İnternet KİV-lər: “Hörümçək toru”muz yırtıq olmasın

:
 


2014-cü il başa çatır. Bu il real həyat hadisələrinin virtual məkanda inikası baxımından yaddaqalan oldu. Azərbaycanın onlayn media məkanı ölkənin ictimi-siyasi nəbzini tutmaqla əsas informasiya təminatçısı rolunu bir az möhkəmləndirdi. İndi artıq hamı başa düşür: İnternet media onların yaşamının ayırlmaz parçasına çevrilib

Yeni Media Jurnalistlərinin təklifləri

Bəs bu torlarını hər yerə atmış “hörümçək” Azərbaycanda özünü necə hiss edir?
Hələ ilin əvvəlindən “Yeni Media Jurnalistləri” İB ölkədə internet KİV-lərin və sosial media vasitələrinin təsnifatında ciddi problemlərin olduğunu bəyan etmişdi. Mətbuat Şurası tərəfindən “İnternet media ili” elan etməsi ilə başlanan bu il onlayn media sahəsində bir çox müzakirələrə rəvac verdi. İlk növbədə qeyd etmək lazmdır ki, bu gün Azərbaycan onlayn media müstəvisi heç bir basqıya və fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı hər hansı təzyiqə rast gəlmir. Bu, postsovet məkanına və bəzi Avropa ölkələrinin bu sahədəki atdıqları addımlarına baxdqıda böyük uğur sayılmalıdır. Bizdə bu gün internet azaddır, onlayn media sərbəstdir. Təsadüfi deyil ki, məhz bu azadlığın nəticəsində internet KİV-lər artıq cəmiyyət idarəçiliyinə təsir göstərə biləcək bir həddə gəlib çatıb. Sayt lentlərində yayımlanan xəbərlərə tutduğu məmur postundan, biznesdəki mövqeyindən asılı olmayaraq biznesmen dərhal, canlı reaksiya verilməsi bunun bariz subutudur.Bu tendensiya isə özlüyündə istər məmurların, istərsə də internet jurnalistlərinin üzərinə mühüm məsuliyyət qoyur.

Arbitirə çevrilməkdə olan onlayn media

Sevindirici haldı ki, saytlara qarşı total qəzəb və uzun-uzadı məhkəmə prosesləri yoxdur. Əksinə, hamı müxtəlif saytlarda özlərinin ictimai fəaliyyəti ilə bağlı yayılan məlumatlara dair öz mövqeyinin də yayımlanmasına ciddi-cəhdlə çalışır. Onlayn media getdikcə haqlı və haqsız tərəfləri müəyyən edən arbitr funksiyalarını mənimsəməkdədir.
Qarşıda duran əsas məsələlərdən biri onlayn medianın hüquqi statusunun müəyyən edilməsidir. Hələ ki, “KİV haqqında qanun”da KİV vasitələri kimi internet media göstərilməyib. YMJ bununla bağlı öz təkilflərini bir neçə dəfə açıqlayıb. Çünki belə bir status onlayn medianın daha da inkişafına stimul verər və bu müstəvidə müşahidə olunan bir sıra pərakəndliyi aradan qaldıracaq.

Oxucu mötəbər və etibarlı sayt axtırır

Onlayn medianın mövqeləri gücləndikcə saytların mötəbərliyi və oxucu etimadı məsələsi öz aktuallığını artırır. Əvvələr “bazara” çıxarılan xəbərlərdə yoxlanılmamış, yalançı faktların mövcudluğu müşahidə olunsa da getdikcə bu məsələdə irəliləyiş özünü göstərir. Sayt rəhbərləri başa düşürlər ki, real zamanda onlarla bir monitor arxasında oturan və trafikə pul xərcləyən unikal İP-istifadəçini aldatmaq böyük risqdir. O ardıcıl bir neçə yalan xəbər gördükdən sonra asanlıqla dünən oxuduğu saytı birdəfəlik tərk edəcək. Odur ki, sayt menecerləri özəl və doğru xəbərlərin lentlərində yayımlanmasına çox meyl edirlər. Bu isə mötəbərlik qazanmaq baxımından sağlam rəqabətin yaradılması üçün əla imkanlar deməkdir. Burada əsas detallardan biri onlayn sferada etik normaların qorunması üçün zəruri olan qaydalar toplusu- Netiketdir.

Həllini gözləyən digər məsələ saytların təsnifatının müəyyən olunmasıdır. Oxucu bilməlidir ki, hansı sayt xəbər istehsal edir, hansı internet qəzetidir, hansı portal aqreqator portal sayılır. Bu onlayn media müstəvisində çox mühüm əhəmiyyət daşıyır.

Onlayn media intibah dövrünü yaşayır

Qeyd etdiyimiz bütün bu amillərin fonunda isə yeni sahə olan internet jurnalist və onun peşəkarlığı məsələsi gəlir. Ölkənin onlayn media sektorunda böyük sayda “xəbər dedektivləri” formalaşıb. Bu gün internet mediada gənclərin sayı daha çoxdur. Belə demək olarsa onlayn müstəvi məhz kreativ gənclərin sağlam ambisiyaları üzərində qurulur. Onlayn mediada işləmək qaydalarını, yeni medianın tələblərini bilmədən gənc internet jurnalistinin bu peşənin sirlərinə bələd olmaq çox çətindir. İndi şərti olaraq “offlayn media” sayılan ənənəvi qəzet jurnalisitindən fərqlənən internet jurnalist real zamanda çalışır və oxucu onu virtual olaraq təqib edir. İnternet jurnalist xəbəri özü hazırlayır, çəkir, redaktə edir, sayta qoyur və oxucuya təqdim edir. Bu zaman əvvələr heç vaxt müşahidə olunmayan bir məqam ortaya çıxır: Yazının bütün məsuliyyətini artıq redaksiya deyil, bu jurnalistin özü daşıyır.. Onlayn mediada redaksiya anlayışı isə şərtidir: O bəzən texniki funksiyaları yerinə yetrimək və bəzən də böyük miqyaslı hadisələri koordinə etmək üçün bir qərargah statusunda olur. Odur ki, ali məktəblərin jurnalistika fakultələrində onlayn media ilə bağlı ixtisasların açılması günün vacib tələbinə çevrilib.

Bütövlükdə Azərbaycanın internet KİV-ləri özünün intibah dövrünü yaşayır. Bu seqment artıq ölkənin informasiya təminatında rolunu təsdiq edib. Bu sahənin “dilini bilməyin” qızıl qaydası” isə onunla davranmağın düzgün yolunu bilməkdir.

Xaqani SƏFƏROĞLU,
“Yeni Media Jurnalistləri” İctimai Birliyinin sədri

Məqalə Qiyməti