Gömrük Komitəsinin sədri Mingəçevir Dövlət Universitetində

: MDU-da Dövlət Gömrük Komitəsinin sədri ilə görüş zamanı
MDU-da Dövlət Gömrük Komitəsinin sədri ilə görüş zamanı

Mingəçevir Dövlət Universitetində “Heydər Əliyev və Azərbaycan gömrüyü” mövzusunda görüş keçirilib. Universitetin rektoru Akif Hacıyev tədbirin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlət quruculuğundakı irsinə, o cümlədən müstəqil gömrük xidmətinin formalaşmasındakı roluna həsr olunduğunu diqqətə çatdırıb. Rektor Azərbaycan gömrük orqanlarının ölkənin iqtisadi təhlükəsizliyinin təmin olunmasındakı rolunu, iqtisadi inkişafa verdiyi töhfələri dəyərləndirib və bu mövzuda təşkil edilən tədbirin tələbələrin elmi dünyagörüşünün genişlənməsində, onların intellektual səviyyəsinin yüksəlməsində faydalı olacağına əminliyini bildirib.

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin mövzu ilə bağlı məruzəsi dinlənilib. Məruzədə ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, müasir müstəqil dövlətimizin yaranmasında və möhkəmlənməsində tarixi xidmətlərindən söhbət açılıb. Bütün sahələrdə olduğu kimi, gömrük xidmətinin də formalaşması və inkişafının müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin adı ilə bağlı olduğu vurğulanıb.

Qeyd edilib ki, 1992-ci il yanvarın 30-da yaradılan Dövlət Gömrük Komitəsinin fəaliyyəti ümummilli liderin hakimiyyətə qayıdışına qədər qənaətbəxş olmayıb. Məhz ulu öndərin hakimiyyətə qayıdışından sonra verdiyi tapşırıq və tövsiyələr əsasında gömrük orqanlarının fəaliyyəti üçün vacib olan qanunvericilik, maddi-texniki baza və peşəkar kadrların hazırlanması istiqamətində addımlar atılıb: “Qısa zamanda gömrük xidməti yenidən qurularaq ən müasir avadanlıqlarla təmin edilib. Gömrük Məcəlləsi hazırlanaraq tətbiq olunub və gömrük sahəsində beynəlxalq əməkdaşlıq əlaqələri qurulub”.

Komitə sədri  bildirib ki, Azərbaycanda gömrük orqanlarının yaradılmasının 5 illiyi ilə bağlı keçirilən mərasimdə Heydər Əliyev Azərbaycan gömrüyünün gələcək fəaliyyəti və inkişaf istiqamətlərinin konturlarını müəyyənləşdirib: “Məhz Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi kimi bu gün Azərbaycan Gömrük Xidməti ölkəmizin iqtisadi təhlükəsizliyinin təminatı, fiskal siyasətin həyata keçirilməsi, qaçaqmalçılıq hallarının qarşısının alınması, beynəlxalq ticarətin asanlaşdırılması və sürətləndirilməsində mühüm rol oynayır, üzərinə düşən missiyanı şərəflə yerinə yetirir”.

A.Əliyev Azərbaycan Gömrük Xidmətinin yüksək inkişaf mərhələsinə doğru irəliləməsini ölkə başçısının gömrük sisteminə qayğısının bariz nümunəsi kimi dəyərləndirib, Azərbaycan gömrük orqanlarının fəaliyyət strategiyasının ölkədə münbit ticarət-investisiya mühitinin yaradılmasına yönəldiyini və bu istiqamətdə köklü islahatlar həyata keçirildiyini, gömrük sahəsində də elm, tədris və tədqiqat fəaliyyətinə diqqət yetirildiyini bildirib: “Azərbaycan gömrük orqanlarının əsas inkişaf istiqamətlərindən biri peşəkar kadrların hazırlanması, mövcud  kadrların peşəkarlığının davamlı olaraq artırılmasıdır. Azərbaycan Prezidentinin sərəncamına əsasən yaradılan Gömrük Akademiyası artıq bir neçə ildir fəaliyyət göstərir. Gömrük təhsilinin səviyyəsinin artırılması və təbliği sahəsində də beynəlxalq əməkdaşlığa xüsusi diqqət yetirir, bir sıra təhsil ocaqları ilə əməkdaşlıq edirik. Bu istiqamətdə Azərbaycanda bir neçə beynəlxalq toplantı, həmçinin potensialın artırılması və gömrük idarəçiliyinə dair beynəlxalq tələbə konfransları keçirilib”.

Çıxışının sonunda Aydın Əliyev müəllim və tələbələrin çoxsaylı suallarını cavablandırıb,  pedaqoji və tələbə kollektivinin istifadəsi üçün gömrüklə bağlı ədəbiyyatları universitetin kitabxana fonduna təqdim edib.

Görüşdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov da iştirak edib. Başçı mingəçevirlilər adından Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyevə maraqlı çıxışına, professor, müəllim və tələbə heyəti qarşısında etdiyi məruzəyə görə təşəkkürünü çatdırıb.

Məqalə Qiyməti