Mingəçevirli gənclər bayram süfrəsi ətrafında şənlənib

: Maraqlı sürprizlər, rəngarəng mahnı və rəqslərlə dolu şənlik
Maraqlı sürprizlər, rəngarəng mahnı və rəqslərlə dolu şənlik

Mingəçevir  Gənclər Evinin  və şəhər  Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Ağsaray” otelində, bayram süfrəsi ətrafında  Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il şənliyi qeyd olunub.  Mətbəximizin ləzzətli yeməklərinin və milli musiqi nümunələrinin  təqdim edildiyi məclisə gənclərlə bərabər  yaşlı nəslin nümayəndələri də qatılıb. Onlar maraqlı sürprizlərin, rəngarəng mahnı və rəqslərin şahidi olublar.  Şaxta babanın və Qar qızın gəlişi şənliyə ılavə rəng qatıb.

İcra Hakimiyyətinin nümayəndəsi Sahib Əliyev qarşıdan gələn bayramlar münasibəti ilə tədbirə toplaşanları təbrik edib. O, diqqətə çatdırıb ki, 26 il öncə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci iclasında Heydər Əliyevin təşəbbüsü ilə dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilib: “Sonra ulu ğndər Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldıraraq,  bu qərarı qəbul etməyə çağırdı və dünya azərbaycanlılarının birlik və həmrəylik ideyasını dövlət siyasəti səviyyəsinə qaldırmağa nail oldu”.

Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli bildirib ki, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda böyüməsi bu günün prioritet məsələlərindəndir. O, vurğulayıb ki, dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq,  gənclərin intellektual və yaradıcı potensialını üzə çıxarmaq,  fəallığını artırmaq məqsədilə davamlı işlər görülür, layihə və proqramlar həyata keçirilir:  “Biz həmişə bu gənclərin yanındayıq və onlara dəstəyik”.

“Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin direktoru Tural Kərimov və tədbirə gələn qonaqlar da gənclərə yeni il təbriklərini çatdırıblar. 

Məqalə Qiyməti