük diqqət çəkir”, “Mingəçevirə gələnlər tamamilə yenidən qurulmuş şəhər teatrında bir tamaşaya baxacağaq” və başqa cümlələr.  “Boz dağın qoynundakı” şəhərdə cəmiyyət həyatının bütün sahələrinin iti sürətlə inkişaf etdiyindən xəbərdar olacaq fikirləri ilə gəlirlər. Yəni çoxsaylı dəyişikliklər, yeniliklər Mingəçevirə yeni görkəm verməklə yanaşı yeni nüfuz da qazandırır.

İnsanın ruhuna sakitlik bəxş edən,  göz oxşayan, ən başlıcası təmiz ekoloji mühit yaradan yaşıllıq dünyanın harasında olursa-olsun, bir nemət kimi, sərvət kimi qəbul edilir. Nemət Tanrının yaratdığı yaşıllıqdır, sərvət isə insanların əli ilə yaradılmış yaşıllıq. Mingəçevir şəhər rəhbərliyi də yeni yaşıllıqlar salınmasına, mövcud yaşıllıqların qorunmasına daim diqqət və qayğı göstərir.

Əlbəttə, harada olur, olsun, görülmüş işlərin bir təşkilatçısı, rəhbərlik edəni mütləq vardır. Bayaqdan haqqında danışdığımız işləri də Mingəçevir Şəhər Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsi həyata keçirib. İdarənin rəisi Əli Ağamirovla bilavasitə iş üstündə – yeni yaradılmış  M.Füzuli parkında görüşdük. Əli müəllim rəhbərlik etdiyi kollektivə hansısa tapşırığı verməklə kifayətlənmir, bilavasitə işin icrası ilə özü də maraqlanır, vəziyyətlə tanış olur.

Əli müəllimin bildirdiyinə görə, elə işlər var ki, onları vəzifə borcunu yerinə yetirmək üçün görürsən: “Elə işlər də var ki, onun qiyməti olmur. On illər, yüz illər sonrakı insanlar üçün görülən işlərin qiymətini kim verə bilər ki? Yaşıllıq yaratmaq, ekoloji mühitin sağlamlaşdırılmasına xidmət etmək bilirsiniz nə qədər savabdır? Bu fəaliyyət hər yerdə dəyərlidir. Mingəçevir kimi təbii şəraitə malik aran şəhərində isə daha vacib, daha zəruridir. Biz çox məmnunuq ki, şəhər rəhbərliyi idarəmizin qarşısında duran vəzifələrin həyata keçirilməsində lazım olan bütün köməkliyi göstərir. Qeyd edim  ki, son beş ildə şəhərdəki prospekt, küçə, park və xiyabanlarda, idarə və müəssisələrə məxsus ərazilərdə yaşıllaşdırma işləri aparılıb. Bu işlər çəmən otu səpilməsi (qazon), gül-çiçək və bəzək kollarının, həmişəyaşıl ağacların əkilməsi və digər yaşıllıq sahələrində görülmüş işlərdən ibarət olub. Heydər Əliyev adına park, ulu öndərin adını daşıyan prospekt və meydan, eləcə də 20 Yanvar, Dilarə Əliyeva küçələrində, yerüstü keçidin qarşısında, M.Füzuli parkında, Sahil parkında və digər ünvanlarda daha çox yaşıllaşdırma işləri aparılıb. Eyni zamanda 6500 kvadratmetr sahəyə çəmən otu səpilib, yuxarıda qeyd edilən ünvanlarda 9750 ədəd müxtəlif gül və çiçək kolu, 500-dən çox bəzək ağacı, 3600 ədəd şəmşid adlı sarı çiçək kolu, 1350 ədəd çinar, şam və sərv ağacları əkilib. Şəhər təhsil və səhiyyə şöbələri, idman və sosial sığorta idarələri, avtonəqliyyat departamenti, Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi və digər qurumların əraziləri daha mükəmməl şəkildə yaşıllaşdırılıb və bu gün də bu işlər davam edir”.

Bu yerdə bir məqamı da vurğulamaq lazımdır. “Nur şəhəri yaşıllıqlar məskəninə çevrilir”, – deyib hər il yeni ağaclar əkilir, çəmən otları səpilir. Bu işlərin hamısı yeni layihələrdir. Əvvəlki illər və hətta, on illər boyu salınan yaşıllıqlar məhz bu işlərlə zənginləşdirilib, çoxalıb.

Bir məsələ də vardır ki, şəhərdə yaşıllaşdırma işləri nə qədər genişmiqyaslı şəkildə aparılsa da, normal təmir-bərpa, abadlıq işləri, səliqə-sahman olmayanda mövcüd yaşıllıq əhəmiyyətsiz görünə bilər. Ona görə də Əli Ağamirovun fikri ilə vaxtı keçmiş iri gövdəli, inkubasiya dövrünü başa vurmuş ağacların kötüklərindən müxtəlif bəzək əşyaları, parklarda stol, dibçəklər üçün maraqlı iri gül qabları hazırlayıblar. Onların sayı hələ ki 20-yə yaxındır. Əlbəttə, bu işləri görmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyindən icazə alınıb.

Əsasən də şəhərə gələn turistlərin nəzərini daha çox cəlb edən bu ağac stullar iri, gül qabları onlarda xüsusi bir maraq oyadıb. Onlar bildiriblər ki, Azərbaycanın bir çox bölgələrində olublar, ancaq bu yeniliklə burada rastlaşıblar. Bir sözlə, qurumuş ağaclara yenidən nəfəs verən bu insanın daha nələrə qadir olduğunu öyrənmək üçün gərək Mingəçevirin hər bir yerini qarış-qarış gəzəsən.

“İnkişaf edən Mingəçevirin tərəqqisinə töhfə vermək  vəzifə borcu, vətəndaşlıq borcumuzdur”, – deyən Ə. Ağamirov mingəçevirlilər üçün yaratdığımız bu şərait, bu yaşıllıq istərdik ki, bizdən sonra da bu görkəmdə qalsın. Gecələri göz oxşayan, gur işıqlı, gündüzləri yaraşıqlı, küçələri abad, gözəl, qonaqları gündən-günə artan şəhər. Mingəçeviri bu gün hamı məhz belə təsəvvür edir, belə görür. Qoy belə də davam etsin.

Məqalə Qiyməti