8 övlad, 16 nəvə, 23 nəticəsi olan 91 yaşlı Əli Əhmədov: “Heç kimə möhtac deylik”

: 91 yaşlı Əli baba və 89 yaşlı Gülüş nənə
91 yaşlı Əli baba və 89 yaşlı Gülüş nənə

Onlar 70 ilə yaxındır ki, bir-birinə “can” deyib,  “can” eşidirlər. 70 ilə yaxındır ki, onların həyata baxışları bir-birini tamamlayır. Söhbət Mingəçevirdə məskunlaşmış Əhmədovlar ailəsindən gedir.

…Sözün düzü, bizim gəlişimizdən onların xəbərləri  yox idi. Elə zənn edirdik ki, 91 yaşlı Əli babanı yatağında xəstə, 89 yaşlı Gülüş nənəni isə gözündən-qulağından şikayətçi kimi görəcəyik. Lakin onları iş başında görəndə bu kimi düşüncələrimizdən, sözün düzü, xəcalət çəkdik: 91 yaşlı ixtiyar 89 yaşlı qarısı ilə birgə bağda – əllərində bel əkdikləri tərəvəz bitkilərinin diblərini boşaldırdılar. Gördüyümüz mənzərdən o qədər sevindik ki… Lakin özümüzü itirmədik. Elə həmin anları fotonun yaddaşına saldıq.

Əli babanın sözlərindən aydın oldu ki, bu gün ailəsinin belə sağlam şəkildə ayaqda qalmasına görə həyat yoldaşına borcludur: “69 ildir evliyik. Mənfur ermənilər bizi ata-baba torpaqlarımızdan didərgin salandan sonra Mingəçevirdə məskunlaşdıq. Onu da deyim ki, Mingəçevirə gələndə heç bir iynəmiz də yox idi. Ər-arvad əl-ələ verib, halal zəhmətimizlə burada yenidən həyat qurduq”.

Sonra Əli baba doğma yurd-yuvasındakı günlərini yada saldı. Bu ürək ağrıdan söhbətdən sonra kövrəldi və elə özü də bu kövrəkliyi aradan qaldırmağa çalışdı: “40 il tarix müəllimi işləmişəm. Ermənistanda olanda arvad mənim əlimə baxardı,  amma indi mən onun əlinə baxıram. O, göy-göyərti əkib becərir və həmin göyərtiləri də satır. Bax, bununla dolanırıq. İndi pensiya ilə dolanmaq olar? Həm də bizi belə gümrah saxlayan bax bu torpaqdır”.

Söhbət əsnasında aydın oldu ki, 69 il həyat yolunda birgə addımlayan cütlüklərin 8 övladı,16 nəvəsi, 23 nəticəsi var. “Övladlarınız sizə kömək edirləri?” sualına Gülüş nənə cavab verdi: “Bakıda yaşayırlar. Ayda bir dəfə gəlib bizə dəyirlər”. Əli baba isə onun söhbətini bu sözlərlə tamamladı: “Bizim hələ onların köməyinə ehtiyacımız yoxdur. Nə qədər ki, əl-ayağımız tutur, özümüz-özümüzü dolandıracağıq”.

Əli babadan uzunömürlü ailənin sirlərindən də danışmağı xahiş etdik. O dedi: “Ailənin təməli saf, həm də möhkəm olmalıdır. Bir də kişi ailənin sütunudursa, qadın da döyünən ürəyidir.  Biz bu gün də əl-ələ verib birlikdə bir nöqtəyə vururuq. Həmişə ailə qayğılarını da birlikdə çözmüşük”.

“Təssüflər olsun ki, son zamanlar ailə həyatı quran insanlar arasında  boşanmalar artır. Görəsən niyə?”

Sualımızı Gülüş nənə özünəməxsus şəkildə cavablandırdı: “Mən öz qızlarıma həmişə tövsiyə etmişəm ki, böyüyün hörmətini saxlasanız, ailənizdə söz-söhbət düşməz. Cəmiyyətdə də həmişə böyük-kiçik yeri bilin. Həyatda hər şey ola bilər. Bunlara hazır olmaq lazımdır. Hər xırda söz-söhbətdən ailəni dağıtmazlar. Mən də eşiridəm qonum-qonşuda bu gün gəlin köçən qız 5-6 aydan sonra gəlib atasının evində oturur. Çox pis oluram bu kimi xəbərlərdən. Ailə tərbiyə ocağıdır. Bir dövlətin qanunları ona görə yazılır ki, həmin qanunlara əməl etsinlər. Ailələr də cəmiyyətin təməli və bünövrəsi olduğu üçün, onlar da  qanunlarla tənzimlənir. Dövlət qanunları pozulduğu zaman qarışıqlıq yarandığı kimi, ailədə  qanunlar  pozulanda da hərc-mərclik baş verir. Qoy heç kim ailənin də bir dövlət olduğunu unutmasın”.

Məqalə Qiyməti