Ərköyünlükmü, tərbiyə azlığımı?

: Analar övladlarını çox sevirlər
Analar övladlarını çox sevirlər

Tərbiyə gənc nəsillərin yetişməsi üçün önəmli faktordur. Parlaq gələcək və qızıl nəsil yetişdirmək istəyiriksə uşaqlarımıza kiçik yaşlardan gözəl tərbiyə miras qoymalıyıq. O tərbiyə ki, vaxtilə bizə əmanət edilmişdir. Zəngin mədəniyyət və əxlaqa sahib olan bir millət olaraq nə dərəcədə bu əmanətə sahib çıxdığımızı öyrənmək istəyiriksə hər bir ailədən çıxan güzgüyə nəzər yetirməliyik. O zaman harada və necə yanlışlar etdiyimizi özümüz görəcəyik. İstər valideynlər, istər müəllimlər, istər tərbiyəçilər zaman-zaman bu mövzuda çarəsizliklərlə üz-üzə qalmışlar. Uşaqlarımızın tərbiyəsinin bizi qane etməməsinin səbəbləri müxtəlifdir. 

•Düzgün tərbiyə etdiyimizi düşünürük

Uşaq tərbiyəsi məktəbdən öncə evdə başlayır. Bir islam aliminin belə bir gözəl sözü var: "İnsanın ən birinci ustadı və təsirli müəllimi onun anasıdır." Valideynlər -əsasən də analar- övladlarını çox sevdiyindən, onlara olan şəfqətindən övladlarına məsuliyyət yükləmirlər. Eyni zamanda onların "hər istək"lərini çox zaman tərəddüdsüz həyata keçirirlər. Belə olduğu təqdirdə uşaqlarda aşırı sərbəstlik hissi meydana gəlir. Məsələn, o düşünür ki, artıq hər istəyim həyata keçməlidir, hər yerdə hər şeyi edə bilərəm və s. Evdən kənarda da bu davranışları sərgiləyə bilir və bu da yaşıdları və dostları arasında anlaşılmazlığa gətirib çıxarır. Uşaqları bu şəkildə yetişdirmək müəllim və tərbiyəçilər üçün də ciddi mənada çətinliklər yaradır. Bunu aradan qaldırmaq üçün böyük yük yenə də valideynin üzərinə düşür.

•Kitab oxuyaq

Valideynlər kitab oxumaqdan çəkinməməlidirlər. Öyrənmənin yaşı yoxdur. Əsasən də uşaq psixologiyasına aid kitablardan və güvəndikləri pedaqoqların tövsiyələrindən yararlana bilərlər. 

•Təbii olaq

Uşaq psixologiyasında mükəmməlliyyətçilik əsas yer tutur. Pedaqogikadan da bildiyimiz kimi uşaqların müəyyən yaş dövrləri vardır ki, ətrafdakı insanları, özlərindən böyük bacı və ya qardaşı təqlid edirlər. Bu yaş dövrünü yaxşı bilməli və bu zaman davranışlarımızda diqqətli olmalıyıq. Çünki hər bir uşaq üçün ideal insan onun valideynləridir. Əgər ana və ya ata uşağa "yalan danışma" deyir və eyni zamanda özü "bura gəl, sənə bir şey verəcəyəm" dediyində bunu etmirsə bu zaman o uşaq "ideal insan" haqqında şübhəyə düşəcək və ya əslində "yalan danışmaq olar" düşüncəsinə qapılacaq. 

•İstəklərini başqa cür təmin etmək olar

Ətrafımızda o qədər istəklərindən belə məhrum olan uşaqlar varkən uşaqlarınıza bəzən bilərəkdən "yox" deyə bilməlisiniz. Həm onların halını anlatmış olarıq uşaqlara, həm də bu, onlarda mərhəmət hissini oyatmış olar. Bunun üçün başqa alternativlər də düşünə bilərsiniz, məsələn, onların istəklərini öz əməkləri ilə təmin edə bilərsiniz. Əgər bir oyuncaq istəyirsə rəngli kağızlardan, gildən və s. hazırlaya bilərsiniz.  Bəlkə də bununla övladınızın istedadını üzə çıxarmış olarsınız. 
Valideyn-övlad arasındakı yaş fərqini nəzərə alaraq övladlarınızın tərbiyəsini müəyyən yaşdan sonra tərbiyəçi və ya müəllimlərə həvalə edə bilərsiniz. Belə olduğu halda da işin ağırlığı onların üzərinə düşür. Bu mövzuda bəzi xüsuslara diqqət etmək yaxşı olardı

•Şagirdi tanımaq

Hər bir müəllim yaxşı bilir ki, şagirdlər fərqli-fərqlidir. Hər biri ayrı psixologiyaya, ayrı xarakterə malik olan, fərddən şəxsiyyətə doğru formalaşan bir insandır. Beləliklə, hər birini ayrı-ayrı tanımalı, tək-tək münasibət qurmalı, yeri gəldikdə isə səmimi söhbət etməlidir. Müəllim-valideyn, müəllim-valideyn-şagird əlaqələrini unutmamalı, telefonla, teleqram və s. vasitələrlə əlaqə saxlamalıdır. Hətta  şagirdinin evini ziyarət edərsə, bu, onun özünü müəllimi üçün dəyərli olduğunu düşünərək dərslərində daha da müvəffəqiyyət əldə etməsinə səbəb ola bilər. 

•Hər şey sevgidən başlar

Bəlkə də bilmədiyimiz və ya bilib də etmədiyimiz bir gerçək vardır-sevgi. Yuxarıda da qeyd etdiyimiz kimi öncə şagirdi tanımaq lazımdır, belə ki, bu onu sevmək üçün zəmin hazırlayır. Zənnimcə hər uşağın içində gizli bir mücəvhər vardır. Bu mücəvhərin kirini, pasını sevgi ilə təmizləyib üzə çıxarmaq və fədakarlıqla cəmiyyətə hədiyyə etmək yenə müəllim və ya tərbiyəçinin üzərinə düşür. 
  Uşaqlarımızı və onlara gözəl gələcək bəxş etməyi ürəkdən istəyiriksə bunun üçün əvvəlcə qəlibləşmiş təlim metodlarından və müəllimə və müəllimliyə nifrət oyadan cəza yollarından imtina etməliyik. SSRİ təhsil sistemini aramızda dəstəkləyən az insan yoxdur. Lakin demək istərdik ki, artıq zaman başqalaşmışdır, elm və texnika sürətlə inkişaf etmişdir. Bunun üçün də təkcə SSRİ təhsil sistemini əsas götürmək deyil, hazırda dünyanın dəyişik yerlərindəki təhsil sistemləri ilə də maraqlanıb bizə lazım olanını öz işimizdə də tətbiq edə bilərik. Əgər yetişdirdiyimiz şagird, tələbə uğur qazanırsa bu, bizim də uğurumuz sayılır. Onlar bizim qürur mənbəyimizdir. Məsələyə fərqli baxış bucağından baxaraq deyək ki, bu gün bizim yetişdirdiyimiz fidanların sabah meyvəsini dərəcəyik. Lakin bunun arzusunda olmayacaq qədər fədakar olmağı da bacarmalıyıq. 
Sonda isə uşaqlarımızı nə aşırı dərəcədə sevib (və ya sevdiyimizi sanıb) nə tərbiyədən məhrum edək, nə də onlara biganə qalaraq vicdanımızın səsini duymaz olaq. Təşəkkürlər.

Məqalə Qiyməti