Hasilat sənayesində şəffaflıq prosesi ilə bağlı məlumatlandırma sessiyası

: Mingəçevir Media Mərkəzində məlumatlandırma sessiyası
Mingəçevir Media Mərkəzində məlumatlandırma sessiyası

Regional İnsan Hüquqları və Media Mərkəzi Mingəçevir şəhərində məlumatlandırma sessiyası keçirib. Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi verdiyi “Regionda təhsil alan tələbələr və region jurnalistləri arasında “Hasilat Sənayesində Şəffaflıq” prosesi ilə bağlı məlumatlandırma sessiyalarının keçirilməsi” layihəsi çərçivəsində təşkil olunub. Mingəçevir Media Mərkəzində keçirilən maarifləndirmə xarakterli tədbirin məqsədi Azərbaycanda Hasilat Sənayesində Şəffaflıq təşəbbüsünün tətbiqi prosesi, 2016-cı il üzrə Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə illik hesabat məlumatlarının sadə dillə və anlaşıqlı şəkildə tələbələrə çatdırılması idi. Tədbirdə Mingəçevir Dövlət Universiteti, Mingəçevir Turizm Kolleci və Mingəçevir Tibb Kollecinin 33  tələbəsi iştirak edib.

Tədbirdə çıxış edən  Regional İnsan Hüquqları və Media Mərkəzinin sədri Xalid Kazımov tədbir iştirakçılarını salamlayaraq Hasilat Sənayesində Şəffaflıq təşəbbüsünün Azərbaycan üçün əhəmiyyətini vurğulayıb. Xalid Kazımov bildirib ki, həyata keçirilən layihə Hasilat Sənayesində Şəffaflıq prinsiplərinin təbliği, HSŞ hesabatı barədə məlumatların regionda təhsil alan tələbələr, region mediasında çalışan jurnalistlərə çatdırılmasını nəzərdə tutur: “Uzun illər neft, qaz və mineral ehtiyatlarla zəngin olan əksər ölkələrdə yoxsulluq, mübahisə və korrupsiya halları müşahidə olunub. Bu sahədə çatışmayan şəffaflıq və hesabatlılığın təmini məqsədi ilə 2002-ci ildə yeni təşəbbüs irəli sürülüb. Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) neft, qaz və mədən sənayesində şəffaflıq üzrə qəbul olunan qlobal standartdır. Azərbaycan Mədən Hasilatında Şəffaflıq Təşəbbüsünə qoşulan ilk ölkə olmaqla yanaşı, həm də 2005-ci ildə MHŞT sahəsində ilk hesabatını açıqlayıb. 2015-ci ildə statusu aşağı salınsa da, yeni standartın (Sidney 2013) tələbinə uyğun hazırlanan MHŞT hesabatını ictimaiyyətə açıqlayan ilk ölkə də Azərbaycan olub. 2017-ci il martın 8-9-da Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün Beynəlxalq İdarə Heyətinin 36-cı iclasında isə Azərbaycanın MHŞT-dəki fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub. Bu qərardan sonra Azərbaycan hökuməti ölkənin MHŞT-ni tərk etdiyini bəyan edib. Azərbaycan eyni zamanda bəyan edib ki, MHŞT-nin prinsiplərini deyil, bir təşkilat kimi MHŞT-ni tərk edir.

Prezident İlham Əliyevin 2017-ci il 5 aprel tarixli fərmanı əsasında Azərbaycanda Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya yaradılıb. Bu gün Azərbaycan hasilat sənayesində şəffaflıq və hesabatlılıq standartlarının tətbiqini beynəlxalq prinsiplər əsasında davam etdirir”

Daha sonra tədbirdə məruzə ilə çıxış edən İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri, iqtisadçı Azər Mehtiyev bildirib ki, 2004-cü ildən  başlayaraq Azərbaycan hər il MHŞT üzrə hesabat açıqlayır: “2013-cü ildə Sidneydə keçirilən MHŞT üzrə 6-cı Beynəlxalq Konfransda MHŞT üzrə yeni Standart qəbul edilib.  MHŞT Standartı əhaliyə daha etibarlı, münasib və lazımlı informasiyanın çatdırılmasını həvəsləndirib, daha genişmiqyaslı islahatlar üçün zəmin yaradıb. Standarta daxil edilən bəndlər MHŞT hesabatlarını əhali üçün daha anlaşıqlı etməklə hökumət və şirkətlər tərəfindən təsdiq edilən rəqəmlərin etibarlılığını təmin etməyə, mineral ehtiyatlardan daxil olan gəlirlərin şəffaflığının daha da artırılmasına xidmət edir.

Azərbaycan 2013, 2014 və 2015-ci illər üzrə hesabatını MHŞT Standartın tələbinə uyğun hazırlayıb. Ölkə MHŞT-ni tərk etsə də, Standartın tələblərinə uyğun hesabat açıqlamağa davam edir. 2016-cı il üzrə HSŞ hesabatında Hasilatın Pay Bölgüsü sazişi barədə, eləcə də SOCAR-ın sosial xərcləri barədə məlumatlar genişləndirilib. Artıq hesabat çap edilərək ictimaiyyətə təqdim olunub”.

Məruzəçi daha sonra tədbir iştirakçılarına HSŞ-nin mahiyyəti, vətəndaşların HSŞ ilə bağlı məlumatları əldə edə bilmələri üçün mövcud olan elektron resurslar, bu sahədə çalışan şirkətlər barədə məlumat verib.

Azərbaycanın neft strategiyası ilə bağlı danışan ekspert ölkəmizin neftdən əldə etdiyi gəlirlər və onların xərclənməsi istiqamətləri ilə bağlı məsələlərə toxunub.

Daha sonra Azərbaycanın 2016-cı il üzrə HSŞ hesabatı ilə bağlı danışan məruzəçi hesabatda əksini tapan məlumatları iştirakçılarla bölüşüb.

Hasilat Sənayesində Şəffaflığın təmin olunmasının vacibliyinə vurğulayan ekspert neftlə zəngin ölkələrin bu təbii sərvətlərdən səmərəsiz istifadə etməsi nəticəsində bu gün düşdüyü ağır durumu xatırladıb.

Daha sonra məruzəçi Azərbaycanın açıqladığı 2016-cı il üzrə HSŞ hesabatında əks olunan məlumatlar, həmin məlumatlardan sadə insanların faydalana bilmək imkanları, bu sahəyə ictimai nəzarətin təmin olunmasında gənclərin  rolu barədə iştirakçılara məlumat verib.

Sonda isə tədbir iştirakçılarının sualları cavablandırılıb.

Məqalə Qiyməti