Mingəçevir Dövlət Universitetində “Data Jurnalistika” kitabı müzakirə olundu

: MDU-da və MMM-də görüşlər
MDU-da və MMM-də görüşlər

Oktyabrın 10-da Mingəçevir Dövlət Universitetində MDU-nun müəllimi Kərim Əliyevin tərcüməsi və “Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyevin redaktəsi ilə elektron qaydada hazırlanan “Data Jurnalistika” kitabının müzakirəsi keçirilib.

 

Mingəçevir Dövlət Universitetinin prorektoru, professor Veysəl Əyyubov tədbir iştirakçılarına universitetin rektoru Akif Hacıyevin salamlarını yetirib və “Data Jurnalistika” kitabının ərsəyə gəlməsində zəhməti olan hər bir kəsə təşəkkürünü bildirib. Professor böyük auditoriyaya ünvanlanan kitabın bu universitetin müəllim və tələbələri üçün  də faydalı olacağını vurğulayıb.

Müzakirəyə qatılan Aİ-nin proqram meneceri xanım Alexandra Nerisanu  bildirib ki, Avropa İttifaqı Azərbaycanın vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı çoxsaylı layihələrə dəstək verib: “Hazırda ölkənin 12 təşkilatı “Həssas əhali qruplarının sosial-iqtisadi hüquqlarının təmin edilməsində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsini BMT İnkişaf Proqramı ilə birgə həyata keçirir. Mingəçevir Valideynlər  Assosiasiyası  İctimai Birliyinin “Hesabatlılıq, daha yaxşı idarəetmə və yerli icmaları gücləndirmək məqsədilə vətəndaş cəmiyyətinin  məlumatını artırmaq” təşəbbüsü də bu layihənin qollarından biridir və çox uğurla icra olunur”.

Xanım Nerisanu qeyd edib ki, məqsəd açıq məlumatların daha geniş yayılmasına, hər kəsin əlçatarlığına şərait yaratmaqdır.   

“Mingəçevir işıqları” qəzetinin baş redaktoru, “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinin prezidenti  Fərman Nəbiyev layihə təşəbbüsü və “Data Jurnalistika” kitabı barədə ətraflı məlumat verib. O, diqqətə çatdırıb ki,  Çexiyanın TOL və Polşanın “Linking Media” təşkilatları ilə birgə gerçəkləşdirilən təşəbbüsə 2016-cı ilin oktyabrından başlanıb: “Biz ötən müddətdə Bakıda, Mingəçevirdə və Şəkidə mitap təlimləri, 6 rayonda məsləhət görüşləri, KİV, QHT və dövlət nümayəndələri üçün Mingəçevirdə və Avropanın iki ölkəsində (Çexiya və Bosniya-Hersoqovina) təlim və konfranslar təşkil etdik. Hazırda onlayn təlimlərə başlamışıq. Eyni zamanda “Data Jurnalistika” kitabı tərcümə olunaraq,  veb səhifədə yerləşdirilib”.

Fərman Nəbiyev qeyd edib ki, çoxsaylı müəlliflərin töhfə verdiyi bu kitab Məlumat Jurnalistikası ilə maraqlanan və bu sahədə çalışan hər bir kəs üçün əvəzsiz  mənbədir: “Kitab müəlliflərinin dediyi kimi, biz ümid edirik ki, bu kitab sizə işə necə başlamağa, irəli gedə bilmək üçün nəyə baxmaq lazım olduğuna kömək edəcəkdir. Misallar və təlimatlar yorucu olmaqdan daha çox illustrasiyalarla zəngindir. Biz bu qədər çox vaxtımız, enerjimiz və səbrimiz olduğuna və bu vaxtdan çox səmərəli istifadə etdiyimizə görə özümüzü çox xoşbəxt sayırıq. Ümid edirik ki, bu kitab müraciət edilməli bir faydalı mənbə olmaqla yanaşı, meydana gəlməkdə olan hərəkatın həyəcanı, görüntüsü və enerjisini sənədləşdirir. Bu kitab səhnələrin, hekayələrin arxasında nəyin baş verdiyini göstərməyə cəhd edir”. 

Mingəçevir Media Mərkəzinin nümayəndəsi Ramin Cəbiyev layihə çərçivəsində Mingəçevir və Praqada keçirilən təlimlərdə əldə etdiyi bilgilər vasitəsilə verilənlər bazasından istifadə etməklə məzmunun əlavəsinə çevrilən diaqram və cədvəllərin müxtəlif proqramlarda necə hazırlandığını nümayiş etdirib.

Müzakirədə çıxış edən Mingəçevir Dövlət Universitetinin İqtisadiyyat kafedrasının müdiri Cəmilə Musayeva qeyd edib ki, mahiyyət etibarı ilə təqdim olunan vəsaitdən müasir media və  jurnalistika sahəsi ilə bərabər müəllimlər də faydalana bilər: “Çünki biz də informasiya bilgiləri alaraq,  təhsil alan tələbələrə onun aşılanmasında maraqlı tərəfik. Tədris prosesində müəllimlərimiz açıq məlumat portallarından istifadə etməklə, mühazirələri əyani, innovativ təlim metodları ilə təşkil edirlər. Tələbələrin diqqətini üzücü mühazirələr ilə deyil, vizual elementlər vasitəsilə cəlb etməyi daha məqbul sayıram.  Düşünürəm ki, bu kitabın gələcəkdə dərs vəsaiti kimi tədrisi də mümkündür”.

Riyaziyyat kafedrasının baş müəllimi Möhübbət Əhmədov bildirib ki, “Data Jurnalistikası” adı altında təqdim olunan kitab  sözün əsl mənasında informasiya kommunikasıya texnologiyasının jurnalistika sahəsinə tətbiqi kimi başa düşülməlidir: “Burada verilənlər üzərində internet txnologiyalarından istifadə olunmaqla nəzərdə tutulan nəticələrin əldə olunması, yadda saxlanması və ötürülməsindən söhbət gedir. Təqdimatda göstərildiyi kimi, infoqrafika, animasiyalar və müxtəlif şablonlar problemin sürətli həlli üçün köməklik göstərir. Düşünürəm ki, müasir təhsilin yeni standartlarında yəqin ki, bunları nəzərə almaq, Data Mining, Big Data və s. bu kimi verilənlərin intelektual analizi metodlarından istifadə etməklə daha əhəmiyyətli nəticələr əldə etmək mümkündür” ,

Möhübbət Əhmədov vurğulayıb ki, universitetin tələbələri Mingəçevir Media Mərkəzi ilə əlaqəli müxtəlif layihələrdə aktiv iştirak edirlər: “Tələbələrimiz üçün 2 dəfə təşkil olunan mitap təlimləri çox faydalı oldu. Müəllim və tələbələrimiz üçün belə təlimlərin davamlı olacağına ümid edirəm”.

 MDU-nun baş müəllimi, İnformasiya Kommunikasiya Mərkəzinin direktoru Elnur Xəlilov bu kimi mütərrəqi üsullara orta məktəb səviyyəsində başlanmasını daha məqsədəuyğun hesab edib: “Bir çox orta məktəblərdə belə hesab edirlər ki, İKT ancaq kompüteri açıb-bağlamaqdır. Halbuki gənclər ali məktəbə gələrkən bir çox tətbiqi proqramlardan xəbərdar olmalıdırlar”.

Müzakirədə çıxış edən BMT İnkişaf Proqramının nümayəndəsi Gülşən Rzayeva deyib ki, ölkəmizin ali təhsil məktəblərində böyük həcmli mühazirələr yazdırmaqla tələbələri inkişaf etdirmək mümkün deyil: “Tələbələr yenilik axtarışındadır. Sözü gedən vəsaitdən, cədvəllərdən, illüstrasiyalardan istifadə etməklə təhsildə yeni inkişafa, tədrisin keyfiyyətini yüksəltməyə nail olmaq mümkündür”.     

 ***

Bundan sonra Avropa İttifaqının Proqram meneceri xanım  Alexandra Nerisanu Mingəçevir Media Mərkəzinə gələrək, layihənin icra vəziyyəti və nəticələri ilə bağlı MVA nümayəndələri ilə fikir mübadiləsi aparıb. 

Məqalə Qiyməti