Mingəçevirdə mənzil mülkiyyətçilərinin ilk müştərək cəmiyyəti təsis olundu

: Yadigar Mənsurov 7 və Abdulla Şaiq 7 ünvanlarında yaşayan mənzil mülkiyyətçilərinin təsis yığıncağı
Yadigar Mənsurov 7 və Abdulla Şaiq 7 ünvanlarında yaşayan mənzil mülkiyyətçilərinin təsis yığıncağı

İyulun 1-də  Mingəçevir şəhərinin Yadigar Mənsurov 7 və Abdulla Şaiq 7 ünvanlarında yaşayan mənzil mülkiyyətçilərinin təsis yığıncağı keçirilib. Elan olunub ki,  iki binada 150 ailə yaşayır. Onlardan 90-ı yığıncağa qatılaraq, “Mingəçevir-1” MMMC-nin  təsis  olunması lehinə səs veriblər.

Mingəçevir Bələdiyyəsinin komissiya sədri Zahid Qasımlının dediyinə görə, binanın birində 100, digərində 50 ailə yaşayır: “Təşəbbüs qrupu tərəfindən onların hər birinə iclasın tarixi və gündəliyi barədə qabaqcadan bildiriş göndərilib. Eyni zamanda hər bir fərdi mənzilin sahibi ilə söhbətlər aparılıb. Əslində bu prosesə 2016-cı ildən başlanıb. “Mingəçevir  Valideynlər Assosiasiyası” İctimai  Birliyi  o  zamandan bəri  Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının proqramı üzrə Mingəçevirdə çoxmənzilli binaların mənzil mülkiyyətçiləri tərəfindən idarə olunmasına praktiki və hüquqi yardımlar göstərir. İndiyədək  sakinlər çoxsaylı təlim və görüşlərə, təcrübə səfərlərinə cəlb edilib. Bu da nəticəsi. Bir binadan  60, digərindən isə  30 mənzil mülkiyyətçisi yığıncağa qatılaraq, MMMC-nin yaradılmasına “hə”  dedi”.

İclasda MMMC-nin 9 nəfərdən ibarət İdarə heyəti və 3 nəfər olmaqla Nəzarət-Təftiş Komissiyası seçilib. İdarə heyətinin sədri, Qarabağ qazisi Əbülfət Babayevə  MMMC-nin dövlət qeydiyyatı ilə bağlı müvafiq dövlət orqanına müraciət etmək , bununla əlaqədar bütün zəruri sənədləri imzalamaq səlahiyyəti verilib. Ə.Babayev bildirib ki, MMMC-nin yaradılması ərəfəsində hər iki binanın sakinləri yerli Bələdiyyənin köməyilə həyətdəki xeyir-şər mağarının təmirinə başlayıblar.

Layihənin eksperti Yeganə Nəbiyevanın dediyinə görə, MVA-nın hazırkı fəaliyyəti çoxmənzilli binaların idarə olunması ilə bağlı prosesə Mingəçevirdə və ətraf bölgələrdə təkan verəcək:  “Bu gün mənzil fondunun saxlanması ciddi məsələlərdəndir.  Sovet dövründə binalar dövlətin tabeliyində idi. İndi isə vəziyyət dəyişib. Mənzilin içi şəxsə, çölü isə dövlətə məxsusdur.  İnsanlar  yavaş-yavaş başa düşürlər ki, mənzilin içi ilə bərabər çölünə də sahib olmalıdırlar. Buna görə də MMMC-lərin və digər idarəetmə qurumlarının yaranması ehtiyaca çevrilib. Həm də bu, 2009-cu ildə qəbul olunan  Mənzil Məcəlləsinin tələbidir. Təəssüf ki, indiyədək yalnız Bakının Binəqədi, Yasamal, Nəsimi, Nərimanov, Səbail, Xətai, Suraxanı, Nizami rayonlarında və Abşeron rayonunda MMMC-lər yaradılıb. Digər bölgələrdə isə bu sahədə hərəkət hiss olunmur. Sevindiricidir ki, 2016-cı ilin  mayından Mingəçevirdə aparılan maarifləndirmə işləri, hüquqi və praktiki yardımlar öz töhfəsini verib. Yaxın günlərdə şəhərdə başqa bir MMMC-nin də təsis olunması gözlənilir”.  

MVA İB-nın Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ilə birgə “Binamızı özümüz idarə edək” devizi ilə Mingəçevirdə çoxmənzilli binaların mənzil mülkiyyətçiləri tərəfindən idarə olunmasına praktiki və hüquqi yardımların göstərilməsi layihəsi iyulun 16-da başa çatsa da, birlik fəaliyyətini davam etdirmək  niyyətindədir.           

Məqalə Qiyməti