70 yaşlı səyyahın növbəti veloturu

: Dostları Abid İsmayılovu yola salırlar
Dostları Abid İsmayılovu yola salırlar

Mingəçevir sakini, 70 yaşlı təqaüdçü Abid İsmayılov artıq 5 ildir ki, velosipedlə  səyahət edir. Bu gün o, ənənəsinə sadiq qalaraq,  səhər saatlarından yola çıxıb.

Vaxtilə pedaqoq işləyən Abid İsmayılov ötən il  3000 kilometr məsafəni 70 günə qət edib,  İran,Türkiyə, Rusiya, Naxçıvan , Gürcüstan, Krasnodar, Novorossiysk, Soçi  marşrutu üzrə səyahət edib.  

Zəruri vasitələri özü ilə götürən həvəskar səyyah bu dəfə 3 ay müddətində səyahətdə olacağını bildirib. Deyib ki, səhhəti normaldır,  özünü çox gümrah hiss edir: “Əvvəllər şəkər xəstəsi idim. İnandırım sizi,  bu yollarda o xəstəliyi yoxa çıxardım. Bu dəfə fikirim var ki, Odessaya qədər gedim. Hər dəfə dostlarım məni yola salır və qarşılayırlar.  Bircə ona təssüflənirəm ki, bu 5 ildə mənimlə uzaq yola çıxa biləcək  yol yoldaşı tapa bilmədim. Səyahətə  yoldaşlı getmək bir az güvənliyi artırır...”

Dediyinə görə, nə uşaqlıqda, nə də gənc yaşlarında velosiped sürməyib. Son bir neçə ildə bu nəqliyyat vasitəsini idarə etməyi öyrənən Abid müəllim gələcəkdə Çin səddinədək getməyi planlaşdırır.

Məqalə Qiyməti