Göyçayda 100 kilometr uzunluğunda su boruları Bığır kənd icra nümayəndəsinin köməyilə oğurlanaraq satılıb

: İşbazlar vətəndaşların pay torpağından və nar bağlarından keçən yeraltı boru xətlərini söküblər
İşbazlar vətəndaşların pay torpağından və nar bağlarından keçən yeraltı boru xətlərini söküblər

Göyçay rayonunda yerin altı ilə çəkilmiş paslamayan su boruları oğurlanaraq satılıb. Oğurluq hadisəsi rayonun Bığır kəndində qeydə alınıb. Bərdə rayonundan olan Elsevər adlı şəxs Göyçay rayon İcra Hakimiyyətinin Bığır kəndi üzrə icra nümayəndəsi Şıxverdi Behbudovla əlbir olaraq Sovet dövründə Bığır kəndinin ərazisində salınan 550 hektardan çox nar bağının, tərəvəz sahəsinin və üzüm plantasiyasının suvarılması məqsədilə çəkilmiş 100 kilometrdən çox uzunluğu, diametri 42 və 52 santimetr olan azbes və metal boru xəttini qanunsuz sökərək satıb. İşbazlar vətəndaşların pay torpağından və nar bağlarından keçən yeraltı boru xətlərini sökərkən Bığır kənd sakinlərinin etirazı ilə qarşılaşıblar.

Kənd icra nümayəndəsi Şıxverdi Behbudov yerli sakinlərlə görüş keçirərək ərazidən çıxarılan boruların satışından əldə olunacaq gəlir hesabına onlara pul veriləcəyini vəd edib. Borular daşınaraq satılsa da vətəndaşlara pul verilməyib.

Kənd sakini Ramiz Bilalov həmin boru xətlərinin 100 il ərzində istismara yararlı olduğunu və ərazidəki nasaz su nasoslarını bərpa etməklə həmin borular vasitəsilə susuzluqdan məhv olan nar bağlarını və tərəvəz əkini sahələrini suvarmağın mümkün olduğunu bildiriblər. Onlar su borularının 30 ildən sonra sökülərək Ağdaş, Şəmkir, Sabirabad rayonlarında satılmasının qanunsuz olduğunu bildiriblər. Kənd sakinləri bu gün ölkədə kənd təsərrüfatının inkişafı, əkin sahələrinin genişləndirilməsi və məhsul istehsalının artırılması üçün yeni suvarma sistemlərinin qurulduğu, boş torpaq sahələrinin suvarılma yolu ilə əkin dövriyyəsinə cəlb edildiyi halda Göyçayda ötən əsrin 80-ci illərində Heydər Əliyevin göstərişi ilə yerinaltı ilə paslamayan borular vasitəsilə çəkilən və bu gün də istismara yararlı olan suvarma sisteminin hazırda qanunsuz olaraq sökülüb satıldığını qeyd ediblər.

Məsələ ilə əlaqədar Bığır kənd icra nümayəndəsi Şıxverdi Behbudov bildirib ki, su boru xətləri Göyçay rayon İcra Hakimiyyətinin razılığı ilə sökülür. O, söküntü işlərini aparan şəxslərə kənd sakinlərinin mane olmaması üçün əraziyə nəzarət etdiyini bildirib. O, vətəndaşların bununla bağlı yuxarı orqanlara çoxsaylı şikayətlərinin olduğunu və məsələnin rayon polis şöbəsi tərəfindən araşdırıldığını təsdiqləyib.

Rayon icra hakimiyyəti başçısının birinci müavini İkram Vəliyev isə Bığır kəndində su borularının kimlər tərəfindən sökülərək satılması ilə bağlı məsələdən xəbərsiz olduğunu bildirib. O, boru satılması işində kənd icra nümayəndəsinin adının hallanmasını yaxşı hal hesab etməyib və bunu pisləyib. O, bu məsələnin hüquq-mühafizə orqanları tərəfindən araşdırıldığını qeyd edib.

Bığır kənd sakini Ramiz Bilalov bildirib ki, kənd icra nümayəndəsi Şıxverdi Behbudov Bərdə rayonundan olan Elsevər adlı şəxslə əlbir olaraq boruları yerin altından tez bir zamanda çıxararaq daşınması üçün əraziyə 4 ədəd buldozer traktoru və 2 ədəd “Qaz 53” markalı yük avtomobili cəlb edib. Hazırda işbazlar Bığır kəndi ərazisində boru xətlərinin söküntüsü işlərini davam etdirirlər.

Həmçinin, Elsevər adlı şəxs SOCAR-ın Göyçayın Qarabaqqal kəndi ərazisindən keçən 700 millimetrlik köhnə qaz borusunun 600 metrlik hissəsini də qanunsuz olaraq sökərək satıb.

Qeyd edək ki, Bığır və Qarabaqqal kəndləri ərazisindən keçən su və qaz xətlərinin oğurlanması ilə əlaqədar vətəndaşların şikayəti əsasında hazırda Göyçay rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma işləri aparılır.     

Məqalə Qiyməti