Günəşə, yaza doğru

: Mingəçevirdə Novruz şənliyi
Mingəçevirdə Novruz şənliyi

Səməd Vurğun meydanında Novruz təntənəsi


Mingəçevir şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Səməd Vurğun adına meydanda qurulan Novruz şənliyində qərinələrdən bizə miras qalan, nənə-babaların həyat tərzini nümayiş etdirən tabloların şahidi olduq. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Novruz tonqalını yandırdı. Dədə Qorqud və Bahar qız  faytonla meydana təşrif buyurdu. Qız-gəlinlər sac üstündə fətir saldılar. Gənclər dirədöymə oynadılar,  kəndir çəkərək güclərini sınadılar. Çal-çağır, rəqslər, xoruz döyüşü... Kəndirbaz ürəkqoparan çıxışlar etdi. İdman məktəbinin nümayəndələri cəld hərəkətləri ilə meydana toplaşanların ovqatını oxşadılar.

Təhsil müəssisələrinin nümayiş etdirdikləri əl işləri də yerinə düşdü. Mədəniyyət və Turizm şöbəsi işçilərinin ifasında mahnılar, Mingəçevir Dövlət Dram Teatr aktyorlarının səhnəcikləri insanların çöhrəsində təbəssüm yaratdı.

Bayram təntənəsi axşam saatlarınadək davam etdi. Bir rahatlıq vardı insanlarda. Bu, onların qışdan salamat çıxıb, yaza, günəşə qovuşması ilə bağlıydi. Hava qaralırdı, tonqalın yanmış külləri isə ətrafda uçuşurdu...

 

Bayram tonqalı ətrafında yallı


Mingəçevir Turizm Kollecində baharın gəlişi bayram tonqalı ətrafında böyük coşqu ilə qeyd edilib. Şux rəqslər, milli və müasir musiqilər, poetik nümunələr, Keçəl, Kosa, Bahar qız və Qorqud atanın təbrikləri, Novruz münasibətilə təşkil olunan  idman turnirləri və müsabiqə qaliblərinin təltif edilmələri şənliyin ovqatını yüksəldib. Xalq oyunlarından olan kəndirdartışması, dirədöymə, milli geyimli qızların Novruz inanclarından bəhs edən səhnəcikləri xoş ovqat yaradıb. Kollektivin üzvləri əl-ələ və çiyin-çiyinə bayram tonqalı ətrafında Yallı gedərək,  Novruzun  həm də milli birlik rəmzi olduğunu qürurla nümayiş etdiriblər.

Kollecin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov  ən xoş arzularını paylaşıb: “Novruz adətləri  tarixin dərinliklərinə  uzanır. Elə zamanlar  olub ki, dəyərlərimizə göz dikənlər Novruzun bayram edilməsini belə yasaqlayıb. Amma yenə də xalqın Novruz sevgisini köksündən qoparmaq mümkün olmayıb. Bircə təəssüf doğuran odur ki, torpaqlarımızın bir hissəsi  işğal altındadır və illərdir ki, həmin yurd yerlərimiz Novruz şənliklərinə həsrət qalıb. Amma o yerlərimizə dönəcəyimiz günə inanmımız günbəgün artır. Çünki  Azərbaycan ildən ilə iqtisadi və hərbi cəhətdən  güclü, yenilməz dövlətə çevrilir”.

Şənlik iştirakçıları Növruz təamları ilə bəzədilmiş  süfrə arxasında təbrik və  şux zarafatlar içində bayramlaşıblar.

Adət-ənənlərimizi yeni nəslə sevdirə bilirikmi?


Bu suala şəhər ağsaqqallarından müxtəlif cavablar aldıq:

44 il müəllim kimi fəaliyyət göstərən əmək veteranı Elman Əhmədov: “Mən şagirdlərimə, övladlarıma Novruz barədə həmişə danışmışam. Bu gün iki nəvəmi də  bura gətirmişəm, hər ikisi də rəqs edir. Çərşənbə axşamları həyətimizdə tonqal qalayırıq. Bayram axşamına düşən axır çərşənbəni isə həyətimizdəki mağarda, çal-çağırla qarşılayacağıq”.   

Şəhər Ağsaqqallar Şurasının üzvü Tofiq Qarayev: “Novruz həyatdır, yenilikdir, sağlamlıqdir. Ona görə biz bu ənənəmizi qoruyub saxlamalı, gələcək nəslə ötürməliyik. Təəssüf ki, gənclərdə bu adətlərimizə qarşı bir soyuqluq var.  Bu adətləri öyrənmək üçün gərək çox oxuyalar, ağsaqqallardan, ağbirçəklərdən öyrənələr. Biz bura qədər gətirmişik, gənclər də gələcəyə ötürməlidirlər”.

Əmək veteranı, 45 il mədəniyyət sahəsində çalışmış və ümumittifaq festivalları laureatı Ağagül Əliyev: “Mən Novruz bayramının qeyd olunmasının yasaq olduğu illəri yaxşı xatırlayıram. Bu bayram ilk dəfə təxminən 50 il qabaq dövlət səviyyəsində Şıxəli Qurbanovun sayəsində qeyd olundu. Bugün hamının üzündə bir coşqu, bahar həvəsi duyulur. Bu,  bizi sevindirir”.

Şair Mahir Musa: “Bahara aid fikrimi şeirlə çatdırmaq istəyirəm.

Hər il Novruz bayramı,

Cuşa gəlir el, hamı.

Qəlbin sevinclə dolur,

Dərdin-qəmin yox olur.

Ev-eşik təmizlənir,

Bəzəklənir, rənglənir.

Gül gül ilə yarışır,

Küsülülər barışır.

Kəndlərdə, şəhərlərdə

Təzə ağac əkərlər.

Köhnələri kəsərlər.

Yekə toqal qalanar,

Bir-bir hamı tullanar.

Ağrı-uğru olanlar,

Burda hamısı yox olar”.

Məqalə Qiyməti