“Region Gənclərinin İntellekt Akademiyası” adlı layihəyə yekun vurulub

:
"Region Gənclərinin İntellekt Akademiyası" layihəsinin final mərhələsi

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, "Mingəçevir Gənclər Evi" Sosial Xidmət Müəssisəsinin təşkilati dəstəyi ilə "İşıqlı Gələcək" Gənclər İctimai Birliyinin həyata keçirdiyi "Region Gənclərinin İntellekt Akademiyası" layihəsinin final mərhələsi baş tutub.

Qeyd edək ki, layihə 3 ay müddətində davam edib. Layihə çərçivəsində Mingəçevir Dövlət Universiteti, Mingəçevir Turzim və Mingəçevir Tibb Kolleclərinin tələbələri, həmçinin şəhər və yaxın bir neçə rayondan olan gənclər arasında "Nə? Harada? Nə zaman?" və “Xəmsə” formatlı İntellektual yarışlar keçirilib.

Hər seçim turunda ən yüksək bal toplayan 2 komanda final mərhələsində iştirak etmək hüququ qazanıb. Layihənin finalı isə məhz “9 noyabr – Dövlət Bayrağı Günü”nə, eyni zamanda Mingəçevir şəhərinin 69 illiyinə həsr edilib.

Finalda ali, orta-ixtisas təhsil müəssisələrinin tələbələri, şəhər gəncləri və həmçinin  Ağdaş rayonunun bir komandası təmsil olunub. Gərgin və maraqlı keçən yarışın nəticəsi olaraq Ağdaş rayonunu təmsil edən "Panteon" komandası layihənin qalibi olub. İkinci yeri Mingəçevir şəhərini təmsil edən "Revolver" komandası, üçüncü yeri isə Mingəçevir Dövlət Universitetinin "Light City" komandası tutub.

Layihənin bağlanış günündə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun əməkdaşı Mübariz Qədirov, Mingəçevir Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Sahib Əliyev, Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli və "Mingəçevir Gənclər Evi" Sosial Xidmət Müəssisəsinin direktoru Tural Kərimov qonaq qismində iştirak ediblər.

Məqalə Qiyməti