Mingəçevirdə gənclər arasında debat turniri keçirilib

: Təlim və yarışlar
Təlim və yarışlar

18-19 may 2018-ci il tarixlərində “İşıqlı Gələcək” Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə, "Mingəçevir Gənclər Evi" Sosial Xidmət Müəssisəsinin ev sahibliyi və təşkilati dəstəyi ilə "İstedadlı gənclərin şəxsi məlumatlarını əks etdirən elektron bazanın yaradılması, onlara təlimlərin, həmçinin intellektual və idman yarışlarının keçirilməsi" layihəsi çərçivəsində gənclər üçün Debat təlimi və Karl Popper formatında debat yarışı keçirib.

"İşıqlı Gələcək" Gənclər İctimi Birliyinin icraçı direktoru  Rəşad Qurbanov bildirib ki, gənclərin danışıq qabiliyyətinin inkişafı, onların öz fikirlərini qarşı tərəfə çatdıra bilməsi günün əsas məsələlərindən biridir. Məhz buna görə layihə müddətində tələbə gənclər üçün debat təlimi və debat yarışının keçirilməsi nəzərdə tutulub.

Debat Klubunun sədri və təlimçi Orxan İsmayılov, aktiv debatçılardan İlkin Əsgərli və Mübarək Aydəmirov debatın yaranması və inkişaf tarixi,  hazırda əsas istifadə edilən debat formatları barədə məlumat veriblər.

Bundan sonra "Peşə seçimində valideynlərin iştirakı zəruridir" mövzusunda debat yarışı təşkil edilib. Yarışa Mingəçevir Dövlət Universiteti, Mingəçevir Tibb və Turzim kolleclərini təmsil edən tələbə gənclər qatılıblar. Final mərhələsində MDU-nun "Qarabağ" və Mingəçevir Tibb Kollecinin "MTK" komandaları üz-üzə gəlib. Daha yaxşı inandırıcılıq bacarığı olan və debat qaydalarını daha yaxşı mənimsəyən MDU  təmsilçiləri yarışın qalibi olublar.  

Məqalə Qiyməti