Nə səbəbə qadınlar hələ də kişilərlə rəqabət aparmaq iqtidarında deyil?

: “Qadinlarin İqtisadi Səlahiyyətləndirilməsi və Bərabərlik Hüququnun Təmin Edilməsində Maraqlı Tərəflərin əməkdaşlıq imkanları” mövzusunda dəyirmi masa
“Qadinlarin İqtisadi Səlahiyyətləndirilməsi və Bərabərlik Hüququnun Təmin Edilməsində Maraqlı Tərəflərin əməkdaşlıq imkanları” mövzusunda dəyirmi masa

Dekabrın 22-də Mingəçevir Media Mərkəzində maraqlı tərəflərin iştirakı ilə “Qadinlarin İqtisadi Səlahiyyətləndirilməsi və Bərabərlik Hüququnun Təmin Edilməsində Maraqlı Tərəflərin əməkdaşlıq imkanları” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masa Avropa Birliyinin dəstəyi və BMT İnkişaf Proqramının icra etdiyi “Həssas əhali qruplarının sosial-iqtisadi hüquqlarının təmin edilməsində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” proqramı ​çərçivəsində təşkil edilib. Məqsəd qadınların səlahiyyətləndirilməsi üzrə müxtəlif tərəflərin – dövlət qurumları, özəl sektor, vətəndaş cəmiyyəti və bələdiyyələrin rolu və vəzifələri barədə müzakirələr aparmaq və onların işinin koordinasiyasını təşkil etmək olub. Tədbirə Mingəçevir,  Şəki, Oğuz, Yevlax, Ağdam, Tərtər, Balakən rayonlarından dövlət, özəl və icimai sektoru təmsil edən  24 iştirakçı qatılıb.

Proqrama daxil olan “Azərbaycanın bölgələrində hüquqi çərçivə və qadınların sosial-iqtisadi səlahiyyətləndirilməsi vasitəsilə gender bərabərliyinin təşviq edilməsi üçün gücləndirilmiş vətəndaş cəmiyyəti dəstəyi” layihəsi üzrə BMT-nin baş məsləhətçisi, Demokratik Monitor təşkilatının rəhbəri Fuad Həsənov layihə çərçivəsndə görülən işlər barədə məlumat verib.

Gender üzrə ekspert Gülnaz Ələsgərova “Bərabərliķ hüququ, gender yanaşması və qeyri-ayrı-seçkilik daha geniş insan hüquqları çərçivəsində” danışıb. O çıxışında ayri-seçkiliyin aradan qaldırılmasında munasib tədbirlərin görülməsinin vacibliyi, Azərbaycan üzrə baza təhlili sənədində durum üzrə mühüm tapıntıları iştirakçıların diqqətinə çatdırıb. G.Ələsgərova həmçinin qadınların iş seçimində alternativ imkanların yaradılmasının, onlar üçün məhdudiyyətlərin tətbiqinin əleyhinə olduğunu bildirib.  

BMT-nin layihə üzrə qadınların səlahiyyətləndirilməsi sahəsində eksperti Samir Əliyev qadınların sosial-iqtisadi sahədə səlahiyyətləndirilməsi sahəsindəki ümumi vəziyyət barədə məlumat verib. O, biznes prosesinin mərhələləri, qadın sahibkarlarının maliyyə resurslarına əlçatanlığı və əmək bazarında iştirakı, şəbəkələşmə, kommunikasiya və informasiya texnologiyalarından səmərəli istifadə məsələlərini iştirakçılaın diqqətinə çatdırıb.

Onun sözlərinə görə, maliyyə müstəqilliyin əsas təminatçısı olan qadın sahibkarlığı son illər inkişaf etsə də hələ ki, kişilərlə rəqabət aparmaq iqtidarında deyil. Sahibkarlıqda kişilərin hökmranlığı qalmaqdadır və hazırda kişi sahibkarların sayı qadın sahibkarlardan 4 dəfəyədək çoxdur. Qadın fərdi sahibkarın ümumi sahibkarlıqda payı 21%-dir. Ancaq 2015-ci illə müqayisədə qadın fərdi sahibkarların payında artım müşahidə edilir. Sevindirici haldır ki, bu artım əsasən regionların hesabına baş verir.

Sonda qadınların sosial-iqtisadi sahədə səlahiyyətləndirilməsi istiqamətində maraqlı tərəflərin maraqlarının nəzərə alınması və onların rolunun artırılması yolları barədə müzakirələr aparılıb. Ağdam məktəbinin müəllimi, Mingeçevirdə məskunlaşan Mehparə Quliyeva əsas diqqəti erkən nikahın fəsadlarına, ailədaxili şiddətlərə yönəldib. Yevlax rayonunda icma sədri Soniya Ridvanova neqativ halların aradan qaldırılmasında ictimai qınağın, ailədaxili qarşılıqlı anlaşmanın vacibliyini qeyd edib.

Maraqı tərəflərin səsləndirdiyi rəy və təkliflərin sistemləşdirilərək gələcəkdə müvafiq qurumlara göndərilməsi qərara alınıb. Sonda respublikada fəaliyyət göstərən mərkəzi və regional qadın krizis mərkəzlərinin ünvanları iştirakçılara paylanıb.  

Məqalə Qiyməti