“Bakı- 2015 I Yay Avropa Oyunları”na daha bir dəstək

:
 

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyində “Bakı- 2015 I Yay Avropa Oyunları”na həsr olunmuş tədbir keçirilib.

Öz ətrafında yüzlərlə Azərbaycan ziyalısını birləşdirən “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi mütəmadi olaraq müxtəlif layihələr həyata keçirməklə yanaşı, ölkəmizdə baş verən mədəni, ictimai, sosial aksiyalarda, tədbirlərdə yaxından iştirak edir. İctimai Birliyin ziyalıları hər zaman Azərbaycan dövlətçiliyinə, milli-mənəvi dəyərlərimizin qorunmasına xidmət edir, bu şərəfli missiyanı Birliyin hər bir üzvü özlüyündə böyük məsuliyyət hesab edir.
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri Qənbər Qurbanov bildirdi ki, bu gün “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyinin üzvü olan ziyalılar bir yerə toplanaraq, belə bir dəyirmi masa təşkil edərək ölkəmizdə həyata keçirilən dövlət siyasətini dəstəklədiyini bəyan edir. Ölkə Prezidenti cənab İlham Əliyevin və Avropa Oyunları Təşkilat Komitəsinin rəhbəri, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın bu sahədə atdığı hər bir mətin və uzaqgörən addımı dəstəklədiyini bildirir. Biz ziyalılar əminliklə bildiririk ki, dünyanın belə bir mötəbər idman yarışının Azərbaycanda keçirilməsi ölkə başçısının uzaqgörən siyasətinin vacib bir istiqamətidir. Bu oyunlar vasitəsilə Azərbaycan öz haqq səsini dünyaya daha yaxşı çatdıracaq, Azərbaycanın həm sosial, həm iqtisadi, həm də mədəni inkişafını bir daha bütün dünyaya göstərəcək. Biz belə bir məqamda ölkəmizə qarşı qarayaxma kompaniyası aparan, dövlətimizə və bugünkü iqtidar hakimiyyətinə qarşı şər və böhtan kompaniyası aparan hər bir beynəlxalq təşkilata, müxtəlif ölkələrə və fərdi şəxslərə öz etirazımızı bildirir və onları tutduqları bu iyrənc yoldan dönməyə səsləyirik!
Professor Şahlar Əsgərov - Avropa oyunlarının insanlığa, bəşəriyyətə veridiyi ən önəmli mesaj insanları sülhə, bəşəriyyəti barışa səsləməkdir. Biz yurd-yuvasından didərgin düşən, erməni işğalçılarının işğalçı və soyqırım siyasətinə məruz qalan Kəlbəcər ziyalıları olaraq da sülhün, əminamanlığın tərəfdarıyıq. Bütün dünyamıza sülh və səadət arzulayan belə bir möhtəşəm tədbirin məhz bizim ölkəmizdə keçirilməsi həm ölkə ziyalıları, həm də dövlətimiz üçün çox mühüm amildir.
Professor Məhərrəm Qasımlı - Bu mənada Azərbaycanın bugünkü uğurunu, bu beynəlxalq tədbirin keçirilməsi üçün bugünədək həyata keçirdiyi nöqsansız fəaliyyəti gözü götürməyən, ilk Avropa İdman Oyunlarına bir müsəlman dövlətin ev sahibi olmasını həzm edə bilməyən qüvvələr hər zaman olduğu kimi bu gün də öz məkrli niyyətlərini həyata keçirməkdədirlər. Ölkəmizə qarşı aramsız və nahaq qarayaxma kompaniyaları aparır, ölkəmizin imicinə zərər vurmaqdan ötrü min cürə iyrənc yola əl atırlar.
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov - Bu gün Azərbaycan dünyanın diqqət mərkəzində olan bir ölkəyə çevrilmişdir. Ölkəmiz hər il bir neçə böyük mədəni, elmi, ictimai, siyasi səpkidə olan beynəlxalq tədbirə ev sahibliyi edir. Bu il ev sahibliyi edəcəyimiz ən möhtəşəm tədbir heç şübhəsiz ki, Avropa Oyunlarıdır. Bir neçə gündən sonra ölkəmizə 6 mindən çox idmançı, yüz minlərlə idman azarkeşi, rəsmi qonaqlar və turistlər gələcəklər. Azərbaycan dünyada ilk dəfə keçirilən Avropa ölkələrinin təmsil olunduğu möhtəşəm idman oyunlarına ev sahibliyi edəcək. Azərbaycan Prezidentinin və Azərbaycan dövlətinin bu haqq işində Azərbaycan ziyalısı həmişə ölkə başçısı Cənab İlham Əliyevin və Azərbaycan dövlətinin yanında, eləcə də keşiyindədir.
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi bu qəbildən olan silsiləli tədbirləri davam etdirəcəkdir. Bununla bağlı tədbirlər planı hazırlanıbdır.Tədbirdə iştirak edən ziyalılar da öz fikirlərini bildirərək qeyd etdilər ki, belə tədbirin keçirilməsi ölkəmizin dünyada tanıdılması üçün böyük əhəmiyyət kəsb edir.

İnqilab Şirinbəyli

Məqalə Qiyməti