“Qan tökərək, can qazanıb Azərbaycan...”

: Əfqanıstan Veteranları İctimai Birliyi  Mingəçevir filialının  gənclərin vətənpərvərlik tərbiyəsinə həsr etdiyi  tədbirdə
Əfqanıstan Veteranları İctimai Birliyi Mingəçevir filialının gənclərin vətənpərvərlik tərbiyəsinə həsr etdiyi tədbirdə

“18 il hərbi xidmətdə olan Rəhimin adıyla bura çağrılmışam. Mən aprel şəhidinin həyat  yoldaşıyam. Şəhid yoldaşı olmaq isə hər kəsə qismət olmur. Bu gün mən üç övlad –iki oğul, bir qız böyüdürəm. Yeni il yaxınlaşır. İkinci ildir ki, övladlarım bayramı  atasız qarşılayırlar. Bizim üçün ağırdır. Uşaqlarım çox istərdilər ki, ataları yanında olsun.  Qızım deyir ki, atasının arzusunu yerinə yetirib, həkim olacaq və yaralıları ayağa qaldıracaq.   İstəmirəm qəmli olum, amma insan dözə bilmir. İnşallah, mənim oğlanlarım böyüyər, atalarının qisasını alar. Çünki o şəhidlərin qanı yerdə qalmasa, biz daha çox xoşbəxt olarıq. Biz çox sevinərik ki, bir gün belə tədbiri hazırlayıb, torpaqlarımızın geri alınmasını qeyd eləyək. İnşallah, o gün bizə qismət olsun...”

Vüsalə  Tağıyeva bu fikirləri dekabrın 23-də Mingəçevirdəki Gənclər Evində  Əfqanıstan Veteranları İctimai Birliyi  Mingəçevir filialının  gənclərin vətənpərvərlik tərbiyəsinə həsr etdiyi  tədbirdə səsləndirib.    Filialın sədri Elşən İbrahimli deyib ki,  “əqan” veteranları  iki müharibədən-Əfqanıstan və Qarabağ döyüşlərindən keçiblər:  “Biz Əfqanıstanda  Azərbaycanı yüksək səviyyadə təmsil etmişik. 208 şəhidimiz olub, 8-i Mingəçevirdəndir. Onlar hamısı qəhrəmancasına həlak olub.  7 nəfər keçmiş SSRİ-nin “Qırmızı Ulduz” ,  bir nəfər  “Lenin”  ordeninə layiq görülüb.  Şəhərimizdəki  məktəblərdən  2-nə İlqar Rüstəmovun və Yaşar Muradovun  adları verilib. Onların 60 faizi həm də  Qarabağ veteranıdır.  Bizim  təşkilat yaranandan bütün təhsil ocaqlarında, hərbi hissələrdə, digər kolektivlərdə  vətənpərvərliklə bağlı görüşlər təşkil edir.  Çalışırıq ki,  gənclərimiz  vətənpərvər  olsunlar, torpağı sevsinlər”.

Tədbirdə  dövlətçiliyimizin müdafiəsi və gənc nəslin vətənpərvər ruhda yetişməsində fəaliyyətinə görə  bir qrup  mingəçevirli  filialın Fəxri Fərmanı  ilə təltif olunub.  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Mingəçevir şöbəsinin rəisi Şahin Xəlilov,  12 saylı məktəbin direktoru Mirzə Cavadov, “Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev,  kikboksinq üzrə təlimçi Mehman Məlikov, Mingəçevir Bələdiyyəsinin komissiya sədri  Zahid Qasımlı,  Əfqanıstan Veteranlar İttifaqı şəhər filialı idarə heyətinin üzvü  Qismət Qədirov,  11 saylı məktəbin direktoru Sevil  Əlişova,  aprel döyüşlərinin şəhidi Adil Adilzadənin atası Kamran Adilzadə, texniki –humanitar liseyin direktoru Nailə Məmmədova,  Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli,  şəhər İcra Hakimiyyətinin məsul işçisi Elşən Əliyev,  Azərbaycan İES MMC-nin mülki-müdafiə qərargahının rəsi Adil İsmayılov, Mingəçevir sakinləri Etibar Əhmədov və Çingiz Bağırov,  Şəhid Rüstəm Əhmədovun  Oruc kişi  və başqaları təqdimat  mərasimindı çıxış edərək, düşüncələrini bölüşüblər.

Tədbirin aparıcısı  Günel Mahmudova deyib ki,  dövlətimiz canı və qanı bahasına  qurulub və  müstəqilliyini qoruya bilib:  “Azərbaycan yeganə ölkədir ki, adının sonu “can”la bitir.  Tarixçilərin yazdığına görə, vaxtilə bu ölkənin adı “Azərbayqan” olub. Qanlar tökərək, şəhidlər verərək, can qazanıb Azərbaycan.  Bayrağımızdakı qırmızı rəng də şəhidlərimizin qanıdır”.

20 saylı  məktəbin şagirdi  Aytac Əlizadə, 3 saylı məktəbin şagirdləri Nərmin Salamzadə   və  Nəsrin Yunuslu,  Texniki Humanitar  liseyin şagirdi  Şəbnəm Məmmədova  vətənə, bayrağa və şəhidlərə aid şeirləri oxuyublar.  Əfqan veteranı Yaşar Muradovun  sənədləri daimi saxlanmaq üçün adını daşıyan məktəbin  hərbi hazırlıq müəlliminə təhvil verilib.  

Məqalə Qiyməti