Mingəçevirdə özbaşına, qanunsuz tikililərin sökülməsinə başlanıb

: Fazil Əzimov döngəsində qanusuz tikililərin sökülməsi
Fazil Əzimov döngəsində qanusuz tikililərin sökülməsi

Mingəçevirdə qanunsuz və özbaşına tikintilərin iyulun 25-dən sökülməsinə başlanıb.  İcra Hakimiyyəti başçısının sərəncamıyla özbaşına tikintilərə yol verilməməsi məqsədilə yaradılmış  komissiyada Sağ sahil və AzDRES yaşayış massivləri üzrə işçi qrupunun və  şəhər Bələdiyyəsinin sədri  Coşqun Abdullayevin dediyinə görə,  xəbərdarlıqlara baxmayaraq, bəzi vətəndaşlar hələ də  məsuliyyətsiz hərəkətlərə yol verirlər: “Fazil Əzimov döngəsindəki 5 saylı evdə yaşayan Ağayev Baxşeyiş Durmuş oğlu evinin yaxınlığında, yüksək gərginlikli enerji xətlərinin altında yerləşən 0,12 ha torpaq sahəsini zəbt edərək, fərdi ev tikirdi. Bizim  xəbərdarlığımızdan sonra söz vermişdi ki, daşını-kəsəyini söküb aparacaq. Bu gün səhər əraziyə  növbəti baxış zamanı aydın oldu ki, o, dövlət qurumlarının nümayəndələrini aldatmaq fikrində imiş. O, daşı daş üstünə qoymaqla qanunsuz tikintini başa çatdırmaq istəyirmiş. Hətta darvaza  qoymağa da vaxt tapmışdı. Burada hörgü aparan bənnanı da gördük.  Buna görə də dərhal söküntüyə qərar verdik”.

Mənzil Kommunal Təsərrüfatı Kombinatında çalışan işçilərin və mexanizmlərin  köməyi və qanunsuz tikili aparan şəxsin iştirakilə  söküntü başa çatdırılıb,.ərazi hasardan təmizlənib, darvaza isə yerindən çıxarılaraq, Baxşeyiş Ağayevə təhvil verilib. Proses komissiya üzvlərinin və polis nümayəndələrinin iştirakilə aparılıb və aktlaşdırılıb.

Komissiya üzvlərinin iyulun 26-da yoxlaması zamanı Tacəddin Əliyevin şəhərin Bozdağ küçəsindəki 21A saylı ünvanda sahəsi 0,04 ha olan fərdi torpaq sahəsindən kənara çıxması  (967 kv.metr sahədə  tikinti apardığı) müşahidə olunub. Ona bildirilib ki, tikintiyə və əlavə torpaq sahəsinə dair sənədləri təqdim etsin, əks təqdirdə söküntü işlərinə başlanacaq.

Komissiya üzvləri şəhərin sol sahil hissəsində də qanunsuz tikililərin sökülməsi və əhalinin maarifləndirilməsi istiqamətində işlər aparırlar.  İHB-nın birinci müavini İlham İsmayılovun məlumatına görə, qanunsuz tikililərin qarşısının alınmasıyla bağlı iyulun 24-də keçirilən iclasda komissiya üzvlərinin iştirakilə 3 işçi qrupu yaradılıb: “İclasda şəhər əhalisinə müraciət hazırlayıb, insanların daha çox toplaşdığı yerlərdə yaymaq, yerli KİV-lədə Şəhərsalma və Tikinti Məcəlləsinin izahı ilə bağlı məqalə və müsahibələr dərc etmək qərara alınıb. Eyni zamanda su, qaz, işıq, rabitə təşkilatlarına komissiyaya kömək göstərilməsi üçün məktub göndərilib”.

Özbaşına tikintilərə yol verilməməsi məqsədilə təşkil olunan komissiya Min-gəçevir Şəhər İcra Hakimiyyəti başçısı-nın 73 saylı 19 iyul 2018-ci il tarixli sərəncamı ilə yaradılıb.

Fazil Əzimov döngəsində aparılan söküntü prosesi ilə bağlı videonu buradan izləyə bilərsiniz. 

Məqalə Qiyməti